"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

Hit: 157
"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir
ABŞ-da "Google"a qarşı açılmış antitrest (antiinhisar) məhkəməsində ortaya çıxan yeni məlumatlar, şirkətin süni intellekt tətbiqi olan "Gemini"ni istifadəçilərə qəbul etdirmək üçün "Samsung"a böyük məbləğlərdə ödəniş etdiyini təsdiqləyib.
 
Valyuta.az-ın məlumatına görə, "Google"ın Platformalar və Cihaz Tərəfdaşlıqları üzrə vitse-prezidenti Piter Fitscerald federal məhkəmədə verdiyi ifadəsində bildirib ki, bu ödənişlər yanvar ayında başlayıb və şirkətlə "Samsung" arasında azı iki il müddətinə qüvvədə olacaq müqavilə imzalanıb. O, həmçinin qeyd edib ki, "Google", "Samsung"a sabit aylıq ödənişlərlə yanaşı, "Gemini" tətbiqindən əldə olunan reklam gəlirindən də pay verir.
 
Həmin ödənişlərin konkret məbləği açıqlanmasa da, ABŞ Ədliyyə Nazirliyinin vəkili Devid Dahlkist bu rəqəmləri "çılğın məbləğ" adlandırıb.
 
Bu məhkəmə prosesi "Google"ın axtarış mühərriki bazarında inhisar yaratdığı iddiaları ilə başlanıb. Şirkətin "Apple", "Samsung" və digər cihaz istehsalçılarına axtarış mühərrikini varsayılan seçim etmək üçün milyonlarla dollar ödədiyinə dair ifadələr məhkəmənin əsas sübutlarından biridir.
 
İstifadəçilərin alternativ axtarış mühərriklərini seçmək imkanının olduqca məhdudlaşdırıldığı iddia olunur. Texnologiya şirkətləri, yüksək büdcəli razılaşmalarla "Google"ı əsas seçim halına gətirir. Fərqli axtarış mühərrikindən istifadə etmək istəyənlər isə mürəkkəb parametrlər menyusunda seçimlərini dəyişməyə məcbur qalırlar.
 
ABŞ Ədliyyə Nazirliyi, "Google"ın yüksək məbləğdə cərimələnməsini və inhisar mövqeyini zəiflətmək üçün bəzi törəmə şirkətlərinin satılmasını tələb edir. Məlumata görə, bu tələbə "Google"ın ABŞ-da keçiriləcək prezident seçkiləri prosesində Donald Trampa qarşı fəaliyyət göstərdiyi iddiaları da təsir edib. Lakin bu məsələ hələ də müzakirə mövzusu olaraq qalır — bu, texnologiya nəhənglərinin tənzimlənməsi yönündə atılan hüquqi addımlardırmı, yoxsa siyasi qarşıdurmanın bir hissəsidir?








Redaktorun seçimi