Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır

Hit: 4922
Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır
“Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə mühüm mesajlar verdi. Dövlətimizin başçısı qarşımızda dayanan növbəti hədəflərimizdən birinin Qərbi Azərbaycana qayıdışımızın olduğunu bəyan edib”.
 
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
 
Deputat bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. İndiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən tarixi sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərib. Bununla belə,  tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı doğma torpaqlarından məhrum edilib.
 
Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Sonuncu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi. Prezident İlham Əliyev xalqımıza daim ümid verirdi, əminliklə bildirirdi ki, biz doğma yurd yerlərimizə qayıdacağıq. Bu ümidlər Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə doğruldu. Ordumuz müharibədə Ermənistanı diz çökdürməklə əslində dünya erməniliyini məğlubiyyətə uğratdı.
 
Millət vəkili qeyd edib ki, Azərbaycan addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir. Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən böyük zəfəridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti ilə Azərbaycan işğal edilmiş torpaqlarını geri qaytardı. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Artıq başa çatmaqda olan 2022-ci ildə də bir çox önəmli hadisələr baş verib. Cari ilin sentyabrında Ordumuz erməni təxribatına cavab olaraq Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyat keçirdi və növbəti dəfə öz gücünü düşmənə göstərərək strateji yüksəkliklərdə möhkəmləndi. Uğurlarımızı dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bax, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq”.
 
Sevinc Fətəliyeva söyləyib ki, qazanılan uğurlar Qərbi Azərbaycan İcmasının məqsədyönlü fəaliyyəti ilə tamamlanmalıdır. Prezident İlham Əliyev bildirib ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. “Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına verdiyi mühüm tapşırıqlardan biri də qurumun beynəlxalq miqyasda fəaliyyəti ilə bağlıdır. Tarix boyunca üzləşdiyimiz haqsızlıqlar, faciələrimiz dünya ictimaiyyətinin diqqətinə çatırılmalıdır. Bu istiqamətdə sistemli tədbirlər mütəşəkkil formada davam etdirilməlidir.








Redaktorun seçimi