ATU-da uşaqlarda anorektal malformasiyalara həsr olunmuş elmi-praktik simpozium keçirilib

Hit: 136
ATU-da uşaqlarda anorektal malformasiyalara həsr olunmuş elmi-praktik simpozium keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Uşaqlarda anorektal malformasiyalar” mövzusunda elmi-praktik simpozium təşkil olunub.
 
Tədbirdə ATU-nun Uşaq cərrahlığı kafedrasının əməkdaşları ilə yanaşı, akademik K.Y. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının, Kliniki Tibbi Mərkəzin nümayəndələri, eləcə də Bakı və ölkənin müxtəlif regionlarından gələn uşaq cərrahları iştirak ediblər. Simpozium ölkə üzrə mütəxəssislər arasında təcrübə mübadiləsi və peşəkar əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb.
 
Simpoziumun açılış nitqlərində anadangəlmə anorektal patologiyaların erkən diaqnostikası, müasir cərrahi müalicə prinsipləri və uzunmüddətli funksional nəticələrin yaxşılaşdırılmasının vacibliyi qeyd olunub. Elmi proqram çərçivəsində dinlənilən məruzələrdə xəstəliyin təsnifatı, müasir korreksiya üsulları, əməliyyatdan sonrakı ağırlaşmalar və təkrari cərrahi müdaxilələrin xüsusiyyətləri ətraflı təhlil edilib. Xüsusilə ilkin əməliyyatlardan sonra yaranan anatomik və funksional problemlərin həlli yolları geniş müzakirə olunub.
 
Tədbirin yekununda diaqnostikanın təkmilləşdirilməsi, müasir cərrahi metodların tətbiqi, multidissiplinar yanaşmanın gücləndirilməsi və pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər kimi müəyyən edilib.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunan simpoziumun iştirakçılarına 9 Davamlı Tibbi Təhsil (DTT) krediti verilib. Tədbir gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi və anonim qiymətləndirmə sorğusu ilə başa çatıb.
 
Ölkə üzrə mütəxəssislər arasında təcrübə mübadiləsi və peşəkar əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan simpozium BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə — xüsusilə “Sağlamlıq və rifah” (DİM 3), “Keyfiyyətli təhsil” (DİM 4) və “Məqsədlər naminə tərəfdaşlıq” (DİM 17) hədəflərinə uyğun olaraq tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və həkimlərin davamlı peşəkar inkişafına töhfə verir.






Redaktorun seçimi