Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
Əgər hər gün qəhvə içirsinizsə, bu vərdişin sümüklərinizin vəziyyətinə təsir edib-etmədiyi ilə maraqlanmalısınız. Yeni araşdırmada 65 yaş və yuxarı qadınlarda qəhvə və çay istehlakı ilə sümük sağlamlığı arasındakı əlaqə öyrənilib.
AZƏRTAC xəbər verir ki, “Nutrients” jurnalında dərc olunan araşdırmada 65 yaş və yuxarı qadınlarda qəhvə və çay istehlakı ilə sümüklərin mineral sıxlığı arasındakı əlaqə araşdırılıb.
Alimlər 9700-dən çox qadının iştirak etdiyi “Osteoporotik sınıqların tədqiqi”nin məlumatlarından istifadə ediblər. Onlar qəhvə və çay istehlakını izləyib, 10 il ərzində bir neçə dəfə sümüklərin mineral sıxlığını ölçüblər. Tədqiqat zamanı əsas diqqət qadınlarda sınıqların həqiqətənmi daha çox müşahidə edilib-edilmədiyinə deyil, sümük sıxlığındakı dəyişikliklərə yönəldilib.
Tədqiqatçılar gündə beş fincandan çox qəhvə istehlakı ilə sümük toxumasının sıxlığının azalması arasında mümkün əlaqə olduğunu müəyyən ediblər.
Alimlər qeyd ediblər ki, bu nəticə əlavə araşdırma tələb edir. Bununla belə, əldə olunan nəticələr daha çox qəhvə istehlakının sümük toxumasının sıxlığının azalmasına səbəb olduğunu birmənalı şəkildə təsdiqləmir.
Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, çay içən qadınlarda bud nahiyəsində sümük toxumasının sıxlığı çay içməyən qadınlarla müqayisədə bir qədər yüksək olub. Lakin fərq o qədər cüzi olub ki, ayrı-ayrı insanlar üçün ciddi hesab edilmir.



































































