İnformasiya təhlükəsizliyinə dair yeni strategiya Azərbaycana nə verəcək?

Hit: 2093
İnformasiya təhlükəsizliyinə dair yeni strategiya Azərbaycana nə verəcək?

Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda 10-dan artıq dövlət və hökumət qurumuna müxtəlif vəzifələrin icrası tapşırılıb.

Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki Elektron Təhlükəsizlik Xidmətinin (ETX) üzərinə böyük yük düşüb.
 
Qurumdan "Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu strategiya informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edir: “Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında 9 prioritet istiqamət üzrə 2023-2027-ci illər ərzində konkret tədbirlərin görülməsi nəzərdə tutulur. ETX Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzinin yaradılması, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilə digər CERT-lər arasında vahid məlumatlandırma mexanizmlərinin qurulması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhdidlərin qiymətləndirilməsi və qarşısının alınması yollarını müəyyənetmə sahəsində dövlət-özəl koordinasiya və məsləhətləşmə platformalarının qurulması istiqamətində tədbirlər həyata keçirəcək, ölkəmizdə kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində informasiya mübadiləsi və qarşılıqlı əməkdaşlıq sahəsində vahid platforma, təhdidlərə və hücumlara qarşı erkən xəbərdarlıq, cavabvermə imkanları formalaşdıracaq. Eləcə də informasiya təhlükəsizliyi subyektləri ilə, o cümlədən Milli CERT-in digər ölkələrin CERT-ləri ilə əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur".
 
"Report"a açıqlama verən "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov hesab edir ki, Strategiya çox əhəmiyyətli bir sənəddir: "Biz bu layihənin təsdiqlənəcəyini 2018-ci ildən gözləyirdik. Bu, çox mühüm və əhəmiyyətlidir. Belə ki, hazırda ölkəmizdə demək olar bütün sahələrdə rəqəmsallaşma gedir. Amma təəssüf ki, həm dövlət, həm də özəl sektorda informasiyanın alınması və onun qurunması ilə bağlı boşluqlar var. Əslində isə rəqəmsallaşmanın artması kibertəhlükəsizliyi daha da vacib edir. Bu baxımdan mövcud qanunvericilik həm vətəndaşların fərdi, həm də hüquqi şəxslərin, dövlət orqanlarının kibertəhlükəsizliyini təmin etməyə yetərli deyil. Məhz belə məqamda cənab Prezidentin belə bir sənədi təsdiqləməsi çox böyük əhəmiyyət daşıyır".
 
 
"Əminəm ki, Strategiya ölkəmizdə rəqəmsallaşmanın daha da dərinləşməsinə, dövlət qurumları arasında əlaqələrin daha da inkişaf etməsinə şərait yaradacaq. Bu sənəd həm də dövlət qurumlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində səlahiyyətlərini və fəaliyyət sərhədlərini də müəyyən etmiş oldu. Bu isə ümumilikdə proseslərin şəffaf və sürətli həyata keçirilməsinə səbəb olacaq”, - deyə o qeyd edib.
 
Ekspert Strategiyada ölkədən "beyin axını"nın qarşısının alınmasının nəzərdə tutulmasını xüsusilə vurğulayır: “Çox əhəmiyyətli məsələdir ki, ölkə başçısının təsdiqlədiyi bu strategiyada "beyin axını"nın qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi tapşırıq kimi ortaya qoyulub. Çünki bu gün ölkəmizdə İKT-nin müxtəlif sahələrində xüsusən də kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var. Yetişdirilən kadrların xarici ölkələrə getməməsi, öz ölkəmizdə qalması üçün addımların atılması vacibdir. Hazırda RİNN və bir sıra qurumlar İKT sahəsində kadr hazırlığı ilə bağlı ciddi işlər aparır. Onlardan biri də RİNN yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” proqramıdır. Həmçinin İsrailin “Technion” Universiteti ilə ələdə edilmiş razılaşma əsasında Bakıda yaradılmış Azərbaycan Kibertəhülkəsizlik Mərkəzi kadr potensialının artırılmasında mühüm rol oynayır. Bildiyiniz kimi bir müddət öncə Pakistanın Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyası (COMSATS) ilə Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanmasına dair birgə layihənin həyata keçirilməsi razılaşdırılıb. Həmçinin artıq bu günlərdə Silikon Vadisinin məşhur “Holberton School” məktəblər şəbəkəsi Azərbaycanda fəaliyyətə başlayır. Strategiya bu kimi layihələrə ümidlə baxmağımıza şərait yaradır. Əminəm ki, yeni Strategiya çərçivəsində formalaşacaq mühit Azərbaycanda kadr potensialının da inkişafına şərait yaradacaq”.








Redaktorun seçimi