Xərçəng xəstəliyi nədir?

Hit: 2167
Xərçəng xəstəliyi nədir?

Insan, həyatında qəlbinə ilişən ilk çətinliyə qədər dünyanı hər dövrü bir rəngdən ibarət göyqurşağı zənn edir. İçində aşıb-daşan o yaşamaq sevinci baharın ürəyin darvazalarını döyməsiylə daha da, daha da çiçəklənir. Amma ilk o daşa ilişəndə anlayırsan ki, həyat göyqurşağı deyil, ağ və qaradan ibarət bir yoldur. Hansı ki, qaralar səni, sən isə ağları bərkitməyə çalışırsan. Və pərdələrin bağlandığı məqam gələr. Ölüm.

Yəqin ki, heç bir insan əzabı dadaraq ölmək istəməz. “Ölüm, amma sakit, səssiz. Kiməsə əziyyət vermiyim, kimlərinsə gözyaşına səbəb olmuyum, arxamda məni həqiqətən sevənlərin gözlərini yaşlı qoymayım.”

Günümüzdə isə həm cavanların, həm yaşlıların qorxduğu bir yuxu var. Bu o yuxudur ki, bir anda gələcək, beynivin içində yerləşəcək və səni alıb-aparacaq, kiminsə göz yaşlarına, dualarına məhəl qoymadan.

Xərçəng xəstəliyi... Yəqin, adı gələndə sizing də içinizdən bir qorxu keçdi və gözlərinizin önündə sevdikləriniz fraqmentlər kimi keçdi. Dünyanı o böyük ovuclarının arasına alan bu xəstəlik günümüzün ən çox yayılan xəstəliyidir.

Bəs, Xərçəng xəstəliyi nədir?  Xərçəng hüceyrənin qarşısı alınmaz şəkildə böyüməsi ilə xarakterizə edilir. 100 müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi yaxud şiş yaratdıqda, xərçəng yaranır. Şişlər (tümörlər) həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir. Onların fəaliyyətinə müdaxilə edir və bədən fəaliyyətini dəyişdirən hormonlar ifraz edir. Bir nöqtədə dayanan və məhdud şəkildə böyüyən şişlər adətən xoşxassəli hesab edilirlər. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsi ilə bədənin digər nahiyələrinə gedə bilirlər. Getdikləri nahiylərdə şiş koloniyaları meydana gətirir və böyüməyə davam edirlər.

Orqanizmdəki normal hüceyrələr nizamlı şəkildə böyümə, bölünmə və ölmə mərhələrindən keçir. Müntəzəm hüceyrə ölümü apoptozis adlanır və bu proses pozulanda, xərçəng yaranmağa başlayır. Normal hüceyrələrdən fərqli olaraq, xərçəng hüceyrələri proqrammatik ölüm yaşamır, bunun əvəzində isə böyüməyə və bölünməyə davam edir. Bu, nəzarətsiz şəkildə böyüyən, qeyri-normal hüceyrə kütləsinin yaranması ilə nəticələnir.

Xərçənglər meydana gəlməyə başladıqları orqan və mikroskopik quruluşlarına görə təsnif edilirlər. Fərqli tipdəki xərçənglər fərqli sürətlərdə böyüyür, fərqli yayılma formaları göstərir və fərqli müalicələrə cavab verirlər. Buna görə də xərçəng xəstələrinin müalicəsində mövcud xərçəng növünə görə fərqli müalicələr tətbiq olunur. Hər xərçəng eyni quruluşa malik deyil.

Xərçəngin müalicəsi xərçəngin növündən, mərhələsindən, xəstənin yaşından, sağlamlıq durumdan və əlavə şəxsi xüsusiyyətlərindən asılıdır. Xərçəngin müalicəsinin tək bir üsulu yoxdur, xəstələrə adətən müalicələr kombinasiyası və palliativ qayğı göstərilir. Müalicələr adətən aşağıdakı kateqoriyaların biri ilə aparılır; əməliyyat, şüalanma, kimyaterapiya, immunoterapiya, hormon yaxud gen terapiyası.

Bəlkə də həyat, hər dövrü bir rəngdən ibarət göyqurşağı deyil, bəlkə də bu göyqurşağını biz ovucumuzda saxlıya bilmərik, amma bir ovuclarımızda bir yağış və bir günəş tutub onu birləşdirə bilərik. Bu da bizim göyqurşağımız olacaq.
Hər zaman sağlam olun!

Təhminə Quliyeva









Redaktorun seçimi