Kospley təmsilçisi: “Hərdən bizi hansısa tədbirə dəvət edirlər, lakin, ya büdcə ayırmırlar, ya da....”

Hit: 1377
Kospley təmsilçisi: “Hərdən bizi hansısa tədbirə dəvət edirlər, lakin, ya büdcə ayırmırlar, ya da....”

Kospley (cosplay) sənəti ölkəmizdən xaricdə yaranan bir sənətdir.   Kospley  “Costume" və "play" sözlərinin birləşməsindən əmələ gəlib. Bir sıra şəxslər sevdikləri personajlar kimi geyinir, onlar kimi hərəkət edirlər. Daha çox həvəskar və peşəkar insanların sevdikləri animasiya, kitab, film və s. obrazlarını təqlid etməyinə deyilir. Əvvəlcə, Amerikada yaranan bu tendesiya, son illərdə Yaponiyada inkişaf edir. Əsasən Yaponiyanın  manqa (komiks) və anime (animasiya filmləri) yaradıcılığının pərəstişkarları arasında geniş yayılıb.

Ölkəmizdə də animesevərlərin toplaşdığı bir qrup – Azərbaycan Anime Cəmiyyəti var. 8 ildir fəaliyyət göstərən AAC bir neçə “AzeCon” (Azərbaycan kospley konvensiyası) keçirib. Bu AzeCon-larda Yaponiya stendləri, dekorativ əşya, Manqa , Anime əsaslı stendlər qurulub. Həmçinin, iştirakçılar arasında kospley yarışı keçirilib.

Faktor.az -ın müsahibi  ölkəmizdə bu sənətin təmsilçilərindən biri Gülşən Hacızadədir.

- Əvvəlcə özünüzdən, kospleyə necə başladığınızdan danışın...

- 29 yaşım var, dizayn və illustrasiya ilə məşğul oluram. Uşaq yaşlarımdan anime izləməyi sevmişəm. Anime dünyası ilə tanışlıq məni kospleylə tanışlığa da yönəltdi. Azərbaycanda belə bir tədbirin keçirildiyini öyrənəndən 2 il sonra , 2015-ci ildə kospleyə mən də qoşuldum. Ondan sonra da hər il edirəm.

- Azərbaycanda anime və komikslərlə tanışlıq aşağı səviyyədədir. Sizcə, bunun səbəbi nədir?

Düşünürəm ki, bunun səbəblərindən biri komiks (manqa) kimi “şəkilli kitabların”  bizim ölkədə uşaq kitabı sayılmasıdır. Ancaq bir şeyi nəzərdən qaçırırlar ki, istər anime, istər manqa  olsun, hər birinin çoxlu sayda janrı var və hər yaş kateqoriyasına uyğun növləri olur. İkinci bir səbəb kimi isə ölkədə digər incəsənət növlərinə olan marağın azlığı ilə də bağlamaq olar.

- Kosplay sizin üçün maraqdır, yoxsa peşəkar şəkildə məşğul olursuz?

Məncə, ölkəmizdə kospleyə peşə kimi baxılması, peşəkar şəkildə məşğul olmaq üçün hələ çox tezdir. Amerika və Yaponiya kimi ölkələrdə peşəkar kosplayerləri tədbirlərə dəvət edirlər və bunun müqabilində onlara  qonorar ödənir. Yaxud kospleyerlər hazırladıqları kostyum və aksesuarları satışa çıxardır, bundan pul qazanırlar. Bizdə isə hələ ki, belə bir tələb yoxdur. Hərdən bizi hansısa tədbirə dəvət edirlər, lakin ya büdcə ayırmaq barədə fikirləşmirlər, ya da çox kiçik məbləğ müqabilində bizdən möcüzə gözləyirlər.

- “AzeCon 4” yaxınlaşır. Kospley hazırlığı necə gedir, hansı addımları atırsız?

Hazırlıq son sürətlə davam edir. Kostyumun artıq əsas hissəsi  demək olar ki,tamamlanıb.  Bacardıqca, kostyum ve aksesuarları özüm hazırlamağa çalışıram. Məncə, elə marağı da bundadır, hazır alıb geyinsəm, bu qədər əyləncəli olmazdı. Bundan elavə, “AzeCon”da komandamızla bir səhnəcik göstərəcəyik, onun üçün də məşqlərə başlamışıq.

- İndiyə qədər kospley etmək üçün çox maraqlı obrazlar seçmisiz. Niyə məhz bu obrazlar?

Obraz seçərkən əvvəllər ən çox mənə, üz quruluşuma, boyuma uyğun olub olmadığına baxırdım. Çünki mənim üçün personaja maksimum dərəcədə oxşamaq vacibdir. Makiyajın gücünü kəşf edəndən sonra isə mənə bənzəməsələr də, çox sevdiyim personajları da kosplay edə bilirəm. Bir də nədənsə, hər dəfə əvvəlki personajdan daha çətinini etmək istəyirsən – nə qədər çətin, o qədər maraqlı. Ancaq hələ də, bəzi personajlar əlçatmaz olaraq qalır.

- Bir qadın kospleyer olaraq hansı problemlər  yaşayırsız?

Sırf cinsiyyətlə bağlı problemlərdən biri adətən personajların açıq-saçıq geyimdə olması olur. Belə halda əgər kostyumu bağlamaq, uyğun hala salmaq alınmırsa, personajdan əl çəkməli olursan. Digər bir problem isə kişi personajlardır. Personajı nə qədər sevsən də, xüsusilə, boy və bədən quruluşu uyğun olmadığı üçün etmək istəmirsən, bir növ personajı “korlamaq” istəmirsən. Bəzi kosplayerlər “genderbend” edirlər, yəni kişi personajın qadın versiyası və ya əksinə. Ancaq mən bunu elə də xoşlamıram. Orijinala maksimum dərəcədə sadiq qalmaq – mənim seçdiyim kospley yoludur.

- İzlədiyiniz yerli və xarici kosplayerlər varmı?

Hər il necə kospley edəcəyini maraqla gözlədiyim çoxlu sayda yerli kospleyer var. Hamısını sayıb qurtara bilmərəm amma bir neçəsini xüsusilə qeyd etmək isteyirəm: Aynurə Mikayılova, Yusif Əzimov, Lətifə Abdullayeva, Rasim Kərimov, Kamran Yaqublu və Rəna Bəşirova. Xaricilərdən isə  Alyson Tabbitha-nı yaxından izləyirəm.

- Gələcəkdə hansı obrazların kospleylərini etmək istəyirsiz?

Kospley planlarım çoxdur və hər il artır. Ən məşhurlarından Dr.Strange, Captain Marvel , Freddie Mercury və “Overwatch” oyunundan Widowmaker  personajını qeyd edə bilərəm.

Müsahibimizin  bu dəfəki Azecon-dakı yeni kospleyini maraqla gözləyirik. Xatırladaq ki, növbəti "AzeCon" 12 may tarixində keçiriləcək.

 

Cəmilə Məmmədli

 







Redaktorun seçimi