Sevilməyən sultandan əbədi miras
Ey dili qafil, fil faili-məchul, fani f...
Deyirlər,
Unudulmuş oxucu,
Fateh Sultan Məhməd haqqında danışmağım, yeni bilgilər verməyim elə də asan deyil. Ancaq bu möhtəşəm sultanla bağlı bir məqama diqqəti yönəltmək istəyirəm. Türk tarixində və özəlliklə, Osmanlı tarixində Fateh qədər sayğı duyduğum, haqqında düşündüyüm, ruhuna Fatihə oxuduğum ikinci bir şəxsiyyət yoxdur. Nəinki türk, hətta dünya tarix səhnəsində ehtiramla minnətdarlığımı və heyranlığımı ərz etdiyim şəxsiyyətdir Fateh Sultan Məhmət. Düşünürəm, düşünürəm ki, belə bir insan necə yetişir, Allah necə beləsini bizə lütf edir. Əgər Avropaya, xristianlığa belə birisini əta etmiş olsaydı, onda bütün dünya xristianlıqdan, xristian mədəniyyətindən danışar, bu danışıqdan zövq almaqdan doymazdı. Ancaq min şükür ki, heç olmasa bu dünyada Fateh Sultan kimi bir dəyərimiz olub.
Dünyanın təzadlarla dolu gerçəkliyinə baxın, zamanında bu ulu xaqan heç cür sevilməyib. Xalq ona qarşı kinlə, nifrətlə, qəzəblə yaşayıb. Ancaq o nifrət, qəzəb, kin unudulmadı. Gələcək qurşaqlar boyunca həmişə Fateh yadlar və doğmalar tərəfindən xatırlandıqca, o nifrət də, kin də yada düşdü, ürəkləri sızlatdı. Razıyam, bu müthiş dühanın çağ açıb çağ qapatma qabiliyyətinə. Bu gün elə bir adam tapa bilməzsən ki, onun haqqında hansısa bir məlumata sahib olmasın. Mənsub olduğu xalqın bugünkü övladları daşıdığı hazırkı hər hansı bir düşüncədən, inancdan da asılı olmayaraq, Fatehi özünün öndəri, böyüyü, babası, əsli-zatı hesab edir, hesab etməkdən qürur hissi keçirdiyini də dilə gətirir.
Fatehsevər düşünürlər deyir ki, Fateh bu gün yaşasaydı, onu müasirləri də sevməyəcəkdilər. Eynən öz çağındakı toplum kimi, gecə-gündüz ona qarşı bəd düşünüb, çirkin niyyətlərlə, sui-qəsdlərlə yaşamaqdan doymurdular. Təsəvvür edin ki, bu adam 30 illik hakimiyyəti dönəmində 26 ilini at belində ölkələrdən ölkələrə qoşdurub. Qitələr fəth edib, İslamın bayrağını dünyanın ən müdhiş mərkəzlərinə, ucqarlarına sancıb. Bu möhtəşəmliyi də gerçəkləşdirdiyi zamana xas yöntəmlər qullanıb. Onun üslub və zəkasına heyran olanların ağzı açıq qalıb.
Əlbəttə, savaş əsnasında canlarından keçənlər də olacaqdı. 26 il çöldə, dağda, daşda uyuyan bir imperiya sultanını xalq ona görə sevməzdi ki, gündə neçə-neçə şəhidlər karvanı xalqı kədərə boğur, yaşam şərtləri savaş mühitində olduqca çətinləşir və digər problemlər xalqı ruh düşkünlüyünə sürükləyir, Fatehə qarşı qəzəbə, kinə, nifrətə səbə olurdu. Hətta bu dahi insan dünyasını dəyişdiyində belə, aylarla cənazəsi ortalıqda qalır.
Deyirlər,
Unudulmuş oxucu,
Ancaq ondan sonrakı bütün nəsillər Fatehi rəhmətlə, sevgiylə anmağa, yad etməyə başlayır. Bu təzadın, bu anlaşılmazlığın kökündə nə durur, əcaba?
1. Fateh gələcəyə, gələcək nəsillərə böyük bir fəth fəlsəfəsi və mədəniyyəti, çağ açıb çağ bağlayan bir tarix ərməğan etdi.
2. Fateh gələcək nəsillərə ucu-bucağı görünməz bir coğrafiya üzərində kimlik və böyük bir vətən mirası buraxdı. Gələcək nəsillər bu mirasın dadını onun sayəsində daddılar.
3. Fateh ilk dəfə xristian dünyasını müsəlman təfəkkür və düşüncəsi üçün əsir aldı, İncili, İsanı, Məryəmi müsəlmanların dini düşüncəsi ilə əlaqələndirdi.
4. Fateh bütün dinləri müsəlmanlara yaxınlaşdırdı. Xristian dünyası müsəlman coğrafiyası və mədəniyyəti daxilində özünü daha azad hiss etdi.
5. Digər dinlər Fateh sayəsində Reformun kilsə və ibadət məkanlarında, eləcə də onlardan kənarda yaratdığı islahatlarla tanış oldu. Xristianları bu reforma alışdımağı bacardı.
6. Fateh uzaq gələcəyi müsəlmanlar üçün mədəniyyətə, düşüncəyə və ideologiyaya daha da yaxınlaşdırdı.
7. Fatehin varlığı və tarixi rolu türk mədəniyyətində çoxlarını şəxsiyyətə çevirdi.
8. Fatehin tarixi rolu və şücaəti özündən sonra bir çox şəxsiyyətlərin həyatında örnəyə, təsiredici gücə və amilə dönüşdü.
9. Fatehin kimliyi özündən sonra, ta bu günə kimi, saysız-hesabsız düşünürlər üçün çörək mənbəyi və qaynaq oldu.
Deyirlər,
Unudulmuş oxucu,
Mən Fatehi peyğəmbərləri çıxmaq şərti ilə, yer üzünə gəlib getmiş 3-5 kişidən, şəxsiyyətdən biri hesab edirəm. Nədənsə Fatehi düşündüyümdə Atilladan, Oğuz Xaqandan, İbn Ərəb idən, Nyutondan, Mikelancelodan, Mövlanadan, Dostoyevskidən, Eynşteyndən, Markesdən, S. Dalidən, H. Caviddən aldığım feyzi alıram. Sonradan anladım ki, Fateh müsəlman kimliyində və tarixdəki fəth üslubuyla bütün bu adlarını saydığım şəxsiyyətlərin şüursal axınının cəmidir. Mənə görə, bu adlarını saydığım şəxsiyyətlərin zehniyyətləri arasındakı bağlantılar elə biləsən, Fateh Sultan Məhmədin fəthlə bağlı strateji üslub cizgilərini ortaya qoyur. Fatehin coğrafiyaları, ölkələri fəth etməsi deyil, gələcəyi fəth etməsinin kökündə bir sirr yatır.
Düzdür, yaşadığı dönəmdə sevilməyən, hətta düşmən kimi görülən bu şəxsiyyətin, gələcəyi bir etnos və mədəniyyət üzərindən öz təşəbbüsü altına alması, onun kimlik fəaliyyətinin inancala yoğrulmasından, Tək Allaha bağlılıq prinsipindən, Allahın göndərdiyi informasiyanı zamanında və düzgün dəyərləndirməsindən, öz spiritual gücünü peyğəmbərlik təşəbbüsünə bağlamaq səriştəsindən irəli gəlirdi.
Ən əsası da, bütün bu spiritual gedişatın fonunda Fateh, bir fərd olaraq fiziki və mənəvi-batini gücüylə peyğəmbərlik sistemindən yararlana bildikcə, bir an olsun, nəfsinə zərrə qədər maddi həvəs-səfa kimi aşınma hərisliyini qondurmadı.
Böyük imperiyanın sultanı ola-ola, üstəlik mədəniyyətləri və tarixləri öz kimliyində əritmək kimi üst məsuliyyətlə çəkinmədən yola çıxasan, həm də əsl məğlubiyyətin göylərlə bağlılığını əbədi üsulla dərk edəsən, məncə, bu metafizik əxlaq, kimsənin hünəri deyil.
Fateh Sultanın özəlliyi odur ki, Allahın əmr etdiyi və peyğəmbərin müjdələdiyi “mənəvi-spiritual-sakral-dünyəvi gücü” öz kimliyində və şəxsiyyətində gerçəkliyə çevirib bir millət-ümmət adına tarixə bağışlayır. Belə bir şücaətin yalnız özünü bütünlüklə Allaha təslim edən iman və zəka sahibinə nəsib olacağına inanıram.
Zamanında xalq tərəfindən sevilməyən, ölümü istənilən bir şəxsiyyətin ölümündən sonra sevgiyə layiq görülməsi sanki sayğının “gələcəkdə sahibini gözləməyindən” xəbər verir. Elə Fatehi sağ ikən sevməyən xalq, əsrlər sonra sevilən Fatehlə birgə sevilir, rəhmətlə anılır. Çünki o mücadiləni Fateh o xalqla, o xalqın hesabına vermişdi. O zəfərləri də bu millətə və tarixə qazandıran Fateh o xalqın hesabına (dəxli yoxdur razı-narazı, əsas sonucdur :- X. T.) əldə etmişdir.
İstanbul, Ayasofya xalqın Fatehə olan nifrəti hesabına, düşmənçiliyi altında fəth edilmişdirsə də (çünki saysız-hesabsız şəhidlər ordusuna camaat biganə qala bilməzdi:- X. T.), bu gün İstanbul, Ayasofya, Boğazlar xalqın sevgisi hesabına, sonsuz şükranları sayəsində Fatehi yaşadır, Fatehi öz varlığında, öz kimliyində, öz mədəniyyətində əridir. Xalq bu gün özünə Fateh sayəsində kimlik verir, özünü Fatehin kimliyi ilə nizamlayır və gücləndirir.
Xanəmir Telmanoğlu








































































