Alimlər bioloji parçalanabilən plastik material hazırlayıblar

Hit: 261
Alimlər bioloji parçalanabilən plastik material hazırlayıblar
İsveçrənin Empa Tətbiqi Elmlər və Materiallar Tədqiqat İnstitutunun alimləri plastik materiallara innovativ və davamlı alternativ təqdim ediblər. Alimlər tərəfindən hazırlanmış yeni biomaterial həm elastik, həm bioloji parçalanabilən, həm də tamamilə toksik olmayan, hətta yeməli bir strukturdur. Ən maraqlı cəhəti isə odur ki, bu material hələ də canlıdır.
 
AZƏRTAC “Science Alert” saytına istinadla xəbər verir ki, yeni materialda “Schizophyllum commune” adlı göbələk növünün miselyumlarından, yəni kökəbənzər hissələrindən əldə edilib. Ənənəvi bioloji parçalanan materiallardan fərqli olaraq bu liflər onların təbii bioloji funksiyalarına zərər vermədən emal olunub. Alimlər tərəfindən “canlı lif dispersiyası” və ya LFD adlandırılan bu geləbənzər material müxtəlif formalar alma qabiliyyətinə malik olmaqla yanaşı, göbələyin hüceyrədənkənar matriksindən də tam şəkildə istifadə edir. Bu, digər bioloji materialların əksəriyyətinin istifadə edə bilmədiyi kompleks və funksional xüsusiyyətdir.
 
Empanın tədqiqatçısı Aşutoş Sinha bildirir: “Göbələk özünə struktur və funksional xüsusiyyətləri vermək üçün hüceyrədənkənar matriksdən istifadə edir. Biz niyə eyni yanaşmanı tətbiq etməyək?”
 
Tədqiqat qrupu “şizofillan” və “hidrofobin” adlı iki əsas molekulun istehsalını artırmaq üçün göbələyin spesifik bir ştamını yetişdirib. Bu molekullar materialın möhkəmliyini və elastikliyini təmin edən əsas komponentlərdir. LFD-nin mümkün tətbiq sahələrinə yüksək dartılma gücünə malik nazik filmlər, bioparçalanan kompost torbaları, həmçinin ultranazik, parçalana bilən batareyalar daxildir. Bundan əlavə, material emulqator kimi də effektiv fəaliyyət göstərir. Bu xüsusiyyət onu qida və kosmetika sənayesində, xüsusən də dondurma, losyon və şampun kimi məhsullarda istifadəyə yararlı edir. LFD-nin təkrar istifadə olunan əsas üstünlüklərindən biri canlı olması səbəbilə zaman keçdikcə öz funksional molekullarını buraxmağa davam etməsidir.
 
Yeməli göbələkdən əldə olunduğu üçün LFD toksik deyil və qida əlavəsi kimi istifadəyə yararlıdır. Bu da onu təhlükəsiz kosmetik və qida məhsullarında istifadə üçün ideal edir. Tədqiqatçılar bu yanaşmanın daha spesifik funksiyalara malik yeni biomaterialların hazırlanması üçün də geniş imkanlar yaratdığını vurğulayırlar. Empa tədqiqat qrupunun rəhbəri Qustav Nyström belə qeyd edir: “Bioloji parçalana bilən materiallar həmişə ətraf mühitlə qarşılıqlı əlaqəyə girir. Biz bu qarşılıqlı əlaqənin maneə deyil, üstünlük olduğu sahələri müəyyən etmək istəyirik”.
 
Bu yenilikçi tədqiqat “Advanced Materials” jurnalında dərc olunub və biomateriallar üzrə gələcək araşdırmalar üçün mühüm istiqamət göstəricisi hesab olunur.








Redaktorun seçimi