Astronomlar Süd Yoluna bənzəyən, amma ondan daha böyük qalaktika aşkar ediblər

Astronomlar kainatın tarixində daha əvvəlki dövrə aid qalaktika müşahidə ediblər ki, bu qalaktikanın forması bizim Süd Yolumuza çox bənzəyir; onun mərkəzində ulduzlar sayrışır və qaz keçirən spiral quruluşu var. Amma daha böyük olan bu qalaktikanın formalaşması alimlər üçün yeni tədqiqat mövzusu olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, J0107a adlanan uzaq qalaktikanın təqribən 11,1 milyard il əvvəl, kainatın indiki yaşının təxminən beşdəbiri olduğu zaman meydana çıxdığı ehtimal edilir. Astronomlar qalaktikanın tədqiqi üçün Çilidə yerləşən “Atakama” (ALMA) yerüstü və NASA-nın Ceyms Uebb kosmik teleskoplarının məlumatlarından istifadə ediblər. Onlar müəyyən ediblər ki, qalaktikanın ulduzları və qazı da daxil olmaqla, kütləsi Süd Yolundan 10 dəfədən çox böyükdür və o, illik sürətlə təxminən 300 dəfə böyük ulduz əmələ gətirir.
Yaponiya Milli Astronomiya Rəsədxanasından astronom Şuo Huanq bu həftə “Nature” jurnalında dərc edilən məqaləsində bildirib ki, bu, yüksək ulduz əmələ gəlmə sürətinə və bol qaza malik “canavar qalaktikadır”, indiki analoqları ilə müqayisədə qat-qat genişdir.
Yaponiyanın Şizuoka Universitetinin astronomu, tədqiqatın həmmüəllifi Toşiki Saito isə bildirib: “Bu kəşf mühüm sualı ortaya qoyur: bu qədər böyük bir qalaktika erkən kainatda necə meydana gəlib?”.
Bugünkü kainatda J0107a ilə oxşar sürətlə ulduz əmələ gətirən bir neçə qalaktika olsa da, onların demək olar ki, hamısı qalaktik birləşmə və ya toqquşma prosesində olanlardır. Yeni kəşf edilən qalaktika ilə bağlı belə halların heç bir əlaməti yoxdur.
Astronomlar bildirirlər ki, J0107a və Süd Yolunun bəzi ümumi cəhətləri var. Onlar eyni dərəcədə nəhəngdir və oxşar maneəli quruluşa malikdirlər. Bununla belə, Süd Yolunun nəhəng strukturlarını yaratmaq üçün kifayət qədər vaxtı var idi, J0107a isə bundan məhrum olub. Belə ki, 13,8 milyard il əvvəl Kainatın yaranmasına səbəb olan Böyük Partlayış hadisəsindən sonra ilk bir neçə milyard il ərzində qalaktikalar təlatümlü varlıqlar idi və qaz baxımından hazırda mövcud olanlardan qat-qat zəngin olublar. Bu, ulduz əmələ gəlməsi prosesində həddindən artıq partlamaya səbəb olan amillərdir. Süd Yolunun maneəli spiral forması kimi yüksək mütəşəkkil strukturlara malik qalaktikalar indi oxşar olsalar da, 11,1 milyard il əvvəl onlar belə deyildi.
Bu gün kainatda müşahidə edilən spiral qalaktikaların təxminən üçdə ikisi çubuq quruluşuna malikdir. Bu, onların spiral qolları vasitəsilə içəriyə qaz gətirilməsi ilə izah olunur. Qazların bəziləri molekulyar buludlar adlanan dumanlıq əmələ gətirir. Cazibə qüvvəsi bu buludların büzülməsinə səbəb olur, beləliklə, kiçik mərkəzlər qızdırılır və yeni ulduzlara çevrilir.


