"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

"Google" şirkəti "Chrome" brauzerinin 139-cu versiyasını təqdim edərək onu tarixdəki ən sürətli versiya adlandırıb. Şirkətin iddiasına görə, "Chrome" brauzeri "Speedometer 3.0" testində əvvəlki göstəricilərlə müqayisədə 10% daha yüksək sürət əldə edib. Bu, avqust 2024-cü illə müqayisədə əhəmiyyətli irəliləyişdir.
Sürət artıb, amma narahatlıqlar qalır
Valyuta.az xəbər verir ki, sürət artımı bir neçə texniki yeniliyin nəticəsi olub: səhifələrin renderlənməsi (vizual göstərilməsi) mexanizmləri təkmilləşdirilib, keş istifadəsi optimallaşdırılıb və yaddaş idarəetməsi ilə məlumat strukturlarında yeniliklər edilib.
"Google"un məlumatına görə, brauzerin səhifə yükləmə sürəti və interaktivliyi nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, rəsmi açıqlamada "Chrome"un digər brauzerlərlə, məsələn, "Firefox" və ya "Microsoft Edge" ilə müqayisəsi aparılmayıb. Bu isə "Chrome"un üstünlüklərinin obyektiv qiymətləndirilməsini çətinləşdirir.
İstifadəçilər narazıdır: RAM istifadə hələ də yüksəkdir
Yeniliklərə baxmayaraq, istifadəçilər "Chrome"un sistem resurslarını həddindən artıq istifadəsi ilə bağlı narazılıqlarını davam etdirirlər. Xüsusilə də az yaddaşa malik olan cihazlarda bu "iştahlı" brauzer hələ də cihazı yükləyir və batareyanı tez tükədir.
"Google" son illərdə "Chrome"un yaddaş və enerji istifadəsini azaltmaq üçün bir sıra tədbirlər görsə də, istifadəçilərin bir qismi bu dəyişikliklərin reallıqda ciddi fərq yaratmadığını bildirir.
İzlənmə ilə bağlı narahatlıqlar davam edir
Digər bir narahatlıq isə "Chrome"un istifadəçi fəaliyyətlərini izləməsi ilə bağlı iddialardır. İstifadəçilər "Google"un məxfilik siyasətinə etimadla yanaşmır. Bu cür ittihamlar digər böyük texnologiya şirkətləri üçün də keçərlidir, lakin "Chrome"un bazar lideri olması səbəbilə ona diqqət daha çoxdur.
"Chrome"un bazar payı dəyişmir
Son statistikaya əsasən, "Chrome" qlobal brauzer bazarının 65%-nə sahibdir və liderliyini qoruyur. "Microsoft"un "Windows" sistemlərində standart olaraq təqdim etdiyi Edge isə 13% istifadə payına malikdir.


