DİM 3, DİM 4 və DİM 17 üzrə əməkdaşlıq: Azərbaycanda uşaq psixi sağlamlığı - Avropanın diqqətində
Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrasının tədris işləri üzrə rəhbəri, uşaq və yeniyetmə psixiatrı Nərmin Quliyeva Avstriyanın Vyana şəhərində keçirilən Azərbaycan–Avropa Neyroelm Əməkdaşlıq Forumu çərçivəsində elmi dəyirmi masada iştirak edib.
Avropanın aparıcı universitet və elmi-klinik mərkəzlərini təmsil edən nevrologiya, pediatriya, uşaq nevrologiyası, uşaq və yeniyetmə psixiatriyası, eləcə də neyroelm sahəsində tanınmış mütəxəssislərin qatıldığı tədbirdə uşaq və yeniyetmə psixi sağlamlığının inkişafı, erkən diaqnostika və müasir mütəxəssis hazırlığı, klinik təcrübənin təkmilləşdirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Nərmin Quliyeva dəyirmi masada “Child Mental Health Care in Azerbaijan: A Proposal for Clinical and Educational Collaboration” (“Azərbaycanda uşaq psixi sağlamlığı xidmətləri: klinik və təhsil əməkdaşlığı üzrə təklif”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda uşaq və yeniyetmə psixiatriyasının inkişafı, bu sahədə klinik və akademik potensialın gücləndirilməsi, beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətləri müzakirəyə təqdim olunub.
Dəyirmi masa çərçivəsində neyroinkişaf pozuntularının erkən aşkarlanması və diaqnostikası, uşaq və yeniyetmələrə göstərilən psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ixtisaslaşmış kadr hazırlığının müasirləşdirilməsi, beynəlxalq mentorluq və klinik superviziya imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin Avropanın aparıcı universitetləri və klinik mərkəzləri ilə birgə elmi-tədqiqat, klinik təcrübə mübadiləsi və təhsil layihələrinin həyata keçirilməsi üzrə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Qeyd olunan istiqamətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 3 – Sağlamlıq və rifah, DİM 4 – Keyfiyyətli təhsil və DİM 17 – Məqsədlər naminə tərəfdaşlıqla sıx bağlıdır. Bu əməkdaşlıq DİM 3 çərçivəsində keyfiyyətli psixi sağlamlıq xidmətlərinə çıxışın, DİM 4 çərçivəsində müasir mütəxəssis hazırlığının və DİM 17 çərçivəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə xidmət edir.
Uşaq psixi sağlamlığına erkən mərhələdə diqqət yetirilməsi gələcək sağlamlıq problemlərinin vaxtında müəyyənləşdirilməsi, uşaqların təhsil və sosial həyata daha fəal inteqrasiyası, ailələrin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
ATU nümayəndəsinin beynəlxalq elmi müzakirələrdə iştirakı universitetin uşaq və yeniyetmə psixi sağlamlığı sahəsində təcrübə mübadiləsinə, akademik əlaqələrin inkişafına və gələcək birgə təşəbbüslərin formalaşdırılmasına yönələn fəaliyyətinin əhəmiyyətini nümayiş etdirir.




































































