Ulu öndər Heydər Əliyevin yaratdiği Yeni Azərbaycan Partiyasi bu gün

Hit: 580
Ulu öndər Heydər Əliyevin yaratdiği Yeni Azərbaycan Partiyasi bu gün
Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur. O, müasir bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş və siyasi mübarizədə yenilməzliyini ömrünün sonuna kimi qoruyub saxlamağı bacarmışdır. Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən bu dahi şəxsiyyətin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik.
 
Məlum olduğu kimi, xalqın bir millət kimi formalaşmasının əsas şərtlərindən biri onun kimliyinin təməlini təşkil edən milli-mənəvi dəyərlər sisteminə malik olmasıdır. Buna görə də, ulu öndər Heydər Əliyev mövcud reallığı nəzərə alaraq, xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canlandırılması üçün ömrü boyu çalışmış, hətta kommunist rejiminin çətin şəraiti də onu bu yoldan çəkindirə bilməmişdir. Xalqların milli-mənəvi dəyərlərinin zəiflədilərək ümumi “kommunist dəyərlər” sisteminin aşılandığı bir dövrdə Heydər Əliyev xalqımızın zamanın sınaqlarından çıxmış üstün milli-mənəvi dəyərlərinin saxlanılması üçün yorulmadan çalışaraq buna müvəffəq olmuşdur. O, hələ Moskvada olarkəndə daima Azərbaycanla bağlı verilən qərəzli qərarlara qarşı çıxmış və elə son nöqtənidə 20 yanvar faciəsi xalqımıza qarşı törədiləndə onun sərt reaksiyası və cinayətkarları aşkarcasına ifşa etməsi oldu. Sonra Ulu Öndər Naxçıvana gələrək, tək Naxçıvanın yox, ümumilikdə bütöv Azərbaycanın o zamankı düşdüyü acınacaqlı vəziyyətlə bağlı işlərin görülməsinə başladı. O zaman Naxçıvandan başlanan müstəqilliyimizin qorunması və əsaslı şəkildə bu yolda mühüm işlərin görülməsində Ulu Öndər fədakarcasına xalqımıza arxalanaraq yenidən fəaliyyətə başladı.
 
1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən, ulu öndər Heydər Əliyevin xalq arasında hörmət və siyasi nüfuzuna söykənməklə, bilavasitə onun liderliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyasının siyasi arenaya gəlməsi Azərbaycanda bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi. Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi. Azərbaycan xalqı növbəti dəfə müdrikliyini göstərib öz dahi rəhbərinə üz tutaraq onun hakimiyyətə gəlməsini təkidlə tələb etməklə Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinə şərait yaratdı. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, bu partiya nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ən böyük partiyadır.
 
Azərbaycanı və xalqını canından çox sevən ulu öndər Bakıya gəldi. Lakin Azərbaycan və Bakı onun 1982-ci ildə qoyub getdiyi məkan deyildi. Amma o ruhdan düşmədi əksinə, daha böyük cəsarət və həvəslə ölkəni bu dərin böhrandan, əslində dövlətçiliyi və müstəqilliyi itirmək təhlükəsindən xilas etdi və qısa müddət ərzində vətəndaş müharibəsinin dayandırılmasına nail oldu. Bundan sonra, Azərbaycanda sabitliyin bərpasını təmin etdi və böyük islahatların başlanmasına rəvac verdi. İndi hər bir Azərbaycan vətəndaşı çox gözəl bilir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünkü möhtəşəm Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi.
 
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətindən biri də odur ki, o, zəngin idarəçilik irsi yaratmaqla, gələcək nəsillərin bundan yararlanması üçün geniş imkanlar açmışdır. Bu da ondan irəli gəlirdi ki, xalqımızın taleyi Ümummilli lideri daim düşündürən əsas məsələ idi. Bu səbəbdəndir ki, 2003-cü ildə Azərbaycan xalqı ölkənin gələcək taleyi ilə bağlı onun məsləhətinin intizarında olarkən, ulu öndər Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsi ilə xalqı düz yola istiqamətləndirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu öndərə sonsuz inamı olan xalq verilən dəyərli tövsiyədən bəhrələnərək düzgün seçim etməklə, Azərbaycan xalqının bitib-tükənməz sevgisini qazanmış cənab İlham Əliyevi özünə lider seçdi.
 
Təbii və qanunauyğun bir haldır ki, bu gün də Azərbaycana və doğma partiyamıza ümummilli liderimizin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirən İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və hərtərəfli biliklərə malik siyasətçi rəhbərlik edir. Ölkəmizlə bərabər bu gün YAP-da müasir şəkildə inkişaf edir və yeni hədəflərə uöurla addımlayır.
 
Elnur Əmirəslanov
 
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri

 









Redaktorun seçimi