ATU-da aparılan araşdırmadan maraqlı nəticələr: - Kəllənin forması yaş və cinslə necə əlaqəlidir?

Hit: 163
ATU-da aparılan araşdırmadan maraqlı nəticələr: - Kəllənin forması yaş və cinslə necə əlaqəlidir?
Azərbaycan Tibb Universitetinin (ATU)İ nsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşlarının iştirakı ilə aparılmış elmi tədqiqatın nəticələri beynəlxalq elmi jurnalda dərc olunub.
 
“Morphological Variations of the Hypophyseal Fossa in Relation to Cranial Index, Age and Sex: A Computed Tomography Study in Living Subjects” adlı məqalə Advances in Biology & Earth Sciences jurnalında nəşr edilib.
 
Tədqiqatın müəllifləri arasında AATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşları - professor Səbinə Şadlinskaya, professor Nəriman Mövsümov, dosent Kərimzadə Gülnarə və baş müəllim  Aytən Rzayeva yer alıb.
 
Tədqiqat çərçivəsində 84 şəxsin kompüter tomoqrafiyası (KT) müayinəsinin nəticələri təhlil edilib. Araşdırmanın əsas məqsədi hipofizar çuxurun morfoloji xüsusiyyətlərinin kəllə tipi, yaş və cinslə əlaqəsini müəyyənləşdirmək olub. Tədqiqat iştirakçıları kəllə indeksinə əsasən dolixosefal, mezosefal və braxisefal qruplara bölünüb. Hipofizar çuxurun morfoloji formaları isə dairəvi, oval və yastı olmaqla qiymətləndirilib.
 
Araşdırmanın nəticələrinə əsasən, hipofizar çuxurun morfologiyası ilə kəllə tipi, yaş və cins arasında statistik əhəmiyyətli əlaqələr müəyyən edilib. Braxisefal kəllələrdə dairəvi forma, mezosefal kəllələrdə isə oval və yastı formalar daha çox müşahidə olunub. Cinslər üzrə müqayisədə kişilərdə dairəvi, qadınlarda isə oval formanın üstünlük təşkil etdiyi müəyyən edilib. Yaş artdıqca hipofizar çuxurun yastı formasının rastgəlmə tezliyində artım müşahidə olunub.
 
Tədqiqatın nəticələri kəllə quruluşu ilə hipofizar çuxurun morfoloji xüsusiyyətləri arasındakı əlaqələrin öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır. Müəlliflər kompüter tomoqrafiyasının canlı şəxslərdə hipofizar çuxurun morfoloji xüsusiyyətlərinin qiymətləndirilməsi üçün effektiv və informativ metod olduğunu vurğulayırlar.






Redaktorun seçimi