ATU rezidenti Dubayda VIII Yaxın Şərq Oftalmologiya Konfransında iştirak edib

Hit: 157
ATU rezidenti Dubayda VIII Yaxın Şərq Oftalmologiya Konfransında iştirak edib
Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasının III kurs rezidenti Xumar İbrahimova Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən VIII Yaxın Şərq Oftalmologiya Konfransında (8th Middle East Ophthalmology Meeting – MEOM 2026) iştirak edib.
 
Konfrans çərçivəsində “Gənc Oftalmoloqlar” (Young Ophthalmologists) sessiyasına məruzəçi qismində qatılan ATU rezidenti “When the Pupil Won’t Dilate: A Bimanual Approach to Cataract Surgery – Clinical Cases” (“Bəbək genişlənmədikdə: katarakta cərrahiyyəsində bimanual yanaşma – klinik hallar”) mövzusunda elmi təqdimatla çıxış edib. Məruzədə katarakta cərrahiyyəsi zamanı dar bəbəyin idarə olunması, bimanual genişləndirmə texnikasının tətbiqi, onun üstünlükləri və klinik təcrübəmdən seçilmiş cərrahi hallardan bəhs edilib.
 
Fakoemulsifikasiya üzrə praktiki təlimdə (Wet Lab) də iştirak edən X.İbrahimova cərrahi bacarıqları təkmilləşdirmək və beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanı qazanıb.
 
ATU rezidentinin beynəlxalq elmi tədbirdə iştirakı gənc həkimlərin peşəkar inkişafı, tibbi təhsildə keyfiyyətin artırılması və müasir tibbi biliklərin mənimsənilməsinin təşviqi baxımından əhəmiyyətlidir. Bu fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Sağlamlıq və rifah çərçivəsində keyfiyyətli səhiyyə xidmətlərinin inkişafına, DİM 4 – Keyfiyyətli təhsil çərçivəsində isə fasiləsiz təhsilə, bilik və peşə bacarıqlarının artırılmasına töhfə verir.






Redaktorun seçimi