Azərbaycan-Albaniya dostluğu böyük etimada əsaslanır

Hit: 324
Azərbaycan-Albaniya dostluğu böyük etimada əsaslanır
 
Azərbaycan ilə Albaniya arasında yaxın dostluq münasibətləri mövcuddur. Hər iki ölkə bütün sahələrdə əlaqələrin inkişaf etməsi üçün mühüm işlər görürlər. Albaniya Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdən biridir. Azərbaycan və Albaniya arasında çox mühüm layihələr həyata keçirilir. Bunlardan biri də TAP layihəsidir ki, bu, həm Azərbaycan-Albaniya hökumətləri, həm regiondakı digər ölkələr arasında gerçəkləşdirilən layihədir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləri kimi Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı vacib rol və Albaniyanın tranzit imkanları diqqətə alınmaqla iki ölkənin enerji sahəsində əməkdaşlığı ikitərəfli münasibətlərdə ön plana çıxır. Azərbaycan investorları gələcəkdə Albaniyada investisiya qoymaqda maraqlıdır. İqtisadi əməkdaşlıq, eləcə də mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün çox böyük imkanlar var.
 
Azərbaycan və Albaniya dost və tərəfdaş ölkələrdir, ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də bunun bariz sübutudur. Albaniya keçmiş Qarabağ münaqişəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib.
 
Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr 1993-cü ilin sentyabr ayının 23-də qurulmuşdur. 2023-cü ildə Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
 
15 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərinə rəsmi səfəri baş tutmuşdur. Prezident İlham Əliyev burada ölkələr arası əlaqələrə toxunaraq demişdir: “Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Siyasi dialoqun çox güclü dinamizmi var”.
 
Müstəqilliyimizin ilk illərində olduğu kimi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirən Dövlət başçısı cənab İlham Əliyev Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd etmişdir. Səfər zamanı Prezident İlham Əliyev bu dəstəyi yüksək qiymətləndirərək demişdir: “Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.
 
Göründüyü kimi Azərbaycan-Albaniya dostluğu və əməkdaşlığı, ümumiyyətlə, qarşılıqlı əlaqələrin böyük etimada əsaslandığını hər addımda sübut etməkdədir.
 
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı








Redaktorun seçimi