AİKTSA əlaqələrini genişləndirir

Hit: 502
AİKTSA əlaqələrini genişləndirir
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) rəhbər heyətləri arasında görüş keçirilib. Görüşdə sığorta sektorunda rəqəmsal savadlılığın artırılması və kiber-təhlükəsizliyin təmin olunması, eyni zamanda rəqəmsal transformasiyanın sürətləndirilməsi imkanları geniş müzakirə edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev iclası giriş sözü ilə açaraq Assosiasiya haqqında və yerli sığorta bazarının mövcud vəziyyəti barədə geniş məlumat verib. Bildirib ki, hər bir sahədə olduğu kimi sığorta sektorunda da bu günün və gələcəyin reallığını rəqəmsal transformasiya təşkil edir.
 
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə heyətinin sədri Elvin Abbasov və Assosiasiyanın nümayəndələri Nicat Əlibəyli və Vüqar İsmayılov da çıxışlarında sığorta sektoru ilə əməkdaşlıq çərçivəsində təklif edə biləcəkləri yeniliklərdən söz açıblar. İrəli sürülən təkliflər sırasında yerli sığorta bazarında təqdim olunan bütün sığorta məhsullarının tam elektronlaşdırılması və sığorta məlumatları bazasının gələcək inkişaf üçün əhəmiyyətinə xüsusi toxunulub.
 
Görüşdə iki qurumun qarşılıqlı əməkdaşlıq imkanları əsas müzakirə mövzusu olub. Qarşılıqlı əməkdaşlıq çərçivəsində sığorta şirkətlərinin İT mütəxəssisləri ilə AİKTSA-nın nümayəndə heyətindən ibarət İşçi Qrupunun formalaşdırılmasına qərar verilib.
 
Qurumlar arasındakı qarşılıqlı əməkdaşlığın rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası arasında ikitərəfli Memorandum imzalanıb.








Redaktorun seçimi