Sən olasan gülüstan - Sənə hər an can qurban!

Hit: 7899
Sən olasan gülüstan - Sənə hər an can qurban!
Şuşanı görmək istəyirəm,Şuşa həsrətilə dünyadan köç edənlərin əvəzinə...Laçını görmək istəyirəm, Laçınım deyə-deyə can verənlərin əzəvinə... Qubadlını görmək istəyirəm, Qubadlı dərdi ilə ürəyi qübar gətirib ölənlərin əvəzinə... Kəlbəcəri görmək istəyirəm,Kəlbəcərin havasını heç olmasa bircə dəfə ciyərlərinə çəkib sonra bu dünya ilə vidalaşmaq istəyənlərin əvəzinə... Ağdamı görmək istəyirəm, Ağdamın səfasına həsrət qalanların əvəzinə...Cəbrayılı görmək istəyirəm, suya həsrət dodaqlar tək,ürəyi Cəbrayıl həsrətilə parçalanan Xanım nənə kimilərin əvəzinə... Zəngilanı görmək istəyirəm, yüzlərlə tanıdığım zəngilanlının və Qələbəni görmədən vəfat edən gənclik illərimin yadigarı-dostum Mehrimin əvəzinə... Xocəvəndi görmək istəyirəm, erməni vandallarının üstünü torpaqladıqları Qaradağlı kəndinin yaralı dinc sakinlərinin əvəzinə.Cəmil Əlibəyovun əsərlərində oxuduğum Fizulini görmək istəyirəm...O qədər gözəl  təsvir etmişdi ki,Fizulini...mənə elə gəlirdi ki, dəfələrlə Qaraköpəkdə olmuşam.Bəli, məhz o yerlərin xəyalını əbədilik gözlərinə hopdurub o dünyaya aparanların əvəzinə, Fizulini görmək istəyirəm... Xocalını  görmək istəyirəm, Xocalıda divan tutulanların,elliklə ayaqyalın, başıaçıq, qışın sazağında mənfur erməni cəlladlarının güllələrinə tuş gələn,qətlə yetrilən ər oğullarımızın,süngüyə keçirilmiş körpələrimizin, vəhşi-azğın erməni hərbiçilərinin təcavüzünə məruz qalan qızlarımızın,balası qarnında öldürülən gəlinlərimizin əvəzinə... Neçə-neçə ailəni didərgin saldılar obasından-elindən. 30 il Azərbaycanın bağrı dəlindi, qan ağladı torpağım...Bu ağrını bu acını unuda bilmərik,unutmağa yoxdur haqqımız!
 
Həyatımın mənası, gözlərimin qarası Vətənim-Azərbaycan.Vəsfinə layiq söz tapmaqda aciz olsam da,könlünə dəyənlərin cavabını verməkdə mahirəm.Torpağını əynimə geyinməyim kifayətdir ki,azadlığın sədası olan məğrur haqq səsini dünyaya çatdırım.Sarsılmayan igidlərın qalası,nidası ölməzlik olan, şəhidlərin anası- Azərbaycan.İllərdir sinəndə qanayan yarana məlhəm oldu övladların. Nə gözəl canlar,necə oğullar getdi... neçə həyat məhv oldu... ürəyimiz parçalandı...Ey kövrək qəlbim, bu acıya necə dözürsən axı? 1-ci və 2-ci Qarabağ savaşının şəhidlərini görmüsən axı...Neçəsinə dərs demişdim... neçəsi nadinclik edəndə qulağını burmuşdum...dərsdə sakit oturmayanda neçəsinə acıqlanmışdım...Sən demə bu nadinc uşaqların nə boyda əzmi varmış düşmənə zərbə endirmək üçün....Hamısı da cəsur,nər kimi oğullar... Sanki hər birini əvvəldən tanımışam. O qədər doğmalıq,saflıq var ki,simalarında...Gülərüzlü,bir o qədər də sərt baxışlı igidlər. Şəkilləri danışır,həyata necə inamla baxıblar, üzlərindən-gözlərindən nur yağan qəhrəmanlar. Geri dönəcəklərinə ümidləri olmasa da döyüşə qətiyyətlə, inamla, sevgi ilə gediblər. Aralarında yeni doğulan körpəsini görməyən,sevgisi yarım qalan,evinə yeganə çörək aparan,Bayrağa bükülən Vətən sevdalısı balalarımız.Qara paltarlı,gözü yaşlı analarınız,dərddən beli bükülmüş qururlu atalarınız gəlir gözümün önünə...amma məğrurdular,Vətən sağ olsun deyirlər.Bəli,o Vətənin sağ olması,yaşaması üçün Siz  iki il əvvəl Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında bir yumruq tək birləşdiniz. 2020-ci ilin Payızında güllələrin yağdığı əzəli,əbədi torpağımız Qarabağı 44 günə yağı tapdağından  azad etdiniz ki,Yazda orda güllər bitib gülüstana çevrilsin. Sinəsi hərbə meydan olan anamız Azərbaycanın həmişə var olması üçün əsgər kimi hüququndan keçdiniz,yolunda qurban gedərək hərəniz bir qəhrəman oldunuz. İkinci Qarabağ savaşının 3000 mindən çox şəhidi,ölümlərin ən alisinə,zirvələrin ən yüksəyinə ucaldınız. Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı, Müzəffər, Rəşadətli Azərbaycan Ordusunun sayəsində,məhz Sizlərin qanı,canı bahasına Qələbə bizim oldu. Əminəm ki,ruhunuz indi rahatlıq tapıb.Çünki Vətən bağı yenə də al-əlvandır,içində də xarıbülbülü var.
 
Heç zaman unutmaram 2020-ci ilin 8 noyabr tarixini.Hamı kimi mən də təşviş içində, qəlbi paramçarça,gözüyaşlı Qələbə xəbərini hava-su kimi arzulayırdım.Bitsin daha bu savaş,balalarımız ölməsin deyə Allaha dualar edirdim.Allah eşitdi səsimi! 8 noyabrda, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev,illərlə adı çəkiləndə qəhərdən boğazım düyünlənən,gözlərim dolan,həsrətim olan Şuşanın azad olunması xəbərini verdi.Bu mənim,62 illik  həyatımda aldığım ən gözəl doğum günü hədiyyəsi idi.8 noyabr 2022-ci il,bu gün yenə doğum günümdür.Həm də şanlı Zəfərimizin ikinci ildönümü.Qələbə günündə Qalib ölkənin vətəndaşı olaraq özümə bir arzum var. Üçrəngli bayrağınla daim məsud yaşa Azərbaycan!!!
 
 
Zəminə Abdulzadə
 
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ingilis dili müəllimi








Redaktorun seçimi