“SpaceX”in “Cargo Dragon” yük gəmisi stansiyaya rekord çəkidə ərzaq gətirib

Hit: 157
“SpaceX”in “Cargo Dragon” yük gəmisi stansiyaya rekord çəkidə ərzaq gətirib
Beynəlxalq Kosmik Stansiya (BKS) üçün ərzaq təminatı ilə dolu yola salınan “SpaceX” şirkətinə məxsus “Cargo Dragon” yük gəmisi uğurla stansiyaya qəbul edilib.
 
AZƏRTAC “SpaceNews”a istinadla xəbər verir ki, bu planlı uçuş olsa da, əvvəlcədən nəzərdə tutulmuş yük komplektasiyası pozulub. Belə ki, stansiyaya növbəti yüklərin daşınması üçün nəzərdə tutulan NASA-nın “Cygnus” yük gəmisi start meydançasına daşınma zamanı zədələnib. O, payıza qədər uçmayacaq, buna görə də ekipajın ərzaqla təmin olunması prioritet məsələyə çevrilib.
 
“Cargo Dragon” stansiyaya ümumilikdə 3021 kq yük çatdırıb. Son missiyalardan fərqli olaraq, “SpX-32” missiyası ekipaj üçün böyük həcmdə, yəni 1468 kq yük gətirib. Belə ki, ötən ilin noyabrında SpX-31 missiyası ilə 961 kq, 2024-cü ilin martında SpX-30 missiyası ilə isə cəmi 545 kq yük gətirilmişdi. Bu yalnız ərzaq deyil, həm də su və nəfəs almaq üçün oksigen ehtiyatlarıdır.
 
“Northrop Grumman” şirkətinə məxsus “Cygnus” yük gəmisi stansiyaya öz payına düşən ehtiyatları çatdırmalı idi. “NG-22” missiyası çərçivəsində bu gəminin uçuşu iyun ayına planlaşdırılmışdı. Lakin gəmi kosmodroma daşınarkən onun yerləşdiyi konteyner o qədər ciddi zədələnib ki, nəticədə aparatın özü də xəsarət alıb. Bu səbəbdən NASA “NG-22” missiyasının buraxılışını ləğv etməyi üstün tutdu. Ola bilsin ki, gəmi payızda “NG-23” missiyasının tərkibində uçuş həyata keçirsin, lakin bunun üçün o, hərtərəfli texniki ekspertizadan keçməlidir. Hər bir halda, çox güman ki, payıza qədər Beynəlxalq Kosmik Stansiyaya yeni yük buraxılışları baş tutmayacaq. Buna görə də “Cargo Dragon” stansiyaya qabaqcadan artırılmış həcmdə ərzaq və istehlak materialları çatdırıb.
 
Təchizatın çatdırılmasına verilən üstünlük missiyanın elmi proqramına təsirsiz ötüşmədi. “SpX-32” yük gəmisi BKS-yə cəmi 255 kiloqram elmi avadanlıq gətirmişdi. Müqayisə üçün qeyd edək ki, “SpX-30" 15kq, SpX-31 zamanı isə 917 kiloqram daşınmışdı.
 
18 aprel tarixində keçirilən startöncəsi brifinqində NASA-nın nümayəndələri “SpX-32” missiyası çərçivəsində əvvəlcədən planlaşdırılmış neçə elmi tədqiqatın əlavə ehtiyatlar səbəbindən proqramdan çıxarıldığını dəqiq deyə bilmədilər. Daha sonra NASA açıqladı ki, proqramdan 14 elmi eksperiment çıxarılıb. Bununla belə, gəmi göyərtəsində 30-dan çox faydalı elmi yük saxlanılıb.
 
“Cargo Dragon”un stansiyaya gətirdiyi elmi eksperimentlərə bitki yetişdirilməsi ilə bağlı təcrübələr, stansiya daxilində havanın tərkibini öyrənmək üçün aerozol monitoru və farmasevtik preparatlar daxildir. Bundan əlavə, kosmik aparat hermetik olmayan yük bölməsində 755 kiloqram yük də daşıyır: buraya Avropa Kosmik Agentliyinin ümumi nisbilik nəzəriyyəsinin yoxlanmasına həsr olunmuş “ACES” (Atomic Clock Ensemble in Space) eksperimenti və “Hyuston 10” adlı təcrübələr toplusundan ibarət kosmik sınaq proqramı daxildir.
 
Həmin brifinqdə NASA nümayəndələri həmçinin vurğuladılar ki, hazırda stansiyada ərzaq və istehlak materialları sarıdan heç bir çatışmazlıq yoxdur. “Hazırda ekipaj bütün zəruri ehtiyatlarla tam şəkildə təmin olunub”, – deyə agentlik bildirib. Hətta növbəti yük missiyası olan “SpX-33” bu ilin yayının sonuna qədər təxirə salınsa belə, mövcud ehtiyatlar kifayət edəcək.








Redaktorun seçimi