"Amazon" "gələcəyin cihazları" üçün işə başladı

"Amazon" sıfırdan hazırlanacaq ağıllı cihazlar üzərində çalışmaq məqsədilə xüsusi bir komanda yaradıb.
Valyuta.az xəbər verir ki, "ZeroOne" adlandırılan bu yeni bölməyə "Microsoft"un tanınmış simalarından biri rəhbərlik edir. Komandanın ilk məhsulunu nə zaman təqdim edəcəyi isə hələlik açıqlanmayıb.
Texnologiya dünyasında diqqətçəkən yeni bir addım atan Amazon, gələcəyə yönəlik "çığır açacaq" cihazlar hazırlamaq üçün "ZeroOne" adlı xüsusi bir qrup qurub. Bu komandanın rəhbərliyinə isə “Xbox” oyun konsolunun həmtəsisçilərindən və “Microsoft”un sabiq rəhbərlərindən biri olan Cey Allard gətirilib.
Allard “Microsoft”dakı təxminən 20 illik karyerası ərzində “Xbox” və “Xbox 360” konsollarının inkişafında önəmli rol oynayıb. Eyni zamanda “Zune” musiqi pleyeri, “Kin” telefonları və “Courier” planşeti kimi innovativ, lakin çətin layihələrdə də iştirak edib. 2024-cü ilin son rübündə "Amazon"a qoşulan Allard burada şirkətin gələcək texnoloji vizyonuna istiqamət verəcək yeni ideyalar üzərində çalışır.
Komanda barədə detallar məhduddur, amma ipucları mövcuddur
“ZeroOne” komandasına dair rəsmi məlumatlar hələlik məhdud olsa da, yayımlanan vakansiyalar bəzi ipucları verir. Elanlar; tətbiqi elm, məhsul marketinqi və istifadəçi davranışı kimi sahələrdə yüksək ixtisas tələb edən vəzifələri əhatə edir. Xüsusilə tətbiqi elm vakansiyalarında “yeni bir ağıllı ev məhsulunun” hazırlanmasına birbaşa istinad edildiyi görünür. Marketinq sahəsindəki elanlarda isə daha ümumi şəkildə “bir Amazon cihazı” üzərində çalışılacağı qeyd olunur.
“ZeroOne” tərəfindən hazırlanacaq ilk məhsulun nə olacağı və ya nə vaxt təqdim ediləcəyi barədə isə hələlik heç bir açıqlama verilməyib. Buna baxmayaraq, Amazon-un indiyədək olan məhsul inkişafı təcrübəsi bu yeni təşəbbüsə marağın artmasına səbəb olub.
Ən böyük üstünlük: "Amazon"un ağıllı ev təcrübəsi
"Amazon" xüsusilə ağıllı ev texnologiyaları sahəsində güclü infrastrukturla seçilir. “Alexa” səsli köməkçi sistemi ilə inteqrasiya olunan “Echo” cihazları uzun illərdir bazarda mövcuddur. Şirkətin tərkibində həmçinin təhlükəsizlik kamerası istehsalçısı “Blink” və şəbəkə texnologiyaları təminatçısı “Eero” kimi markalar da yer alır. Bu texnoloji baza “ZeroOne” komandası üçün yeni nəsil cihazlar üzərində işləmək baxımından möhkəm zəmin yaradır.
Yeni komanda, "Amazon"un ağıllı ev sahəsindəki bilik və təcrübəsini daha da inkişaf etdirərək, şirkətin gələcəkdəki avadanlıq strategiyasına yön verə biləcək əsas bir oyunçuya çevrilə bilər.


