ATU-da rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının təşkilatçılığı və Rezidentura şöbəsinin dəstəyi ilə I–II kurs rezidentləri üçün “Laparoskopik bazis vərdişlər” adlı praktiki təlim proqramına start verilib.
Təlimin açılışında çıxış edən I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor N. Bayramov rezidentlərin peşəkar hazırlığında praktiki bacarıqların əhəmiyyətini vurğulayıb və bu istiqamətdə təlimlərin davamlı təşkil ediləcəyini bildirib.
Rezidentlər üzrə məsul şəxs, tibb elmləri doktoru Elman Əzimov gələcək cərrahların praktiki vərdişlərinin inkişafının rezidentura təhsilində mühüm yer tutduğunu qeyd edib və növbəti təlimlərin proqramı barədə məlumat verib.
"Karl Storz" şirkətinin nümayəndəsi Taleh Bəşirovun təlimçiliyi ilə baş tutan tədbirdə rezidentlər laparoskopik cərrahiyyənin əsas prinsipləri və ilkin praktiki bacarıqlarla tanış olublar. İştirakçılara müasir cərrahi yanaşmaların tətbiqi üçün vacib olan bazis vərdişlər öyrədilib. Təlim rezidentlər tərəfindən böyük maraqla qarşılanıb.
Bu təşəbbüs Azərbaycan Tibb Universitetində tibbi təhsilin keyfiyyətinin artırılması, nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi və gələcək mütəxəssislərin müasir cərrahi texnologiyalara yiyələnməsi istiqamətində mühüm addımdır. Təlim, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşaraq keyfiyyətli və praktik yönümlü təhsilin inkişafına (DİM 4), sağlamlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə (DİM 3), eləcə də universitet və tibbi texnologiyalar sahəsinin nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə (DİM 17) töhfə verir.
Bu istiqamətdə təlimlərin davamlı təşkili rezidentlərin peşəkar səriştələrinin inkişafına, müasir cərrahi yanaşmaların mənimsənilməsinə və gələcəkdə keyfiyyətli tibbi xidmətin göstərilməsinə xidmət edəcək.






































































