İroniya çağını yaradan qəhrəmanlar

(bu yazını 30 ildən çoxdur erməni əsirliyində olmalarına baxmayaraq, hələ də heç birindən xəbər-ətər gəlməyən 7000 -dən çox o qız -gəlinin intizar gözlərinə bağışlayıram. Bizi bağışlamayacağınızı bilirəm:-x.t.)
Ey dadi bida danəndə dəhan dərviş d..
Derlər,
Qaşlarını çatıb uzaqlara doğru bütün sükutuyla zillənən unudulmuş oxucu,
Müharibə başlayanda mənim də varlığımda nələrinsə yenidən baş qaldırdığını hiss etdim. Məsələn, etiraf edirəm, indiki gəncliyə qarşı özümün sezgilərindən, anladığım səbəblərdən dolayı aqressiv və inamsız idim. Düşünürdüm ki, 30 il keçən bu məşum zaman dilimində bu gənclərin hansında Qarabağ ağrısı-acısı dilə gələ bilər? Gəlsə o ağır-acı nə qədər səmimiyyətini ortaya qoyar, içə təpər, köksümüzə saplayar? Çünki onlarda nə ciddilik, nə də yumor, ironiya görə bilmirdim. əslində ironiya nədir və nədən mən bu ironiya eyhamından hünərvər bir ədayla bəhs etməkdəyəm. İroniya propaqandası bir az da özünü qoruma, özünü müdafiə əhvalı olmaqla yanaşı, bir az da qarşına böyük bir mane gördüyündən dolayı yerində saymadan, hədəfinə doğru bütün olan - qalan ağrılarını haqqın iltizamına əmanət edərək, üzərinə çökmüş əsrlərin kəhanət təbinə qan qusdurmaq, ölüm hökmü oxumaq haqqıdır.
Müharibə başlayanda bəxtimdən evim hərbi komissarlığın tam yanında olduğundan döyüşə getmək üçün yollanan gəncləri görür, hətta çoxlarıyla söhbət etmək imkanım olurdu. Mən o müdhiş, unudlmaz 44 gündə nəyi anladım. Azərbaycan gəncliyi ironiya edə - edə könüllü cəhbəyə yazıldı, ironaiyayla cənhəyə yollandı, ironiya ilə döyüşdü, ironiya ilə şəhid düşdü, ironiya ilə yaralandı, ironiya ilə qazi oldu, ironiya ilə düşmənə qalib gəldi. Bir sözlə, bu dövrü bütövlükdə gənclərimizin ironiya epoxası adlandırmaqla mənəvi dağıntılarımızı bərpa etmək hikmətini də çözmüş olarıq.
Bir daha inandım ki, Azərbaycan gəncliyinə bu dünyada hər şeyi etibar etmək mümkündür. Hətta ədəbiyyatı, kinonu, siyasəti də... Çünki vətən torpaqlarıını düməndən təmizləməyi bacaran, fiziki coğrafiyamızla paralel mənəvi coğrafiyamızın bütövlüyünü hər şeyə rəğmən təmin edə bilən bir gənclik, məncə, hər şeyə qadirdir. İnanıram ki, çağdaş Azərbaycan gəncliyi nəinki yeni texnologiyaların, sistemlərin icadında, yaradılmasında iştrak edəcək, hətta Marsda da ilk şücaətini göstərməyi bacaraq.
Derlər,
Gözləri keçmişlə dolan, gələcəklə nura boyanan unudulmuş oxucu,
20 yaşım olanda sovetlər sistemi yenicə süqut edirdi. Özümüzdən öncəkiləri müəyyən sahələrdə gülüş hədəfinə çevirmişdim. Onlar, bizdən daha yaşlı olan nəsil o qədər ciddi görkəm alırdı ki, bu sərtlik, ciddilik asanlıqla həyatın hər sahəsinə sirayət edə bilirdi. Ona görə də, 1996-cı ildə “qarğa beyni yeyənlərə namə” adlı bir əsər də yazmışdı.
Diqqətlə baxıram, hiss edirəm ki, indiki nəsil də bizə, özlərindən öncəki nəslə ironiya ilə yanaşırlar. Çünki onların gülüşü, zarafatı, ironiyası qarşısında bizlər olduqca ciddiyik, bu ironiya əslində ona görə lazımdır ki, nəsillər arasındakı keçid dönəmini və bağlarını yumuşaltsın, bu həzinlikdə keçmişdən gələcəyə doğru nələrisə mədəniyyət müstəvisində ötürmə məharəti tarixin vurhavurunda itib batmasın.
Derlər,
Unudulmağa tərk edilmiş göylə yer arasında vurnuxan oxucu,
İnanın, Qarabağı işğaldan təmizləyən bu gənclik bir an olsun ironiyadan geri qalmadı. Onlar gülə - gülə, zarafatlaşa – zarafatlaşa, qəşş edərək, düşmən mövqelərini glləbarana tutur, düşmən səngərinə hücum edir, düşmən gülləsinin hədəfinə tuş gəlir, yaralanır, şəhid düşürdü. O daxili aləmindəki bütün potensialını bir anda ironiyayaya dönüşdürmüşdü. Hətta o gülüşü, zarafatı, qəşş eləməyi, qəhqəhələri də aparıb ironiya taxtında, kürsüsündə kişi, ər, savaşçı şahlığına yüksəldə bildi. Ona görə də, bu gənc nəslin bütün addımları tarix qarşısında uğurlu olduğu qədər də müqəddəslik qazandı. Bizlər bu müqəddəsliyi və uğuru uzun əsrlər boyu xərcləyib geninə boluna dağıtsaq da, bitib tükənən deyil. Ancaq bu yatırımı həm də qorumağı, onu əzizləyib milli yaddaşımızın metafizik aləminə ötürməyi bacarmalıyıq. Bunu etmədiyimiz təqdirdə, onların hayımıza, harayımıza gələn o savaş ironiyası qayıdıb düşmən şəri kimi bizim özümüzü hədəf alacaq. Yəni biz Azərbaycan gəncliyinin gecələr ayı, gündüzlər günəşi lap heyran qoyan sahib olduğu bu ironiya dəyərini həyatımızın bütün sahələriundə yetrəli qədər anlamasaq, o ironiya ilə bir gün bu yurtda olduqca ağır şəkildə üz-üzə gələcəyik.
Gənclərin önündəki qocaman nəslin ciddi pozası, ciddi davranışı, özünü sıxa- sıxa oturub durması bir anda həm də indiki gəncliyin o ironiya dediyim varidatı önündə darmadağın oldu. O ironiya o ciddiliyi, o klassikanı, o ənənəviliyi, o tarixi qaldırıb silkələdi, özünə gəl, əsrin, çağın bizimlə bağlı həqiqətinin harda olduğunu anla dedi. Elə bu cəhdi və niyyəti sayəsində üzərini kif basmış, qəlibləşmiş həyata baxış tərzinin külünü göyə sovurdu. Ona görə etdi ki, indiki gənclik öz dövrünü təsdiqləmək, bu günkü tarix üzərində mənəvi enerjisini qərarlaşdırıb (sabitləşdirib) çağdaş mədəniyyətin məsuliyyətini öz üzərinə götürməkdə qərarlı davrandı. Niyə? Çünki bir öncəki sovet nəsli, özlərindən sonrakı nəslin başını həyatımızın hər sahəsində yeyib bitirmiş, onları diri - diri göra gömmüşdü. Sırada isə o qocaların iştahını doyuzduracaq o sonucu nəsil qalırdı ki, atalarının faciəsindən ayılıb onların özlərinin də nakam getməməsi naminə gözəl bir taktiki gedişat sərgilədilər. Bu gedişatın adı həm də Azərbaycan gəncliyinin bütün zamanları şaqqalayacaq ironiya əməliyyatıydı.
Derlər,
Arazın o tayındakı soydaşlarını düşündükcə künc-bucaq bildiyini mərkəz hesab edən unudulmuş qaragöz oxucu,
Mənə elə gəlir ki, Azərbaycan gəncliyi təkcə Qarabağda erməniyə, düşmənə qələbə çalmadı, o həm də, cəmiyyətimizi geriyə sürüyən, bizi irəliləməyə qoymayan, həyatımızı, yaşamımızı tükədən bir nəslin buxovundan qurtardı, bir nəslin tragediyasının əlindən alıb, öz komediyasını səhnəyə çıxarda bildi. Hara çəkirsiniz çəkin, hara çevirirsiniz çevirin, Azərbaycan gənclərinin yazdığı bu tarixi komediya həm də ilk dəfə öz monoloqu üzərində baş tutdu. Orda heç bir dialoqa yer qalmırdı. Çünki bu dialoqa gedilsəydi, mütləq o qoca qurtların toruna düşmək ehtimalı qaçınılmaz olacaqdı. (Mən qoca qurt, keçmiş nəsil dediyim zaman, konkret olaraq hələ də yaşından - başından asılı olmayaraq aramızda dolaşın, hər nəfəs alışımıza faiz qoyan, zam gətirən sovet təfəkkürlü qafaları nəzərdə tuturam:-x.t.) Bu yerdə monoloqun çağdaş gəncliyə taktiki gediş olaraq qazandırdığı qələbədə YETƏRLİ QƏDƏR SƏMİMİ OLA BİLSƏK, öz yerimizi, çəkimizi, dəyərimizi, ən əsası kimliyimizi də görə biləcəyik.
Ey simruğun qanadlarındakı alov dillərindən doğan yeni gənclik, siz bu ZƏFƏRƏ, BU SƏFƏRƏ xoş gəldiniz.
Xanəmir Telmanoğlu


