Nədir “yaşıl maliyyə” və “yaşıl maliyyələşmə”?
Hər nə qədər bu iki anlayış arasında müxtəlif cəhətdən oxşarlıqlar olsa da onları bir çox istiqamətdə müəyyən sərhədlər ayırır. Gəlin hər biri ilə tanış olaq.
ANLAYIŞ BARƏDƏ
Yaşıl maliyyə – Dayanıqlı inkişafı və ətraf mühitin qorunmasını dəstəkləyən çoxsaylı maliyyə əməliyyatlarını (pul vəsaitlərinin axını) və maliyyə məhsullarını (kredit, istiqraz, səhm və s.) özündə birləşdirir. Bu dəstək prosesində ESG (Environment|Social|Governance) meyarları xüsusilə nəzərə alınır.
Yaşıl maliyyələşmə – Yaşıl layihələri müxtəlif metod və alətlərlə maliyyələşdirmək üçün kapitalın formalaşdırılması prosesidir. Burada daha çox yaşıl layihələri maliyyələşdirmək üçün müxtəlif maliyyə resurslarının təmin edilməsini nəzərdə tutulur.
Daha da anlaşıqlı ifadə etsək, “Yaşıl maliyyə” daha geniş anlayış olub dayanıqlı inkişaf və ətraf mühitin qorunmasında makro səviyyədə maliyyə səfərbərliyini və ya intervensiya proseslərini ifadə edirsə, “yaşıl maliyyələşmə” yaşıl layihələr üçün mikro səviyyədə maliyyə resurslarının müəyyən edilib onların maliyyələşdirməsi prosesini əhatə edir.
MARAQLI TƏRƏFLƏR
“Yaşıl maliyyə” üzrə:
hökumətlər, tənzimləyici orqanlar, investisiya şirkətləri, banklar və digər makro agentlər
“Yaşıl maliyyələşmə” üzrə:
lokal tənzimləyici qurumlar, investorlar, maliyyə institutları, layihə şirkətləri və digər mikro agentlər
İQTİSADİ TƏSİRLƏR
“Yaşıl maliyyə” üzrə:
Aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirməsi
Yaşıl texnologiyalarda innovasiya və inkişafı dəstəkləməsi
Ətraf mühitlə bağlı risklərə qarşı maliyyə sistemlərinin dayanıqlılığını genişləndirməsi
“Yaşıl maliyyələşmə” üzrə:
Yaşıl sənaye sahələrində yeni iş yerlərinin yaradılmasına xidmət edən layihələrin maliyyələşdirilməsinə təkan verməsi
Dayanıqlı yaşıl iqtisadiyyatın maliyyələşdirilməsinə xidmət edən kapital xərclərini azaltması
Dövlət infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün özəl sektor investisiyalarının cəlb edilməsinə dəstək vermə imkanlarının olması
ÇAĞIRIŞLAR
“Yaşıl maliyyə” üzrə:
1) Vahid yanaşmanın (standartlaşdırmanın) olmaması: ESG meyarları üzrə qlobal miqyasda hələ də vahid standartların olmaması yaşıl maliyyə üzrə görülən işlərin və onların nəticələrinin qeyri-stabil olması mənzərəsini yaradır.
2) Data məhdudiyyətinin olması: Ətraf mühitə təsirlə və risklərlə bağlı müxtəlif növ məlumlatların kafi səviyyədə olmaması hesablanmış qərar vermə prosesinə imkan vermir.
3) “Yaşıl maliyyə” üzrə savadlılığın yetərli səviyyədə olmaması: Əsasən investorlar və müştərilər arasında bu konseptə dair məhdud məlumatlılıq bu sahədə görülən işləri ləngidir.
“Yaşıl maliyyələşmə” üzrə:
1) Psevdo-yaşıl maliyyələşmə: Müxtəlif maliyyələşmələri əldə etmək məqsədilə layihələrin yaşıl layihə kimi təqdim edilmə risklərinin olması.
2) Tənzimləyici maneələr: Müxtəlif yaşıl maliyyələşmə alətlərinin yaradılmasını dəstəkləyən hüquqi proseslərdə siyasi iradənin göstərilməməsi.
ÇAĞIRIŞLAR ÜZRƏ HƏLLƏR
“Yaşıl maliyyə” üzrə:
1) Siyasi dəstək: Hökumətlər müxtəlif siyasi alətlərlə (nəzarət; təşviq) bu sahənin inkişafını sürətləndirə bilərlər.
2) Texnoloji inkişaf: Maliyyə, bank sektorunda innovasiyaların geniş miqyasda tətbiqi bu sahə üzrə xərcləri azalda bilər və nəticədə sahəyə çıxış imkanları daha da artıra bilər.
3) Beynəlxalq əməkdaşlıq: Həm standartların müəyyənləşdirilməsi, həm də qlobal yaşıl maliyyə ekosistemində aktiv iştirak sahənin inkişafına böyük töhfə verə bilər.
“Yaşıl maliyyələşmə” üzrə:
1) Maliyyə bazarının inkişaf etdirilməsi: Maliyyələşmə üçün inkişaf etdirilmiş maliyyə bazarı bu sahə üzrə müxtəlif layihələrə çevik və az xərclə kapitalın cəlb edilməsini asanlaşdıra bilər.
2) Maliyyə alətlərinə (məhsullarına) dayanıqlılığın təlqin edilməsi: Ənənəvi maliyyə alətlərində (məhsullarında) dayanıqlılıq xüsusiyyətinin təmin edilməsi yaşıl maliyyələşməyə daha geniş miyasda çıxış imkanlarını yarada bilər.
3) Məlumatlı investorlar: İnvestorların cəmiyyətdəki yaşıl çağırışlara qarşı artırılmış fərqindəlikləri (awareness) yaşıl maliyyələşməyə olan tələbi, meyili daha da artıra bilər.