ATU-da “Ürək transplantasiyası həftəsi”: gələcəyin həkimləri üçün praktiki təlimlər və maarifləndirici görüşlər keçiriləcək

Hit: 172
ATU-da “Ürək transplantasiyası həftəsi”: gələcəyin həkimləri üçün praktiki təlimlər və maarifləndirici görüşlər keçiriləcək
Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə 31 oktyabr – 6 noyabr 2026-cı il tarixlərində “Ürək transplantasiyası həftəsi” keçiriləcək. Həftə çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri, rezident və gənc həkimlər üçün cərrahiyyə üzrə praktiki təlim və orqan donorluğu, transplantasiya mövzusunda maarifləndirici tədbirlər təşkil olunacaq.
 
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq tədbirlər gələcəyin həkimlərinin peşəkar bilik və bacarıqlarının inkişafına, eləcə də transplantasiya sahəsində məlumatlılığının artırılmasına yönəlib.
 
Noyabrın 2-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında tələbələr üçün cərrahiyyə üzrə praktiki təlimə start veriləcək. Təlimin əsas təlimçiləri ürək-damar cərrahları, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədrləri professor Kamran Musayev və Ramil Əliyev olacaqlar. Praktiki məşğələlərin tələbələrin cərrahi bacarıqlarının təkmilləşdirilməsinə və nəzəri biliklərinin möhkəmləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.
 
Noyabrın 3-də isə ATU-nun 4 saylı tədris binasının akt zalında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə maarifləndirici görüş və mühazirələr təşkil ediləcək. Görüş zamanı orqan donorluğu və transplantasiya ilə bağlı biliklərin genişləndirilməsi, bu sahənin əhəmiyyətinin gələcək həkimlərin diqqətinə çatdırılması əsas məqsədlərdən olacaq.
 
“Ürək transplantasiyası həftəsi” çərçivəsində keçiriləcək tədbirlər tələbələrin müasir tibbin mühüm istiqamətlərindən biri olan transplantasiya sahəsinə marağının artırılmasına, gələcək həkimlər arasında orqan donorluğu mədəniyyətinin təşviqinə, həmçinin orqan donorluğu ilə bağlı ictimai məlumatlılığın yüksəldilməsinə və gələcək tibb mütəxəssislərinin peşəkar inkişafına xidmət edəcək.
 
Eyni zamanda bu təşəbbüs Dayanıqlı İnkişaf Məqsədlərindən, xüsusilə 3-cü məqsəd – “Sağlamlıq və rifah” və 4-cü məqsəd – “Keyfiyyətli təhsil” istiqamətləri ilə səsləşir. Həyata keçirilən tədbirlər ATU-nun DİM istiqamətində reallaşdırdığı məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.






Redaktorun seçimi