Yeni Klinikada “Ürək Transplantasiyası Həftəsi” çərçivəsində maarifləndirici tədbir keçirilib
“Ürək Transplantasiyası Həftəsi” çərçivəsində Yeni Klinikada ürək transplantasiyası, beyin ölümü və orqan donorluğuna həsr olunmuş tədbir təşkil edilib.
Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova transplantasiya və orqan donorluğu sahəsində maarifləndirmənin, tibbi mütəxəssislərin bilik və praktiki bacarıqlarının artırılmasının əhəmiyyətini vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova beyin ölümü diaqnozunun müəyyənləşdirilməsinin tibbi və hüquqi əsasları, beynəlxalq standartlar və müvafiq protokollar barədə çıxış edib. Mərkəz sədri beyin zədələnməsinə səbəb olan amillər, kəllədaxili təzyiqin yüksəlməsi, beyin yırtıqlanması, beyin ölümü diaqnozunun qoyulması üçün ilkin şərtlər və zəruri müşahidə müddətləri barədə ətraflı məlumat verib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev gənc həkimləri və tibb işçilərini orqan donorluğunun təşviqi və cəmiyyətdə donor mədəniyyətinin formalaşdırılması istiqamətində fəal iştirak etməyə səsləyib.
Koordinasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini Günay Abbasova ölkəmizdə orqan donorluğu və transplantasiyası sahəsində görülən işlər, donor olmaq qaydaları, transplantasiya prosesinin mərhələləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, ölümündən sonra orqan donoru olmaq istəyən şəxslərin sayı 2022-ci ilin sonunda 50 nəfər idisə, hazırda bu rəqəm 1800-ə yaxınlaşıb.
Tədbirin ikinci hissəsi Yeni Klinikanın Tibbi Tədris Simulyasiya Mərkəzində təşkil olunub. Professor Kamran Musayev və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Ramil Əliyevin rəhbərliyi ilə gənc həkimlər və rezidentlər üçün praktiki transplantasiya təlim keçirilib. Heyvan ürəkləri üzərində aparılan praktiki məşğələlər zamanı iştirakçılara müasir cərrahi texnikalar nümayiş etdirilib, ürək transplantasiyası üzrə bilik və bacarıqların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.








































































