"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung Electronics" 2025-ci ilin ilk rübündə analitiklərin proqnozlarından daha yüksək gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, yanvar-mart aylarında şirkətin əməliyyat mənfəəti 6,6 trilyon von (təxminən 4,49 milyard ABŞ dolları) təşkil edib. Bu göstərici bazar gözləntiləri ilə müqayisədə (5,1 trilyon von) xeyli yüksəkdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət cəmi 0,2% azalsa da, analitiklər bu azalmağı cüzi hesab edir və nəticəni ümumilikdə müsbət qiymətləndirirlər. Mənfəətin bu səviyyədə qalmasına əsas səbəb kimi yaddaş çipləri və smartfonlara olan güclü tələbat göstərilir.
"Hyundai Motor Securities"in araşdırma rəhbəri Qreq Ro bildirib ki, ABŞ-da tətbiq oluna biləcək rüsumlara qarşı ehtiyatlanan müştərilər əvvəlcədən böyük miqdarda çip alıblar və bu da "Samsung"un satışlarını artırıb. Onun sözlərinə görə, çip qiymətləri ucuzlaşsa da, müştərilərin qabaqcadan alış etməsi şirkətin maliyyə göstəricilərinə müsbət təsir edib.
Bundan əlavə, müsbət nəticələr səhmlərə də təsir edib. "Samsung" səhmləri ilkin açıqlamadan sonra səhər saatlarında 2,6% bahalaşıb. Bu göstərici Cənubi Koreya birjasının əsas göstəricisi olan KOSPI indeksindəki 1,6%-lik artımı da geridə qoyub.
Xatırladaq ki, "Samsung" 2024-cü ilin ilk rübündə 6,61 trilyon von, sonuncu rübdə isə 6,49 trilyon von mənfəət əldə etmişdi. Şirkət 30 aprel tarixində 2025-ci ilin ilk rübü üzrə ətraflı maliyyə hesabatını təqdim edəcək.


