Depressiyanın müxtəlif beyin profilləri eyni simptomlara səbəb ola bilər - TƏDQİQAT

Hit: 162
Depressiyanın müxtəlif beyin profilləri eyni simptomlara səbəb ola bilər - TƏDQİQAT
Yeni elmi araşdırma depressiyanın səbəblərinin düşündüyümüzdən daha mürəkkəb olduğunu ortaya qoyur. “Biological Psychiatry” jurnalında dərc edilən tədqiqat göstərir ki, depressiya diaqnozu qoyulan insanlar arasında həm beyin quruluşunda, həm də simptomlarda böyük fərqlər mövcuddur.
 
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırma zamanı elm adamları depressiyanın fərqli klinik təqdimatlarını və bu simptomlarla bağlı neyrobioloji dəyişiklikləri araşdırıblar. Məlum olub ki, eyni simptomlara malik insanlar müxtəlif beyin profillərinə sahib ola bilər. Bu isə o deməkdir ki, depressiyanın səbəbi və gedişatı insandan insana dəyişə bilər.
 
Vaşinqton Universitetinin baş tədqiqatçısı Janin Bİrterboş izah edir: “Depressiyada fərqlilik uzun müddətdir psixiatriyada müzakirə olunan mövzudur. Xəstələr simptomlara və beyin fəaliyyətlərinə görə bir-birindən fərqlənə bilər”.
 
Tədqiqatçılar Böyük Britaniyada əhali üzərində aparılmış məlumatlardan istifadə edərək bir sualın cavabını tapmağa çalışıblar: depressiyanın klinik görünüşü ilə beyin dəyişiklikləri arasında sadə bir əlaqə varmı, yoxsa daha mürəkkəb bir sistem mövcuddur? Nəticədə məlum olub ki, bir neçə fərqli beyin quruluşu eyni simptomlara səbəb ola bilər.
 
Pensilvaniya Universitetindən İvet Şelin qeyd edir ki, depressiyanın yalnız bir simptomuna görə (məsələn, depressiv əhval-ruhiyyə) qruplaşdırılmış xəstələrin beyinlərində daha güclü və fərqli dəyişikliklər müşahidə olunub. Bu, depressiyanın “çoxlu-bir” beyin-simptom modeli ilə izah edilə biləcəyini sübut edir. Əldə olunan nəticələr göstərir ki, gələcəkdə daha effektiv müalicə yollarının tapılması üçün depressiya xəstələri həm klinik əlamətlərə, həm də beyin quruluşuna görə alt qruplara bölünməlidir. Bu yanaşma müalicənin fərdiləşdirilməsinə və daha yüksək uğur faizinə gətirib çıxara bilər.
 
Hazırda ABŞ-da hər 10 nəfərdən biri depressiya keçirir, lakin xəstələrin yalnız az bir hissəsi ilk müalicədən fayda görür. Bu səbəbdən elm adamları depressiyanın neyrobioloji əsaslarını daha dərindən araşdırmaqla daha hədəfli və təsirli müalicə metodları hazırlamağa çalışırlar.








Redaktorun seçimi