Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq

Hit: 2171
Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq
Hazırda ölkəmizdə nəqliyyat vasitələrində istifadə olunan kartlar ümumidir. Bir neçə il öncə intellektual sistemlər qurulanda onlar üçün xüsusi kartlar yaradılırdı, misal üçün Türkiyədə “İstanbul kartı” ilə bütün nəqliyyat vasitələrindən istifadə etmək olur. Həm yeraltı, həm yerüstü, həm dəniz nəqliyyatında bu kartlardan istifadə etmək mümkündür. Həmçinin bu məntiq Azərbaycanda da tətbiq olunaraq 2015-ci ildə “Bakı kart” yaradıldı.
 
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
 
Onun sözlərinə görə, həmçinin xarici ölkələrə səfər edənlər ayaq basdıqları şəhərdə ilk növbədə ictimai nəqliyyata minik kartı əldə etmək üçün ən ucuz variantlara nəzər salırlar. Aparatlar birdəfəlik gediş kartları ilə yanaşı, günlük, bir neçə günlük, həftəlik, aylıq və ya daha uzun müddətli kartlar təklif edir. Günlük kartlar gün ərzində bir neçə dəfə nəqliyyatdan istifadəyə xərclənən puldan daha ucuz başa gəldiyindən, sərnişinlər daha çox bu tip kartlara üstünlük verirlər. Eləcə də gedəcəyi ölkədə qaldığı günü hesablayan insanlar həmin günlər üçün nəqliyyatda istifadədə gediş-dönüşdə limitsiz kartlar əldə edirlər. Azərbaycanda nəqliyyatda ödənişləri həyata keçirən vahid kart sistemi qismən tətbiq olunub.
 
“Bakı kart”ın yaradılmasında əsas məqsəd vətəndaş üçün bir həll yaratmaq idi. Ancaq hazırda tendensiya dəyişir, yeni növlər, yeni həllər yaradılır. Ölkəmizdə də bu istiqamətdə yeni addımlar atılır. Hazırda yeni həll hər şəxsin öz bank kartı, VISA kart ilə istənilən nəqliyyat vasitəsindən istifadə edə bilməyidir. Bu həm də turistlər üçün nəqliyyatın əlçatanlığını təmin edir. Hazırda bu sistem sürətli qatarlar üçün mümkündür. Ancaq digər nəqliyyat növləri üçün hələ inteqrasiya olunmayıb. Ancaq yaxın dövrdə artıq VISA kartlarla istənilən nəqliyyat vasitələrindən istifadə oluna bilinəcək”, - deyə ekspert bildirib.
 
Qeyd edək ki, Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart (“Bakı kart”) sistemi tətbiq edilib. “Bakı kart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartı kimi təqdim olunur. Kart özündə ümumi nəqliyyat ödənişlərini birləşdirir. “Bakı Metropoliteni” QSC-yə aid metro və “BakuBus” MMC-yə aid bir sıra avtobus nəqliyyat vasitələrində gedişhaqqının ödənişi “Bakı kart” vasitəsilə həyata keçirilir. Bundan əlavə, vahid sistemdə 2 növ kartdan – “Bakı kart” (Plastik kart) və “Bakı kart” - məhdud istifadə üçün (Kağız kart) istifadə edilir.
 
Hər iki növ kart “Bakı kart” terminallarından, mətbuat köşklərindən və “Bakı kart” loqolu digər satış nöqtələrindən əldə edilir. Layihənin sonrakı mərhələlərində “Bakı kart”dan digər nəqliyyat vasitələrində ödəniş vasitəsi kimi istifadə edilməsi planlaşdırılır. Vahid “Bakı kart” sistemi özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir.








Redaktorun seçimi