Yeni diaqnostik cihaz qan nümunəsi olmadan malyariyanı aşkar edir

Hit: 2926
Yeni diaqnostik cihaz qan nümunəsi olmadan malyariyanı aşkar edir
Lazer və ultrasəslə malyariya müayinəsi aparmaq üçün yeni cihaz yaradılıb.
 
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Yale Universitetinin tədqiqatçıları qan nümunəsi olmadan malyariya diaqnozu qoymağa imkan verən yenilikçi bir texnologiya – “Cytophone” adlı cihaz hazırlayıb.
 
Lazer və ultrasəs texnologiyasından istifadə edən cihaz, inkişaf etməkdə olan ölkələrdə qan testləri üçün laboratoriyaların mövcud olmaması ilə bağlı problemləri həll edə bilər. Tədqiqatçıların fikrincə, cihaz, xüsusən aşağı və orta gəlirli ölkələr üçün etibarlı, təhlükəsiz və yüksək həssaslıqlı testlər təqdim edərək qlobal malyariya mübarizəsində ciddi dönüş nöqtəsi ola bilər.
 
Malyariya ciddi qlobal sağlamlıq problemidir. Bu xəstəlik dünyada hər il 250 milyondan çox insanda təsbit olunur və təxminən 600 min ölümə səbəb olan ciddi sağlamlıq təhlükəsi olaraq qalır. Ən böyük risk isə uşaqlar və hamilə qadınlardır. Malyariyanın səbəbkarı olan “Plasmodium falciparum” parazitinin aşkarlanması üçün hazırda qan testləri əsas üsuldur. Lakin qan testlərinin aparılması, xüsusilə məhdud resurslara malik bölgələrdə, bəzi logistik çətinliklər yaradır.
 
“Cytophone” cihazı malyariya paraziti olan qan hüceyrələrini hədəf alır. Texnologiya lazer və ultrasəsin birgə kombinasiyasından istifadə edir və masanın üstündə yerləşən kiçik ölçülü bir cihazdır. Xəstənin əlinin arxasında, damarların yaxınlığında yerləşdirilən qeyri-invaziv zond vasitəsilə işləyir. Cihaz, malyariya paraziti ilə yoluxmuş hüceyrələrdə toplanan dəmir kristalları olan hemozoini aşkar edir.
 
Tədqiqatın aparıcı müəllifi Jillian Armstrongun sözlərinə görə, lazer/ultrasəs kombinasiyası hemozoindən gələn işarələri müəyyən edərək yoluxmuş hüceyrələrin mövcudluğunu göstərir: “Venanın üstündə yerləşdirilən zond vasitəsilə “Cytophone”, hemozoina dair sübutları təsbit edə bilər”.
 
Qərbi Afrika ölkəsi Kamerunda aparılan klinik sınaqlarda, Yale komandası “Cytophone” cihazının malyariya infeksiyalarını yüksək həssaslıqla aşkarladığını sübut edib. Nəticələr göstərir ki, cihaz 90 faiz həssaslıq (10 infeksiyadan 9-nu dəqiq təyin etmə qabiliyyəti) və 69 faiz spesifikliyə (malyariyası olmayan insanların 10 hadisədən 7-də dəqiq müəyyən edilməsi) malikdir. Bu, mövcud qan testləri ilə müqayisədə bənzər dəqiqlik göstəriciləridir.
 
Afrikada 20 ildən artıq malyariya üzrə tədqiqatlar aparan Yale epidemioloqu dr. Sunil Parikh, bu texnologiyanın “maraqlı bir konsepsiya sübutu” olduğunu bildirib. S.Parikh qeyd edir ki, növbəti mərhələdə cihazın malyariya parazitinin müxtəlif növlərini aşkar edə bilmə qabiliyyəti daha ətraflı araşdırılacaq. “Cytophone” cihazı yalnız diaqnostik vasitə kimi deyil, həmçinin xəstəliyin müalicə prosesində də istifadə edilə bilər.
 
Daha çox araşdırmaya ehtiyac duyulduğunu qeyd edən S.Parikh və Armstrong, cihazın daha həssas və təkmilləşdirilmiş versiyalarını, eləcə də batareya ilə işləyən portativ modellərini hazırlamaq üzərində çalışdıqlarını bildirirlər.
 
Bu yenilikçi texnologiyanın sınaqlarının nəticələri “Nature Communications” jurnalında dərc olunub.








Redaktorun seçimi