Alimlər 5700 il enerji doldurulmadan işləyən batareya hazırladı

Hit: 160
Alimlər 5700 il enerji doldurulmadan işləyən batareya hazırladı
Bristol Universiteti və Böyük Britaniya Atom Enerjisi İdarəsinin (UKAEA) alimləri enerji sahəsində inqilabi kəşf ediblər. Onlar 5700 il enerji yığmadan işləyə bilən unikal batareya hazırlayıblar. Bu batareyaların əsasında radioaktiv karbon-14 izotopu dayanır və o, sintetik almaz strukturu ilə birləşdirilərək mikrovatt gücündə davamlı elektrik axını təmin edir. 
 
Valyuta.az xəbər verir ki, bu barədə "Earth" nəşri məlumat yayıb.
 
"Almaz əsaslı batareyalar mikrosəviyyəli, fasiləsiz enerji təminatı üçün təhlükəsiz və dayanıqlı üsul təklif edir", deyə UKAEA-nın tritium yanacağı dövriyyəsi direktoru Sara Klark bildirib.
 
Bu texnologiya necə işləyir?
 
Karbon-14 izotopunun yarımparçalanma dövrü təxminən 5700 ildir. Bu izotop almaz qabıq daxilində yavaş-yavaş parçalanarkən yüksək sürətli elektronlar yaranır. Almazın yarımkeçirici xüsusiyyətləri bu elektronları elektrik cərəyanına çevirir. Almaz strukturu yalnız enerjinin yaranmasını təmin etmir, eyni zamanda radiasiyanı içəridə saxlayaraq batareyanın istifadəsini təhlükəsiz edir.
 
Bu batareya nə ağıllı telefonlar, nə də elektromobillər üçün nəzərdə tutulub. O, əsasən kardiostimulyator, eşitmə cihazı, peyk mayakları, kosmik zonclar və ya onilliklər boyu işləməli olan radio tezlikli etiketlər kimi mikrocihazlara enerji verə bilər.
 
Batareyaların üstünlükləri:
 
* enerji doldurulmasına ehtiyac yoxdur;
* almaz örtük sayəsində minimum radiasiya buraxır;
* karbon-14 nüvə reaktorlarının qrafit tullantılarından əldə olunur;
* batareyaların dəyişdirilməsinin mümkün olmadığı ekstremal şəraitlər üçün idealdır.
 
"Nanoenerji texnologiyamız kosmik tədqiqatlardan tutmuş tibbi implantlara qədər bir çox kritik sahədə istifadəyə yararlıdır", deyə layihənin həmmüəllifi professor Tom Skott bildirib.
 
Lakin bu texnologiyanı tətbiq etmək üçün bəzi çətinliklər mövcuddur:
 
Yeni texnologiya hələ ki, laboratoriya mərhələsindədir. Onun geniş tətbiqi sintetik almaz istehsalının yüksək qiyməti, radioaktiv materiallarla işləmənin mürəkkəbliyi və "radioaktiv" termini ilə bağlı ictimai qərəzlər səbəbindən çətinləşir.
 
Bununla belə, effektiv miqyaslama və cəmiyyətlə şəffaf kommunikasiya şəraitində karbon-14 batareyası kritik texnologiyalar üçün avtonom enerji mənbəyi anlayışını kökündən dəyişə bilər.








Redaktorun seçimi