Ödəniləcək tarixi bədəl

Hit: 504
Ödəniləcək tarixi bədəl

Ey dili qafil fil faili məchul fani f...

Derlər,
Tarixdə istila olunmağını məharətlə yaddan çıxardan unudulmuş oxucu, 
 
Həmişə dövlət başçılarından sitat gətirən fikir adamlarının kimliyinə bir az şübhə ilə yanaşmışam. Düşünmüşəm ki, dövlət başçılarının bəyan etdiyi fikirlər, düşüncələr siyasi konyukturaya əsaslanır. Bu siyasi səriştənin, siyasi palitranın tarazlığından ziyalı, düşünür kəsimin yararlanması baxımından çağdaş dövlətçilik və idarəçilik prinsipləri imkan verməz. 
Bütün qaydaları pozaraq Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən səsləndirdiyi fikri misal çəkirəm: " Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik.Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.
Mən bu yazıda dövlət başçısının çıxışını analiz etməyəcəm. Nəyi, hansı taleyüklü məsələni dilə gətirdiyinə görə mənim ondan sitat gətirməyimdən bəhs edəcəm. Daha konkret:  mən nə üçün prezident cənab İlham Əliyevdən sitat gətirdim və ya gətirməliyəm?
Yazar nə iqtidarın, nə müxalifətin yanında olmamalıdır- fikri aləməşayan yanaşmadır. Yazar iqtidar və müxalifətin deyil, gecə - gündüz yalnız və yalnız həqiqət bildiyinin yanında dayanmalıdır. Mən prezident İlham Əliyevin deyil, onun sözündəki gerçəyin, həqiqətin yanındayam. Millətin iki yerə parçalanması, min yerə dağılması yalan, siyasi oyun, azlığa rəvac verən çıxış ola bilməz. Nə vaxtsa tarixin o məşum çağlarında Vətənimiz ikiyə bölüşdürüldü. O gündən tariximiz iki yerə ayrıldı, varlığımız darmadağın edildi. Bizi bütöv bir coğrafiyada bütöv millət olmağa qoymadılar. Mahiyyət etibari ilə genefonddan gələn milli -törəsəl impulslarda və metafizik hesabda əsla bölünmədik. Ancaq nüfus, say və coğrafiya baxımından bölündük, parçalandıq, dağıldıq, səpələnməli olduq. Demək bu yerdə bölünən, iki yerə ayrılan, şaqqalanan həm də tariximiz oldu.
Tarixdə örnəyinə rastlanan hadisələrdən biri də alman xalqının iki yerə ayrılması olayıdır. Sosializm və dünyanın sionist burjua hökmranlığı sərxoşluğu, ilahi ədalətə etinadsızlığı sayəsində parçalanma yaşayan bu xalqın az sonra birliyi gerçəkləşdi. Bəs biz? Birləşmək, bütövləşmək səadətinin təzahürü və hürriyyət təyinatlı doğmalığı  bizim üçün keçərli deyilmi? Alman xalqının parçalanmasını və birliyini istəyən güclər, xalqımızın parçalanmasına razılıq verir, ancaq birləşməyini nəyə əsasən, nəyə görə uzadırlar? Almanın birliyini istəyən güclər bizim birliyimizi də istəyən eyni güclər deyilmi?
Bəs bir millətin, bir xalqln, tarixin, mədəniyyətin, coğrafiyanın istəyi, birlik İSTƏYİ harda qaldı?
Bizimlə almanların, bizim bölünməyimizlə almanların bölünməsinin, bizim bütövlüyümüzlə almanların bütövlüyünün fərqi varmı? Varsa, onların bu fərqliliyi, özəllikləri tarixə qırğın qopardacaq, tozu dumana qatacaq hansı həssasiyyəti diktə edir? Çağdaş reallığa nələri oxuyur, təlqin edir?
 
Derlər,
Gələcək taleyi ilə bağlı bütün ideallarını dövlətin üzərinə atan unudulmuş oxucu, 
 
Almanlar bizlərdən fərqli olaraq bölünməyə şəraiti və səbəbkarlığı öz hərəkətləri, milli məsuliyyətləri, tarixi gedişatdakı missiyaları ilə qazandılar. Əgər ikinci dünya savaşında almanlar məğlub olmasaydılar, bölünməyəcəkdilər. Əksinə dünyaya sahib çıxacaqdılar. Üstəlik, Azərbaycan türklərinin bölünmüş əraziləri danışıqlar və verilmiş vədlər üzərinə bütövləşəcəkdi. Hətta indiki İran və İranın tərkibindəki bütün ərazilər bizimlə birgə ( Quzey Azərbaycan nəzərdə tutulur:-x.t.) tam bir dövlət modeli olaraq Azərbaycan türklərinin varlıq bütövlüyü ilə özünü ifadə edəcəkdi.
Almaniya, yəni faşizm məğlub olduğuna görə onun əzabını, cəzasını alman xalqı çəkməli oldu. Beləcə, alınan qərarla Almaniya bölündü. Məni bir sual maraqlandırır. O günkü şərtlərdə nəyə görə bu qədər qırğına səbəb yaratmış Almaniya haqqı olan dövlətlər arasında bölünmədi, inhisara alınmadı?  Ən azından SSRİ, ABŞ, İngiltərə və Fransa arasında müəyyən şərtlərlə bölünməklə pay - pülüş edilmədi?
İkinci bir sual ortaya çıxır ki, əgər hər hansı bir Şərq, türk və yaxut müsəlman dövlətlərindən biri eynən Almaniyanın yerinə dünyay savaş açmış olsa idi, o dövlətə qarşı hansı tədbirlər görüləcəkdi? Məsələn, Türkiyə, Almaniyanın iştəklərini ikinci dünya müharibəsi ərəfəsində dünyaya eyni narahatlığı yaratsaydı, Alman xalqına qarşı göstərilən qarşılığın eynisini ona da edəcəkdilərmi? Məncə, yox. Nədən? Çünki bu gün şərq, müsəlman və türk kökənli dövlətlərin hər biri heç bir narahatlıq yaratmadığı halda, tam olaraq böyük imperialist və sionist dövlətlər tərəfindən məharətlə kölələşdirilir. Gücləri yetmədiyi təqdirdə daxili problemləriylə onları zəiflədir, üstəlik dəyişik adlar altında eyni missiyaya xidmət edən terror təşkilatları yaradıb başlarına bəla açırlar.
 
Derlər,
“Təbriz” adını duyanda dodaqları yüz yerdən partlayan unudulmuş oxucu, 
 
Məsələnin mahiyyəti bu yerdə ikən, məncə almanların bölünmə və birləşmə durumuyla bizləri müqayisə etmək kəsinliklə doğru deyil. Çünki məsələnin başından tarixi və mədəni ayrıntılar özünü açıq göstərməyindədir.
Azərbaycan türklərinin taleyini üç məsələ şərtləndirir:
1. Yeraltı enerji resurslarının bolluğu və özəlliyi. 
2. Şərqdə və dünyanın önəmli coğrafi məkanında yer alması. 
3. Türk və müsəlman olma kimliyi.Türk və müsəlman olma kimliyinin qarşılığında xristian və anqlosakson ortaq mədəniyyətinin tarixdən gəlmə səlib yürüşündən qalma mədəniyyət instiktinin təlqinləri. Çağdaş dünyanın ümumdünya siyasi gedişatına uyğun siyasi otmosferin yeni dünya düzəninə verəcəyi, qazandıracağı avantaj.
Əgər bir ölkənin ərazisi haqsız yerə, heç bir səbəb olmadan uzun illər, özəlliklə neçə əsr işğalda qalıb, (1828 - dən bu günə kimi:-x.t.) başqa dövlət tərəfindən bölünübsə, mütləq o ölkənin haqqı, bədəli ödənilməlidir. Azərbaycan İran tərəfindən işğal edilərək qəsb olunaraq parçalanmışdır. Bunun bədəli ya müəyyən şərtlər hesaba qatılaraq qarşılığı ödəncə (konpensasiya) bağlanmalıdır. Ya da haqsız olan tərəfin bir o qədər ərazisi eyni zaman, tarix aralığında (ölçüsündə) Azərbaycan xalqının ixtiyarına buraxılmalıdır. Eləcə də, ruslara və digər sömürgəçi dövlətlərə qarşı bu prinsiplər gerçəkləşdirilməlidir. Əks təqdirdə tarix də, mədəniyyət də, insanlıq da öz şəklini itirməli olar.
Hər şeyin tarixdə mütləq bir bədənli şəksizdir. Əgər bu bədəli xalq dərk etməyib itirilmiş tarixi və mədəni, coğrafi haqqını geri almazsa, xalqın gələcək zamanlarda digər bir dövlət tərəfindən yenidən istilaya, köləliyə, parçalanmağa getməyi haqqınadır.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi