Dayanıqlı səhiyyə və beynəlxalq əməkdaşlığa töhfə

Hit: 167
Dayanıqlı səhiyyə və beynəlxalq əməkdaşlığa töhfə
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı Pekində keçirilən 37-ci “Böyük Çin Səddi” Beynəlxalq Kardiologiya Konqresi və Asiya Kardiologiya Konqresində (GW-ICC/AHS 2026) iştirak edib.
 
58 ölkənin iştirakı ilə “Klinik əsaslar, inteqrasiya olunmuş gələcək” devizi altında baş tutan konqresdə Amerika Kardiologiya Kollecinin, Amerika Ürək Assosiasiyasının və Avropa Kardiologiya Cəmiyyətinin prezidentləri, Cənub-Şərqi Asiya, Yaxın Şərq, Latın Amerikası və bir sıra Avrasiya ölkələrinin milli cəmiyyətlərinin rəhbərləri, eləcə də yeddi aparıcı beynəlxalq kardiologiya jurnalının baş redaktorları və ekspertləri yer alıblar.
 
ATU-nun Ailə təbabəti kafedrasının dosenti, AKC-nin Kardioprofilaktika işçi qrup rəhbəri, Asiya Ürək Cəmiyyətinin Kardioprofilaktika Şurasının sədri, ATU-nun dosenti Rəhimə Qabulova konqresdə Asiya Ürək Cəmiyyətinin həqiqi üzvü statusuna qəbul olunub. Eyni zamanda R.Qabulova “Ürək-damar xəstəliklərinin inteqrə olunmuş profilaktikası: qalıq riskin azaldılmasına multidissiplinar yanaşma” adlı elmi sessiyanın təşkilatçısı və moderatoru kimi çıxış edib. Asiya Ürək Cəmiyyətinin Baş Assambleyasında isə  Profilaktik Kardiologiya Şurasının sədri kimi çıxış edən ATU əməkdaşı Şuranın fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planı barədə hesabat təqdim edib.
 
Universitet nümayəndəsinin konqresdə iştirakı beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, ürək-damar xəstəliklərinin profilaktikası sahəsində qabaqcıl təcrübənin mübadiləsi və Azərbaycan kardiologiyasının beynəlxalq elmi platformalarda təmsil olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda bu fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsədə – Sağlamlıq və rifah, 4-cü məqsədə – Keyfiyyətli təhsil və 17-ci məqsədə – Məqsədlər naminə tərəfdaşlıq istiqamətlərinə töhfə verir. Xüsusilə, ürək-damar xəstəliklərinin profilaktikasının təşviqi, tibbi bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi dayanıqlı inkişafın dəstəklənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.






Redaktorun seçimi