Sistemli dövlət siyasətinin bariz nəticəsi - ŞƏRH
Azərbaycan idmanı müasir çağırışlara cavab verən, beynəlxalq rəqabətə davamlı və qalibiyyət ruhuna malik sistem kimi formalaşıb.
Möhtərəm Prezident cənab İlham Əliyevin idman sahəsinə strateji baxışı bu sahəni təsadüfi nəticələrdən uzaqlaşdıraraq uzunmüddətli və davamlı inkişaf xəttinə çıxarıb. Məhz Ölkə başçımızın liderliyi nəticəsində Azərbaycan idmanı müasir çağırışlara cavab verən, beynəlxalq rəqabətə davamlı və qalibiyyət ruhuna malik sistem kimi formalaşıb. Son illər ərzində Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlar, xüsusilə medal göstəricilərində müşahidə olunan davamlı artım məqsədyönlü və sistemli dövlət siyasətinin bariz nəticəsidir.
Ötən dövr ərzində idmançılar üçün müasir məşq şəraiti yaradılıb, peşəkar məşqçi heyətinin hazırlanması və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi təmin edilib. Eyni zamanda, gənc istedadların aşkar olunması və onların mərhələli şəkildə yüksək səviyyəli idmançı kimi yetişdirilməsi dövlət səviyyəsində prioritet istiqamətə çevrilib. Bu sistemli yanaşma Azərbaycan idmançılarının Olimpiya Oyunları, dünya və Avropa çempionatları kimi nüfuzlu yarışlarda stabil və ardıcıl nəticələr göstərməsinə imkan yaradıb.
Xüsusilə qeyd edilməlidir ki, cənab Prezident İlham Əliyev hər bir böyük idman uğurunu şəxsən dəyərləndirir, qalib idmançılarla görüşür və onları yüksək dövlət mükafatları ilə təltif edir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib. Hazırda idmanın yalnız paytaxtda deyil, bütün regionlarda əlçatan olduğunu deyə bilərik. Bu mənada son illər ərzində ölkənin müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya İdman Komplekslərinin inşa olunaraq istifadəyə verildiyini qeyd edə bilərik.
Bu obyektlər idmançı hazırlığının gücləndirilməsi ilə yanaşı, kütləviliyin artırılmasına, uşaqların və gənclərin sağlam həyat tərzinə cəlb edilməsinə geniş imkanlar açıb. Artıq ənənəyə çevrilmiş “Formula 1 yarışlarının ardınca bu il ölkəmizdə ilk dəfə UFC turnirinin təşkil olunması, MDB ölkələrinin III Oyunlarının bir neçə şəhəri, o cümlədən Xankəndini əhatə etməsi ölkəmizin gücünü nümayiş etdirən amillərdədəndir.
Xüsusilə Xankəndidə yarışların keçirilməsi müstəsna siyasi və mənəvi məna daşıyırdı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə təmin olunmuş tarixi Zəfərin, suverenliyin tam bərpasının və milli birliyin idman dili ilə dünyaya təqdimatıdır. 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha qəti şəkildə nümayiş etdirdi ki, Azərbaycan idmanının bu gün əldə etdiyi uğurların təməlində cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsi, prinsipial mövqeyi və daim şəxsi nəzarətdə saxladığı ardıcıl dövlət siyasəti dayanır.
Araz Əhmədov
Neftçala rayonu










































































