Yeni Azərbaycan Partiyası: - Cənubi Qafqazın ən böyük, tanınmış siyasi təşkilatı

Hit: 1057
Yeni Azərbaycan Partiyası: - Cənubi Qafqazın ən böyük, tanınmış siyasi təşkilatı
Ulu öndər Heydər Əliyev: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır.”
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanda yaranan hakimiyyətsizlik dövründə xilaskarlıq missiyasını doğruldan LİDER
 
Həyatını, siyasi  fəaliyyətini Azərbaycanın müstəqilliyi naminə sərf edən, “Azadlıq və  istiqlaliyyət hər bir xalqın milli sərvətidir” müdrik kəlamının müəllifi olan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına  rəhbərliyinin bütün dövrlərində bir məqsəd, amal naminə çalışmış və  niyyətini “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən  istifadə edərək ümumbəşəri dəyərləri xalqımız və milli mental dəyərlərimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, dilimizdən, adət-ənənələrimizdən ayrıla və imtina edə bilmərik” sözlərilə  bəyan etmişdir.  Azərbaycan xalqına tarixi nailiyyətimiz olan müstəqillik sevincini yaşadan ulu öndərin siyasi məktəb olan dövlətçilik təcrübəsi, müdriklik konsepsiyası özünün müəyyənləşdirdiyi aspektlər əsasında formalaşmış, zamanın tələbinə uyğun təkmilləşmiş, sınaqlardan çıxmış liderlik fəlsəfəsinin zirvəsinə  yüksəlmişdir. Siyasi partiyaları canlı orqanizm adlandıran, respublikamızda demokratiyanın başlıca şərtləri olan çoxpartiyalılıq sisteminin formalaşmasını, plüralizm və fikir azadlığını sağlam cəmiyyətin, vətəndaş həmrəyliyinin başlıca şərti kimi dəyərləndirən müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycanın əbədi varlığı üçün üzləşdiyi ən çətin sınaqlardan  zəkasının qüdrəti ilə çıxmış, xalqını arxasınca aparmaq qabiliyyətinin meyarı olan “Ümummilli Lider” adını qazanmışdır. Ulu öndərin tarixi xilaskarlıq missiyası hələ ötən əsrin sonlarına təsadüf edir. Ermənistanın torpaqlarımızı bir-birinin ardınca işğal etdiyi o çətin illərdə ölkəmizdəki daxili başıpozuq qüvvələr arasında güclənən hakimiyyət uğrunda mübarizə, xarici emissarların törətdikləri təxribatlar nəticəsində yaranan sosial-iqtisadi böhranlar, hakimiyyətsizlik, xaos insanların sabaha olan ümidini itirmişdi. Ayrı-ayrı qüvvələrə xidmət edən silahlı dəstələr arasında baş verən qarşıdurmalar insanları narahat edir, onlar üçün həyati təhlükə yaradırdı. Narahatlıq doğuran məqamlardan biri isə cəmiyyətin gündəlik həyatı ilə bağlı problem - çörək növbələrinin artması idi. Belə bir zamanda hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi və səbatsızlığı respublikadakı ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmişdi. Bu cütlüyün idarəetmə strukturlarının mənzərəsi gülünc olmaqla yanaşı, ikrah doğururdu. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə fiziki təzyiq göstərmək üçün muxtar respublikaya desant göndərilməsi, sözün əsl mənasında, rəzillik idi. Yarıtmaz əməlləri ilə respublikanı siyasi-iqtisadi böhran həddinə çatdıran AXC-Müsavat iqtidarının xəyanətləri üzündən  baş verən Gəncə hadisələri ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. 
 
Xarici dövlətlərin məkrli planları əsasında respublikamızda yaranan separatizm  meyilləri genişlənirdi. Çox təəssüf ki, o zamankı iqtidar daxilində də belə xain düşüncədə olanlara niyyətlərini həyata keçirmək üçün imkanlar yaradılırdı. İnsanların ümummilli lider Heydər Əliyevə olan tükənməz sevgisi, etimadı, inamı iqtidar hakimiyyətini qıcıqlandırırdı. Azərbaycanın işıqlı gələcəyini düşünən insanlar həmişə olduğu kimi, yenə də düzgün seçim etdilər. Ulu öndər xatirələrindən birində deyirdi: “Bir gün Litvadan gələn müxbirlərdən birinci onu soruşdum ki, nə üçün bura gəlmisiniz? Dedi, gəldik, bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik. Deyirəm nə üçün bura gəlmisiniz, məndən nə istəyirsiniz, nə olub ki? Cavab verdi ki, bilirsiniz, indi Azərbaycanda ən böyük dəyişikliklər Naxçıvanda gedir. Biz bunu eşitmişik, ona görə də Naxçıvana gəlmişik”. Bu və bu kimi bir çox nümunələr ulu öndər Heydər Əliyevin dünya şöhrətli lider olduğunu təsdiq edən faktlardandır.
 
O illərdə blokadanın yaratdığı çətinliklərlə üz-üzə qalan Naxçıvana Türkiyədən, Amerika Birləşmiş Ştatlarından yardımların göndərilməsi ulu öndər Heydər Əliyevin yüksək nüfuzundan, dünyaca tanınan siyasi lider olmasından irəli gəlirdi. Bu kimi halları həzm edə bilməyən AXC-Müsavat cütlüyünün 1992-ci ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevə qarşı törətdikləri təxribatlar da siyasi qısqanclıqdan qaynaqlanırdı. Xalq isə inanırdı ki, Azərbaycan üçün həyati əhəmiyyətli problemlər xalqın sevdiyi və güvəndiyi müdrik dühanın, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevin rəhbərliyi ilə aradan qaldırıla bilər. Əgər o çətin dövrdə Azərbaycan xalqını düşdüyü ağır vəziyyətdən qurtaran ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, şübhəsiz ki, Azərbaycan müstəqilliyini tamamilə itirəcək, dağılacaqdı.  
 
Zamanın tələbindən yaranan partiya: “Azərbaycan sizin sözünüzü gözləyir!”
 
Ölkədəki acınacaqlı vəziyyətdən narahat olan Azərbaycan ziyalılarının  Naxçıvana  ünvanlanan eyniadlı müraciətlərinin əsasında bir istək dayanırdı: Azərbaycan dağılmaq təhlükəsindən yalnız böyük Heydər Əliyevin zəkası, qüdrəti, müdrikliyi sayəsində qurtula bilər. Adları “91-lər” kimi müstəqillik tariximizə yazılan respublikanın tanınmış ziyalıları ulu öndərə zamanında  müraciət etdilər. Hakimiyyətə gəlməzdən əvvəl demokratiyadan danışan siyasətdən bixəbər AXC-Müsavat iqtidarının o zaman ölkədə yaratdığı vəziyyətin dözülməzliyindən bəhs edilən müraciətdə qeyd olunurdu:   “Azərbaycanı dağılmaq təhlükəsindən qurtara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz”.
 
“Yeni, müstəqil Azərbaycan  uğrunda!” sərlövhəli cavab məktubu ilə  ziyalıların müraciətini Azərbaycan naminə göstərilən vətəndaş həmrəyliyi kimi dəyərləndirən və “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur” sözləri ilə bu təşəbbüsü  respublikanın mütərəqqi insanlarının xoş niyyəti adlandıran ulu öndər Heydər Əliyev əlavə olaraq bildirirdi: “Bu partiya Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, inkişafında tarixi rol oynaya biləcək. Əgər belə  partiya yaradılarsa onun fəaliyyətində iştirak etməyə hazıram”.
 
Beləliklə, 21 noyabr 1992-ci ildə Naxçıvanda ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu konfransda Heydər Əlirza oğlu Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyasının qəbul olunmuş Bəyanatında qeyd olunduğu kimi, bu partiyanın başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, sivilizasiyalı,  demokratik, hüquqi dövlətin, sosial istiqamətli iqtisadiyyatın yaradılması, ölkədə sabitliyin qorunması, irqindən, milliyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması naminə önəmli islahatların keçirilməsidir. “Bizim şüarımız: Müxalifət naminə müxalifət ola bilməz. Bizim prinsipimiz konstruktivlikdir” çağırışları Yeni Azərbaycan Partiyasının sivil mübarizə yolu, fəaliyyət istiqaməti  idi. Bu gün də eyni əqidə və amalla yolunu davam etdirən, qısa müddətdə iqtidar partiyasına çevrilən, ümumxalq məhəbbəti, ehtiramı qazanan bu böyük siyasi təşkilatda birləşən sağlam əqidəli insanların fədakarlıqlarının nəticəsidir ki, Azərbaycan dünyada qalib, qüdrətli dövlət kimi tanınır, nümunə göstərilir, beynəlxalq təşkilatların hesabatlarında adı ilk sıralarda çəkilir. Partiyanın yaradılmasında xüsusi əməyi olanların xidmətlərini yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev demişdir: “Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir, Naxçıvanda  bizim partiyanı yaradanlar,- mən bunu demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur”. “O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır” sözləri ilə Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak etmiş insanların, ziyalıların xidmətlərini yüksək qiymətləndirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən bu diqqət və qayğı davam etdirilir.
 
Yeni Azərbaycan Partiyası bu günün, sabahın partiyası olduğunu əməli ilə təsdiqləyir
 
Bu il 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası, xalqın istək və arzularının əks olunduğu Proqram və Nizamnaməsinə uyğun böyük inkişaf, təkamül yolu keçmişdir. 1993-cü ildə xalqımızın tələbi ilə hakimiyyətə qayıdan, Qayıdışı ilə Azərbaycanı dünyada tanıdan ulu öndər Heydər Əliyev hazırladığı neft strategiyası əsasında müəllifi olduğu “Əsrin müqaviləsi” kimi qlobal enerji layihəsinin imzalanması ilə ölkəmizə investisiya axınının təməlini qoydu. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi konsepsiya əsasında inkişaf edən Azərbaycanda çox önəmli islahatlar aparıldı, genişmiqyaslı layihələr həyata keçirildi. Milli Konstitusiyamız qəbul olundu. Hələ Naxçıvanda ikən başladığı bazar iqtisadiyyatına keçid üçün düşünülmüş islahatları bütün respublika ərazisində, xüsusilə bölgələrdə davam etdirən müdrik şəxsiyyətin ən çox diqqət yetirdiyi sahə ordu quruculuğu, Azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi sərvətlərimizin qorunmasının hər bir vətəndaşın vətəndaşlıq borcu olması kimi ideyaları şüurlarda möhkəmləndirmək idi. Bu vəzifələrin yerinə yetirilməsi üçün təbii ki, liderlik cəsarəti, dövlətçilik təcrübəsi, xalqına, torpağına bağlılıq tələb olunurdu. Keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üçün müxtəlif ölkələrə rəsmi səfərləri zamanı Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa edən ulu öndər bir həqiqətə tam əmin idi: Müstəqilliyi uğrunda apardığı mübarizədə qalib olmuş Azərbaycan xalqı doğma Vətən torpaqlarının işğaldan azad edildiyi günün sevincini də mütləq yaşayacaqdır!   
 
Ulu öndər Yeni Azərbaycan Partiyasının gələcəyini etibarlı əllərə tapşırmaqla da tarixi missiyasını yerinə yetirdi. Ölkəmizdə 2003-cü ilin 15 oktyabrına təyin edilmiş prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına  müraciət edən ümummilli lider Heydər Əliyev əsasını qoyduğu və xalq tərəfindən dəstəklənən siyasətini davam etdirəcək şəxsiyyətin dəqiq ünvanını göstərmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
 
Sonrakı illərdə ölkəmizdə keçirilən Prezident seçkilərində hər dəfə seçicilərin daha yüksək etimadını qazanaraq ölkəyə rəhbərlik edən cənab  İlham Əliyev doğma xalqının etimadını, inamını doğrultmaqla yanaşı, müdrik şəxsiyyət, dahi lider Heydər Əliyevin düşünülmüş siyasətini zamanın tələbinə uyğun, dünyada daha geniş coğrafiyada uğurla davam etdirir. Bu siyasət sayəsində Azərbaycanın dünyada möhkəmlənən mövqeyi, əldə etdiyi hərbi, siyasi, iqtisadi, diplomatik uğurları, idmanın inkişafı sahəsində qazandığı nailiyyətləri davamlı xarakter alıb. Ümummilli liderin müəllifi olduğu enerji və nəqliyyat layihələrini reallaşdırmaqla beynəlxalq səviyyədə dəstəklənən çoxşaxəli əməkdaşlıq formatının müəllifi olan Prezident cənab İlham Əliyev dünyada sabitliyin, əməkdaşlığın möhkəmlənməsində də öz sözünü deyir. Təbii ki, bu nailiyyətlərdə iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvlərinin payı da vardır.
 
Azərbaycan təkcə Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına  sədrlik etməsi ilə deyil, BMT, TürkPA, Avropa Şurası, ATƏT, Avropa İttifaqı kimi bir çox beynəlxalq təşkilatlarda müstəqil və yaradıcı mövqeyi ilə də  diqqəti cəlb edir.
 
2020-ci ilin 27 sentyabrında Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar, dövlət terroru nəticəsində başlanan, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizlə başa çatan Vətən Müharibəsində qazandığımız qələbə Azərbaycanı dünyaya siyasi, iqtisadi, müdafiə qüdrətli ölkə kimi yenidən tanıtdı. 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdıran, düşmənə göz dağı olan,  torpaqlarımızı işğaldan azad edən qalib Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi: “Xalqımız Milli Ordumuzun qüdrəti sayəsində haqqın, ədalətin, beynəlxalq hüququn bərqərar olmasına müvəffəq oldu. Torpaqlarımızın Ermənistanın işğalından azad olunması ilə Ulu Öndərin ən böyük  arzusu da  yerinə yetirildi”.
 
İlk dəfə Prezident kimi and içərkən məsuliyyətdən, çətinliklərdən qorxmadığını bəyan edən cənab İlham Əliyev vurğulamışdı ki, mən xalqımıza layiq dövlət başçısı, hər bir vətəndaşın Prezidenti olacağam. “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”,- deyən Prezident, Müzəffər Ali Baş Komandan bu yolda xalqımıza bələdçi, Milli Ordumuza əsl sərkərdə oldu. Nəyin necə, nə vaxt həll olunacağını müdrikcəsinə müəyyənləşdirən ölkə Prezidenti Azərbaycanın inkişaf modelini, konsepsiyasını hazırlamaqla bu gün öyündüyümüz Zəfərimiz üçün illərlə etibarlı baza formalaşdırdı. Ölkə iqtisadiyyatını bütün sahələr üzrə inkişaf etdirən dövlət başçımız Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi də müdafiə qüdrətimizin möhkəmlənməsi naminə islahatları davam etdirdi. Ölkə daxilində, siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində apardığı siyasətlə, informasiya cəbhəsində qazandığı üstünlükləri ilə xalqımızda qələbəyə böyük inam yaratdı. Çıxışlarında torpaqlarımızın işğaldan azad olunması üçün hərb variantının da mümkünlüyünü həmişə diqqətə çatdıran Prezident cənab İlham Əliyev “Biz hərb istəmirik, amma hərbə hazırıq” kəlamına uyğun müdafiə qüdrətimizi gücləndirdi. 2016-cı ilin Aprel döyüşlərindən nəticə çıxarmayan Ermənistanın təxribatları, sərsəm bəyanatları müharibəni qaçılmaz etdi. “Qarabağ Ermənistandır.” deməklə illərdir aparılan danışıqlara son qoyduğunu, işğal altında qalan torpaqlarımızı özününküləşdirdiyini zənn edən düşmən gördü  ki, Azərbaycan xalqının səbri, doğrudan da, sonsuz deyil. İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində BMT Baş Assambleyasının kürsüsündən Ermənistanın yeni müharibəyə hazırlaşdığını bəyan edən Prezident cənab İlham Əliyev düşmənə  son xəbərdarlığını etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Ali Baş Komandanın “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” çağırışına qoşulan Azərbaycan xalqı öz gücü, birlik və həmrəyliyi ilə haqqı, tarixi ədaləti bərpa etdi. 2020-ci ilin dekabr ayının 10-da paytaxtımızda keçirilən Zəfər paradı bir daha göstərdi ki, hərbi əməliyyatların davam etdiyi 44 gündə Azərbaycan əsgəri bir gün də geri çəkilmədi. Ən müasir hərbi avadanlıq, texnika ilə təchiz olunmuş Azərbaycan Silahlı Qüvvələri ən çətin istehkamları belə qətiyyətlə dəf etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan, Hadrut qəsəbələri, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər qısa müddətdə düşməndən azad edildi. Doğmalarının nəfəsi ilə canlanan torpaqlarımızda Ali Baş Komandan cənab İlham Əliyevin qaldırdığı və əzəmət rəmzi olan bayrağımız xalqımız üçün Zəfər müjdəsi oldu. Ali Baş Komandanın “Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı” sözləri  30 il yurd həsrəti çəkən insanlara sevinc payı idi. Xeyli canlı qüvvə, texnika itirən Ermənistan bu gücün qarşısında  diz çökdü, layiqli cəzasını aldı, kapitulyasiya aktını imzalamağa məcbur edildi. “Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı tarixi Zəfərini döyüş meydanında, siyasi, informasiya  müstəvisində qazandı. Ermənistanın ələ keçirilən sınıq-salxaq texnikası Bakıda yaradılan Hərbi Qənimətlər Parkında  hələ də xəcalət çəkməkdədir.
 
Respublikaya rəhbərliyi illərində Şuşanın inkişafına xüsusi diqqət göstərən ulu öndər kimi, mədəniyyət paytaxtımıza eyni qayğı ilə yanaşan dövlət başçısının Şuşa işğaldan azad olunan gün Şəhidlər Xiyabanından xalqa müraciətində söylədiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözləri ulu öndər Heydər Əliyevin dövlət başçımıza etibar etdiyi müqəddəs vəzifənin, doğma partiyamızın Sədrinə göstərdiyi etimadın təzahürü idi. Zəfər yolunun açılması, qardaş Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi, bütün bölgələrdə yol- nəqliyyat infrastrukturunun bərpası, enerji ilə təchizata diqqətin artırılması, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması istiqamətində Prezident cənab İlham Əliyevin göstərdiyi qətiyyət, eyni zamanda, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasınıın uğurlarındandır. Hadrutda, Kəlbəcərdə hərbi Komando birləşmələrinin qərargahlarında ucaldılan bayrağımız Azərbaycanın müdafiə qüdrətinin sarsılmazlıq nümunəsidir.
 
Həmişə, İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə, torpaqlarımız işğaldan azad edildikdən sonra da Prezident cənab İlham Əliyevə yaxından mənəvi dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini Mehriban xanım Əliyeva səmimiyyəti, əsl Azərbaycan qadınına xas olan xüsusiyyəti ilə “Hər uğurlu kişinin arxasında ağıllı qadın dayanır” müdrik kəlamını bir daha təsdiq etdi.  Respublikamızda, ölkəmizin hüdudlarından kənarda belə xeyirxahlıq missiyalarının müəllifi, təşəbbüskarı kimi tanınan, humanist xidmətlərinə görə müxtəlif beynəlxalq mükafatlara layiq görülən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirilən, dəstəklənən humanitar layihələrin hər biri əsl insanpərvərlik, xeyirxahlıq nümunəsidir. Mehriban xanım Əliyevanın ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri kimi göstərdiyi fədakarlıq Azərbaycanda təkcə idmanın inkişafını sürətləndirən əsas amil deyil, bütövlükdə, indiyədək bəhrəsini gördüyümüz gənclər və idman siyasətinin, cəmiyyətimizin humanizm dəyərlərinə verilmiş qiymətin uğurlu təzahürü kimi qiymətləndirilə bilər. Birinci vitse-prezident kimi respublikada qadın və uşaqların sağlamlığı, hüquqlarının qorunması ilə bağlı sosial layihələrin tətbiqində xüsusi xidmətlər göstərən Mehriban xanım Əliyeva gənclərin siyasi hazırlığının artırılmasına da diqqətlə yanaşır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr, fiziki cəhətdən inkişaf etməmiş, hemofiliyalı uşaqların müalicəsinin təşkili, internat məktəblərinin təmiri və yenidən qurulması, aztəminatlı, şəhid ailələrinin övladlarına göstərilən qayğı Mehriban xanımın gündəlik iş prinsipinin əsas istiqamətlərindəndir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sadiq silahdaşı, vəfalı ömür-gün yoldaşı Mehriban xanım Əliyeva ölkəmizin taleyində və tarixində yaşayacaq əsl xeyirxah əməllərin sahibi kimi də sevilir. Onun torpaqlarımız uğrunda həlak olan şəhidlərin ailələri, ən başlıcası anaları ilə görüşlərdə göstərdiyi diqqət ana şəfqətindən qaynaqlanan qadın adının ucalığı, insanpərvərliyi, qayğıkeşliyidir. Ölkə Prezidentinin hərbi hissələrdə torpaqlarımızı qoruyan hərbçilərlə, xəstəxanalarda müalicə alan yaralılarla keçirdiyi görüşlərdə dövlət başçımızla birgə olan Mehriban xanım Əliyevanın əsgərlərimizə göstərdiyi ana nəvazişi əsl xeyirxahlıq nümunəsidir. Onun ermənilər tərəfindən dağıdılan abidələrimizin, ziyarətgahlarımızın ürək ağrıdan mənzərəsini görərkən keçirdiyi həyəcan vətəndaşlıq məsuliyyətindən, insani duyğulardan yaranan narahatlıq idi. İllərdir Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən bütün xeyirxah işlər, xüsusilə, abidələrimizin bərpası isə Mehriban xanım Əliyevanın  tariximizə, milli-mənəvi dəyərlərimizə töhfəsidir.
 
Beynəlxalq əlaqələri genişlənən Yeni Azərbaycan Partiyası  alternativsiz vahid siyasi qüvvədir
 
Ölkəmizdə hər dəfə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasını dəstəkləyən, onun alternativsiz siyasi təşkilat olduğunu göstərən seçicilər əslində, bununla ulu öndər Heydər Əliyevin yaratdığı partiyaya sədaqətlərini, Yeni Azərbaycan Partiyasınıın Sədri, Prezident cənab İlham Əliyevə olan sonsuz inamlarını ifadə edirlər.  Ölkəmizin uğurlu xarici siyasəti, hər ötən il Azərbaycana artan maraq Azərbaycanın dünya birliyində artıq aparıcı qüvvəyə çevrildiyini, dünya güclərinin bizimlə bir çox məsələlərdə hesablaşmalı olduqlarını təsdiqləyir.
 
Beynəlxalq səviyyədə əməkdaşlığa böyük önəm verən Yeni Azərbaycan Partiyası bu gün dünyanın bir neçə ölkəsinin hakim partiyaları, tanınmış  siyasi təşkilatları ilə əməkdaşlıq edir. Qardaş Türkiyənin iqtidarda olan  Ədalət və İnkişaf Partiyası, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) və digərləri ilə yaxından əlaqə saxlayır. Partiyanın Avroatlantik məkanda Avropa Xalq Partiyası, Asiya qitəsində isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə əlaqələri dinamik inkişaf edir. Son vaxtlar Səmərqənddə, Bişkekdə, Praqada, Astanada keçirilən beynəlxalq səviyyəli görüşlərdə Azərbaycana, onun qalib liderinə göstərilən xüsusi ehtiram ümummilli liderin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözlərinin həyatda əksi, reallığıdır. Ölkəmizdə fəaliyyət göstərən bir çox siyasi partiyaların Yeni Azərbaycan Partiyasına birləşməklə bağlı müraciətləri isə bir daha göstərir ki, gücünü xalqdan alan əsl iqtidar partiyası necə olur və o sivil mübarizəyə, sağlam dialoqa hər zaman hazırdır.
 
2021-ci il mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin Vətən müharibəsində tarixi Qələbəsi ilə nəticələnən və ölkəmizlə bağlı dünyada yaranmış reallıqlar dövrünə təsadüf etdi. Həmin qurultay bir daha göstərdi ki, hər zaman siyasi proseslərdə öndə olan hakim partiya yeni dövrə daha fəal, yenilənmiş formada qədəm qoyur. Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq edilmiş, İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının Sədri, müavini və üzvləri seçilmiş, eləcə də 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmuşdur.
 
Partiyanın 30 illik yubileyi ərəfəsində ölkə Prezidentinin Sərəncamı ilə  2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması isə xalqımızın ulu öndərinə, ümummilli liderinə və onun yaratdığı Yeni Azərbaycan Partiyasına, bir sözlə, Heydər-xalq, xalq-Heydər birliyinə yüksək etimad və inamının nümunəsidir.
 
Bəxtiyar Əsgərov
 
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

 









Redaktorun seçimi