Cənubi Koreyada yeni nəsil maye əsaslı robot yaradılıb

Cənubi Koreyalı alimlər digər ölkələrdən olan həmkarları ilə birlikdə maye əsaslı yeni nəsil yumşaq robot hazırlayıblar. Bu robot metal çubuqlar arasından keçə, digər robotlarla birləşə və hətta su üzərində hərəkət edə bilir.
Məlum olduğu kimi, bioloji hüceyrələr forma dəyişdirmək, sərbəst şəkildə bölünmək, birləşmək və digər maddələri udmaq qabiliyyətinə malikdir. Alimlər uzun müddətdir bu xüsusiyyətləri süni sistemlərə tətbiq etməyə çalışırlar. Lakin ənənəvi bərk robotlar yetərli qədər elastik deyil.
Yeni tədqiqat zamanı komanda “maye” robot yaradıb. O, mexaniki təsirlərdən qorunur və sıx hidrofob (su itələyici) hissəciklərlə əhatə olunub. Model mayenin plastikliyini və bərk cisimlərin struktur sabitliyini özündə birləşdirir. Robot ekstremal sıxılmaya davam gətirə bilir, zərbədən sonra isə (məsələn, yıxılma halında) əvvəlki formasını asanlıqla bərpa edir.
Eksperiment sübut edib ki, bu robot dar məkanlardan keçə bilir, digər maddələri tutub daşımaq qabiliyyətinə malikdir. O, həm su səthində, həm də bərk torpaqda hərəkət edə bilir.
Robotun hərəkəti ultrasəs vasitəsilə idarə olunur. Bu modelin biotibbdə, məsələn, dərmanların ünvanlı çatdırılması üçün istifadə olunması nəzərdə tutulur. Həmçinin, təbii fəlakət zonalarında, dağıntılar altında çətin aşkar edilən sahələrin araşdırılması üçün faydalı ola bilər. Alimlər gələcəkdə robotu inkişaf etdirməyi və icra edəcək tapşırıqların əhatə dairəsini genişləndirməyi planlaşdırırlar, – deyə “Science Advances” yazır.
Qeyd edək ki, daha əvvəl Çində kosmosda faydalı qazıntıların çıxarılması üçün pəncəli robot yaradılmışdı. Həmin model aşağı cazibə şəraitində yerə bərkidilmə qabiliyyətinə malik pəncələrlə təchiz olunub. Bundan əlavə, robot təkərlərlə də təchiz edilib və o, həm planetlərdə, həm də asteroidlərdə işləyə biləcək.


