"İnstagram" bu funksiyasını dəyişəcək

Dünyanın ən populyar sosial media platformalarından biri olan "Instagram" istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün yeniliklərə davam edir.
Valyuta.az xəbər verir ki, platformanın rəhbəri Adam Mosseri yaxın vaxtlarda tətbiqdə mühüm dəyişikliklərin baş verəcəyini açıqlayıb. Onun sözlərinə görə, gənclərin ənənəvi axtarış mühərrikləri əvəzinə "TikTok" kimi platformalardan istifadə etməyə başlaması bu istiqamətdə addımların atılmasını zəruri edib.
Mosseri bildirib ki, artıq "İnstagram"ın axtarış funksiyası üzərində çalışan kiçik bir komanda mövcuddur və şirkət bu sahəyə daha böyük sərmayə qoymağı planlaşdırır. Məqsəd isə "TikTok" tipli axtarış təcrübəsi təqdim etməkdir.
Hazırda bir çox istifadəçi "Google" əvəzinə, qısa video nəticələr əldə etmək üçün "TikTok"a üstünlük verir. "İnstagram" isə onun ən böyük rəqibi olan bu platformaya cavab olaraq öz axtarış sistemini təkmilləşdirməyə hazırlaşır. Mosseri qeyd edib ki, gələcəkdə platforma insanların axtardıqları məlumatlara asanlıqla çata bildikləri bir mərkəzə çevriləcək. Bununla yanaşı, məzmun yaradıcılarının köhnə paylaşımlarının yenidən diqqət qazanması üçün də imkan yaranacaq.
Hazırda dəyişikliklərin dəqiq detalları açıqlanmasa da, axtarış sisteminin "TikTok"a bənzəyəcəyi ehtimal olunur.


