Xalqın etimadının 30 illik ünvanı

Hit: 444
Xalqın etimadının 30 illik ünvanı
“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yaratmaq üçün ona müraciət edən ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda bu cümlələrdə qeyd etdiyi və fəaliyyətə başladığı gündən Azərbaycanın taleyində dönüş nöqtəsi yaratmış Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyidir.
 
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə çətin və keşməkeşli dövründə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir vaxtda ictimai tələb əsasında tarixi-siyasi zərurətdən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaranmışdı. Dövlət müstəqilliyimizin bərpasının ilk dövrünü əhatə edən həmin illərdə ölkədə ağır xaos, özbaşınalıq, hərc-mərclik, anarxiya hökm sürür, dərin iqtisadi, siyasi, sosial, mənəvi böhran yaşanır, əhalinin sosial vəziyyəti gündən-günə ağırlaşır, həyat iflic vəziyyətinə düşürdü. Üstəlik, hakimiyyətsizlik, böhran şəraitində Azərbaycan dövlətçiliyi təhlükə altında idi, mənfur qonşumuz Ermənistan Azərbaycanın torpaqlarını işğal edir, ölkədə vətəndaş müharibəsinə yol açan gərginlik, siyasi çəkişmələr yaşanırdı. Bu dövrdə yaradılan partiyalar ölkəni bu ağır iqtisadi, siyasi, mənəvi böhrandan qurtara bilmir, əksinə hakimiyyətdəki siyasi qüvvələr vəziyyəti daha da uçuruma sürükləyir, böhranı dərinləşdirirdi.
 
Belə bir şəraitdə yeni, böyük, əzəmətli bir partiyaya, ölkəni düşdüyü bu dərin girdabdan çıxaracaq, xalqı, dövləti ətrafında birləşdirəcək, onun xilaskarı, nicat yolu olacaq güclü siyasi liderə ehtiyac var idi. Xalqın ümid yeri görkəmli dövlət xadimi, təcrübəli siyasi lider, dahi insan, müdrik şəxsiyyət Heydər Əliyev idi. Bütün bunları nəzərə alan 91 nəfər görkəmli, cəsur, təqiblərdən qorxmayan, Azərbaycanın taleyini düşünən ziyalı xalqın böyük əksəriyyətinin arzu və istəyini ifadə edərək güclü bir partiyanın yaradılması təşəbbüsünü irəli sürdü və 1992-ci il oktyabrın 16-da “Əlincə” Cəmiyyətinin nəşr etdirdiyi “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” deyə müraciət etdi. Bu müraciətdən sonra Ona olan ehtiyaca, inama, ümidə biganə qalmayan dahi lider xalqının səsinə səs verdi, dövlətçiliyinin xilası naminə böyük məsuliyyəti, taleyüklü məsələni öz üzərinə götürərək yeni partiyanın yaradılmasına və o partiyaya rəhbərlik etməyə razılaşdı. Lakin həmin vaxt hakimiyyətdəki şəxslər Naxçıvan Muxtar Respublikasında olan dahi liderin Bakıya gəlməsinə müxtəlif maneələr yaradır, səbəbsiz əngəllər törədirdilər. Belə olan şəraitdə partiyanı təsis etmək istəyən şəxslərin bir qismi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana yollanaraq orada partiyanın təsis konfransını keçirməyə nail oldu. 1992-ci il noyabr ayının 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar verildi, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, dahi lider yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, Azərbaycan tarixinin taleyini dəyişdirən, ölkəmizin həyatında yeni bir mərhələyə yol açan, onun inkişafını təmin edən, siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yaradıldı. Bu partiya və onun rəhbəri Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya, müqəddəs vəzifə götürmüşdü. Xalqının, dövlətinin gələcəyini, rifahını düşünən, uğurlu strateji kurs həyata keçirərək milli birliyi təmin edən liderin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanda yeni mərhələnin başlanğıcı, siyasi proseslərin dönüş nöqtəsi oldu. 1993-cü ildə Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin istəyi, təkidli tələbi sayəsində Prezident vəzifəsinə seçilməsi ilə ölkəmizin böhrandan, ağır vəziyyətdən, hərc-mərclikdən xilas olma prosesi başladı. Ümummilli lider Heydər Əliyev gecə-gündüz, yorulmadan, böyük iradə ilə çalışaraq böhranı, qeyri-sabitliyi cilovladı, ölkəni, xalqı ağır vəziyyətdən xilas etdi, genişmiqyaslı islahatlar həyata keçirməklə inkişaf strategiyasının təməlini qoydu. Onun hakimiyyətə gəlişi həm də xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsası oldu. Məhz xalqın dəstəyi, onun liderinə olan böyük inamı sayəsində Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrilərək Azərbaycan tarixində qazanılan hər bir uğurda öz dəst-xətti ilə seçildi. Partiya yarandığı ilk günlərdən xalqın inamını doğrultdu, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq minlərlə insan partiyanın sıralarına qoşuldu. Ümummilli Liderin tərtib etdiyi konsepsiya ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə siyasi səhnədə layiqli yerini tutmağı, dövlətçilik maraqlarının sadiq, yorulmaz, müdafiəçisinə çevrilməyi, ölkəmizin inkişafı istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi bacardı.
 
Bu il yaradılmasının 30 illik yubileyini qeyd etdiyimiz, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanır, sıralarını zənginləşdirir. İlham Əliyev ulu öndər Heydər Əliyevin ona vəsiyyət etdiyi dövlət ləyaqətini və mənəvi dəyərləri qoruyub saxlayaraq Azərbaycan vətəndaşlarının şüurunda onları daha da inkişaf etdirdi. Ötən 30 ildə Yeni Azərbaycan Partiyası xalqa, dövlətə şərəflə xidmət etməklə, uğurlu fəaliyyət göstərməklə, dövrün çətinliklərinin öhdəsindən layiqincə gəlməklə, xalqın səsi oldu. Xilaskar siyasi təşkilat olaraq yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə ona bəslənilən bütün ümidləri doğrultmağı bacardı. Onun liderləri fəaliyyətlərində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını daim rəhbər tutdular. Bu müddətdə partiya xalqına ən yaxın siyasi təşkilat olmaqla, daim onun maraqlarını qorudu, xalqının etibarlı ünvanı oldu. Partiya həm də xalqından güc alaraq onun dəstəyi ilə dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi. Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqı öz ətrafına topladı, ümumxalq partiyasına çevrildi, nüfuzunu davamlı olaraq artırdı, sıralarını genişləndirdi. İndi onun sıralarında cəmiyyətin bütün təbəqələrindən olan 800 minə yaxın üzv birləşir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, öz nəhəngliyinə görə Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir. İndi ona rəqib ola biləcək hər hansı siyasi qüvvə, təşkilat, partiya mövcud deyil.
 
Bu dövrdə əldə olunan nailiyyətlər partiyanın tarixi missiyasını, xalq qarşısındakı öhdəliklərini ləyaqətlə yerinə yetirməsinin ən möhtəşəm sübutudur. Bu illər ərzində partiya ondan gözlənilən bütün ümidləri doğrultmağı bacardı, dinamik inkişafa müvəffəq oldu. Qarşıya qoyulan bütün hədəflərə, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, beynəlxalq müstəvidə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, işğal olunmuş torpaqlarımızın azad olunaraq ərazi bütövlüyünün bərpası hədəflərinə nail olunub. Yeni Azərbaycan Partiyasının 30 illik mərhələsi böyük uğurlar, tarixi zəfər mərhələsi kimi xarakterizə olunur. Bu dövr 30 ilə yaxın erməni vandallarının işğalı altında olan Azərbaycan torpaqlarının Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilərək çoxəsrlik tariximizin ən şərəfli səhifələrindən birinin yazıldığı, tarixi ədalətin bərpa olunduğu, torpaqlarını xain düşməndən azad etmiş qalib dövlətin vətəndaşları, müzəffər xalq olduğumuz dövrdür.
 
Fəaliyyətinin 30 illik dövründə partiya liderlərinin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti sayəsində Azərbaycan yeni reallıqlar yaradan ölkəyə, beynəlxalq arenada söz sahibi olan dövlətə çevrildi. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının nəqli üçün irimiqyaslı beynəlxalq layihələr icra olundu. İnşa olunmuş nəhəng neft-qaz boru kəmərləri, yaradılan böyük dəmir yolu kommunikasiyası bölgədə, ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatına imza atdı. Təməli ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən enerji strategiyası dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçı dövlətə, Avropanın enerji xəritəsini dəyişdirən, onun enerji təhlükəsizliyinin möhkəmlənməsində, mənbələrin şaxələnməsində mühüm rolu olan ölkəyə çevirdi. Həyata keçirilən nəhəng layihələr ölkəmizin gücünü, iqtisadi dayanıqlılığını təmin etdi.
 
Keçən dövr ərzində partiyanın dövlətçiliyimizin və xalqımızın inkişafı naminə misilsiz xidmətlərinin şahidi olmuşuq. Bütün fəaliyyətini Azərbaycan xalqına xidmətə həsr edən partiya Azərbaycan dövlətçiliyini daim uca tutub. Möhtərəm Prezidentimiz, YAP-ın Sədri İlham Əliyev 2021-ci il mart ayının 5-də keçirilən partiyanın VII qurultayında bildirdiyi kimi: “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Partiyamızın çoxminli üzvləri xalqımızın bütün təbəqələrini təmsil edirlər”.
 
Bu müddətdə xalq da partiyanın liderlərinə inamını qoruyaraq, daim dəstəyini göstərib. Müxalifət partiyası kimi yaradılan YAP qısa müddət ərzində Azərbaycan xalqının seçimi ilə iqtidar partiyasına çevrildi, ardıcıl müvəffəqiyyətlərə imza atmağa başladı. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbələr qazanaraq ümumxalq partiyası olduğunu, ona rəqib olacaq hansısa siyasi qüvvənin olmadığını sübut etdi.
 
Ötən 30 ildə xalqın siyasi istinadgahı olan YAP ölkəmizin hərtərəfli inkişafı istiqamətində üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə icra edib. Partiya rəhbərliyi tərəfindən gənclərə, onların təhsilinə böyük diqqət və qayğı göstərilib, Partiyada önəmli layihələr uğurla həyata keçirilib. Təhsil işçisi, Əməkdar müəllim olaraq ölkədə təhsil sahəsində icra edilən mühüm işlərin bir hissəsini vurğulamaq istəyirəm. 1993-cü ildə Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu sahəsində məqsədyönlü siyasətin tərkib hissəsi olaraq ölkədə milli təhsil quruculuğuna və təhsil sahəsində islahatlara başlanıldı. Heydər Əliyev bildirmişdir: “Təhsil millətin gələcəyidir”. Bu prinsip həm onun, həm də Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətində daim rəhbər tutulub, təhsilin inkişafı, ölkə gənclərinin keyfiyyətli təhsillə təminatı dövlət siyasətinin, davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olub. Bu uğurlu siyasətin nəticəsidir ki, təhsil sektorunda uğurlu göstəricilərə nail olunub. Möhtərəm Prezidentimiz İlham Əliyev vurğulamışdır: “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir”. Ölkəmizdə hər sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da nəzərə çarpıb, elm və təhsil sahəsində köklü dəyişikliklər həyata keçirilib, təhsilin bütün pillələrində yeni layihələr, islahatlar reallaşdırılıb, mühüm Dövlət proqramları qəbul edilib, onların uğurla icrasına nail olunub, təhsil infrastrukturunun yenilənməsi, inkişafı, təhsildə maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsil müəssisələrinin inşası, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin səviyyəsinin yüksəldilməsi, təhsilin məzmun keyfiyyətinin artırılması istiqamətində qətiyyətli addımlar atılıb, yüksəksəviyyəli təhsil müəssisələrinin yaradılması üçün müvafiq Fərman və sərəncamlar verilib. İnsan kapitalının inkişafı və yeni ideyaların təşviqi, “qara qızıl”ın insan kapitalına çevrilməsi prinsipi milli təhsil quruculuğu və insan resurslarının inkişafının əsas prioritetlərindən biri olaraq müəyyənləşib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında” 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə yaradılan və 11 ildir uğurla fəaliyyət göstərərək yüksəkixtisaslı kadrlar hazırlayan Bakı Ali Neft Məktəbi də təhsilə yüksək dərəcədə diqqət və qayğının, innovativ bilik və bacarıqlara malik olan mütəxəssis hazırlığının təkmilləşdirilməsinin, milli təhsil sisteminin modernləşdirilməsinin, “Neft kapitalının insan kapitalına çevrilməsi”nin bariz nümunələrindəndir. Həyata keçirilən bu hərtərəfli addımlar təhsilin qabaqcıl standartlara cavab verməsinə, yüksəlişinə layiqincə xidmət etməkdədir. İnsan kapitalının inkişaf etdirilməsi isə həyata keçirilən siyasətin qayəsin təşkil edir.
 
Yeni Azərbaycan Partiyası həm də öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdıran xalq partiyasıdır. Partiya daim yenilənir, səmərəliliyini təmin etmək üçün davamlı islahatlarla təkmilləşir, inkişaf edir. Partiyanın və dövlətimizin daha da güclənməsinə xidmət edən addımlar atılır, mühüm qərarlar qəbul edilir. Yeri gəlmişkən, həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisə olan VII qurultayda da vacib qərarlar qəbul edildi. Bu qurultayda qəbul edilən qərarlar, xüsusilə Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin əsasının qoyulması və qarşıdakı dövrdə ardıcıl nailiyyətlərin əldə olunması baxımından xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması, partiyanın və ölkəmizin güclənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyətinin həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirildiyi, dərin rəğbətlə qarşılandığı inkarolunmaz həqiqətdir. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət və qayğı göstərib. Onun partiyamızın Sədrinin birinci müavini təyin edilməsindən ötən müddət ərzində də Yeni Azərbaycan Partiyasının inkişafına böyük təkan verildiyinin, partiyamızın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyətə malik olduğunun şahidi olduq. Mehriban xanım YAP Sədrinin birinci müavini vəzifəsində də dövlətçilik maraqlarının, həmrəyliyin gücləndirilməsi, ölkənin və partiyanın inkişafı üçün vacib işlər həyata keçirib.
 
Yekun olaraq bir daha vurğulamaq istərdim ki, 30 il xalqın inamını qazanan, etimadını doğruldan, möhkəm təməllər üzərində qurulan, böyük ənənələrə malik, ölkədə baş verən bütün mühüm proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyası daim öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdıran xalq partiyasıdır. Ümummilli lider Heydər Əliyevin siyasi mirası olan YAP Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra xalqının səsi olmağa davam edəcək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmizin dinamik inkişafına öz müstəsna töhfəsini verəcək.
 
Elmar Qasımov,
YAP İdarə Heyətinin üzvü,
Bakı Ali Neft Məktəbinin rektoru








Redaktorun seçimi