Səhiyyə iqtisadiyyatının tədrisinin əhəmiyyəti

Hit: 449
Səhiyyə iqtisadiyyatının tədrisinin əhəmiyyəti
İnsanın həyatında sahib olduğu ən önəmli nemətlərdən biri sağlamlıqdır. Sağlamlığın təminatı isə səhiyyə sisteminin inkişafından və tibbi xidmətlərin keyfiyyətli təminatından asılıdır. Bəs səhiyyə iqtisadiyyatının inkişafı və tibbi xidmətlərin əlçatanlığının təmin olunması üçün hansı məqamlara diqqət yetirilməlidir? Bu məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin ictimai fənnlər kafedrasının baş müəllimi, i.ü.f.d. Nigar Ələkbərova fikirlərini açıqlayıb.
 
N. Ələkbərova qeyd edir ki, əhalinin sağlamlığının qayğısına qalmaq dövlətin əsas funksiyalarından biridir: “Dövlətin strateji vəzifələrinin sırasına həm də əhaliyə keyfiyyətli və əlverişli tibbi xidmətin göstərilməsi məqsədilə səhiyyə sisteminin zəruri maliyyə resursları ilə təmin olunması daxildir. Lakin bu sahədə bütün problemləri yalnız dövlət büdcəsinin hesabına həll etmək olarmı? Nəzərə almaq lazımdır ki, dövlət sosial-iqtisadi yönümlü bir çox məsələləri həll edir. Səhiyyə iqtisadiyyatı da tibb sahəsindəki problemlərin həllinin təmin olunmasına çalışır”.
 
Mütəxəssis bildirir ki, dünya üzrə səhiyyə sistemi maliyyələşmə formasından asılı olaraq üç əsas model üzrə fəaliyyət göstərir: büdcə, sığorta və özəl model. Əksər ölkələr “qarışıq model” adlandırılan ikinci modeldən istifadə edirlər. Bu format əhalinin bütün təbəqələrinə xidmətlərin göstərilməsini nəzərdə tutur.  Bu məqsədlə  lazımi tibbi avadanlıq əldə olunur, müxtəlif ixtisaslar üzrə həkim kadrları yetişdirilir və əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilir.
 
ATU-nun müəllimi N.Ələkbərovanın sözlərinə görə, bu sahədəki iqtisadi səmərəlilik dövlətin siyasətindən birbaşa asılıdır. Bu kontekstdən yanaşdıqda, xəstələrin tibbi xidmətlərin keyfiyyətindən və sayı ilə bağlı gözləntiləri fərqli olur: “Bu da bəzən səhiyyə iqtisadiyyatının qarısında çətinliklər yaradır. Daha geniş mənada səhiyyə iqtisadiyyatının qarşısında duran vəzifələr maliyyələşdirmə mənbələri, xidmətlərin keyfiyyəti və qiymətlərinin uyğunluğu, tibbi xidmətlərə tələbat və bu xidmətlərin göstərilməsi üçün resurs bazasından ibarətdir”.
 
Ümumilikdə səhiyyə sisteminin səmərəliliyinin artırılması məqsədilə üçün əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin doğum və ölüm göstəricilərinə, əhalinin rifah halına, xidmətlərdən məmnunluq səviyyəsinə təsir dərəcəsi kimi müxtəlif göstəricilər nəzərə alınır. Burada əhalinin tibbi xidmətlərə sosial  baxımdan əlçatanlığı ayrıca söhbət mövzusudur. Çünki dövlət büdcəsindən ayrılan məhdud maliyyə resurslarının hesabına əhalinin bütün xidmətlərə ehtiyacını tam ödəyə bilmir.
 
Digər tərəfdən, çoxsaylı tibb müəssisələrinin olması da tibbi xidmətlərin kifayət qədər keyfiyyətli və əhali üçün əlçatan olmasına dəlalət etmir. Səhiyyə iqtisadiyyatı bu sahədə bütün qurumların effektiv  fəaliyyətinin təminatı üçün mexanizmlər işləyib hazırlayır.
 
Dövlət büdcəsi modelindən büdcə-sığorta sisteminə keçid kadrlar sisteminə yenidən baxılmasını, xüsusən də səhiyyə iqtisadiyyatının əsaslarını mənimsəməyi tələb edir. Çünki tibb müəssisəsinin statusunun dəyişməsi onların bütün təsərrüfat əlaqələrinin və münasibətlərinin xarakterinin dəyişməsinə səbəb olur.
 
Mütəxəssisin qeydlərinə görə, səhiyyə iqtisadiyyatı qarşısında qoyulan problemləri həll etmək üçün məsələyə kompleks yanaşma lazımdır. Çünki təkcə özəl tibbin mövcudluğu tibbi xidmətlərin keyfiyyətli təminatı ilə bağlı hüquqi aspektləri hələ də tam həll edə bilmir.
 
Səhiyyə iqtisadiyyatının əsasları, mövcud tibbi modellərin işlək mexanizmləri Azərbaycan Tibb Universitetində də tədris olunur. Çünki hansı sahədə ixtisaslaşmasından asılı olmadan, gələcəyin həkimləri mütləq iqtisadi qanunlar haqqında biliklərə sahib olmalıdırlar.
 
N.Ələkbərova tədris etdiyi “səhiyyə iqtisadiyyatı” fənni də  bu məsələləri öyrədir. Bu fənn tələbələrə tibbi xidmətlərin qiymət sistemi; onların fəaliyyətinin əsas istiqamətləri;  tibbi idarəetmənin əsasları və bir sıra başqa məqamları öyrədir. N.Ələkbərovanın sözlərinə görə, bunlar hər bir peşəkar həkimin bilməsi vacib olan məsələlərdir. Çünki müasir bazar münasibətləri şəraitində həkimlər də hansısa mənada tibbi xidmətlərin satıcılar sayılırlar və onlar xəstələrin müayinə-müalicəsi üçün rasional sxemlər seçməli olurlar.
 
Fənnin əsas məqsədi tələbələrə müasir mərhələdə səhiyyədə yaranan iqtisadi münasibətlər sistemində naviqasiya etməyi öyrətmək, onları biliklərin əsasları ilə tanış etmək və rasional maliyyə-təsərrüfat fəaliyyətində praktiki bacarıqlar aşılamaqdır. Bu kurs çərçivəsində səhiyyə sektorunda iqtisadi mexanizmlərin rolu, səhiyyə iqtisadiyyatının əsas prinsipləri, səhiyyədə bazar iqtisadiyyatı mexanizmlərinin xüsusiyyətləri, səhiyyə xərcləri və səhiyyənin maliyyələşdirilməsinin funksiyaları, tibb müəssisələrinin maliyyələşdirilməsi üsulları və tibbi sığorta haqqında məlumatlar verilir.








Redaktorun seçimi