Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

Hit: 156
Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər
Xalq təbabətində öskürəyin aradan qaldırılması üçün müxtəlif dərman bitkilərindən, onların kök, yarpaq, çiçək və toxumlarından istifadə olunub. Bitkilərdən hazırlanan dəmləmələr, qarışıqlar və digər vasitələr quru öskürək, bəlğəmli öskürək və allergik mənşəli öskürəklə bağlı ənənəvi müalicə üsulları sırasında yer alıb.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri” kitabında məlumat verilir.
 
Kitabda qeyd olunur ki, öskürəyin müalicəsində istifadə edilən bitkilər arasında dağ keşnişi (Bifora radians), dərman zəncəfili (Zingiber officinale), İsland mamırı (Cetraria islandica), çınqılotu (Geum urbanum) və tüksüz biyan (Glycyrrhiza glabra) xüsusi yer tutur. Nəşrdə bu bitkilərdən müxtəlif dəmləmələrin və qarışıqların hazırlanması ilə bağlı ənənəvi reseptlər təqdim edilir. Kitabda yer alan reseptlərdən birində dağ keşnişinin toxumları, ağ öksəotunun budaqları, Hindistan payızgülünün çiçəkləri, barmaqvarı çayırın kökü və zəncəfil qarışığından bəhs olunur. Müəllifin təqdim etdiyi üsula əsasən, bitki komponentləri qarışdırılaraq qaynar su ilə dəmlənir. Nəşrdə bu qarışığın gün ərzində müəyyən porsiyalarla qəbulu təsvir edilir.
 
Digər ənənəvi üsullardan biri İsland mamırından istifadə ilə bağlıdır. Kitabda onun südlə hazırlanması, həmçinin sulu dəmləmə şəklində istifadəsi barədə məlumat verilir. Bəlğəmlə müşayiət olunan öskürək zamanı isə çınqılotunun kökündən alınan tozdan istifadə edilməsi ənənəsi qeyd olunur.
 
Nəşrdə allergik mənşəli öskürəklə bağlı bitki qarışıqlarına da yer ayrılıb. Bu məqsədlə üçbarmaq (Bidens tripartita), üçrəngli bənövşə (Viola tricolor), sürünən kəklikotu (Thymus serpyllum), adi zirə (Carum carvi) və əməköməci (Malva sylvestris) kimi bitkilərin birləşdirilməsindən bəhs edilir.
 
Kitabda güclü və quru öskürək zamanı istifadə olunmuş xalq təbabəti üsulları da təqdim edilir. Bu sırada dəvədabanı (Tussilago farfara), əməköməci, dərman ciyərotu (Pulmonaria officinalis), əkin qarabaşağı (Fagopyrum esculentum) və özüyayılan lalənin (Papaver rhoeas) çiçəklərindən hazırlanan qarışıq haqqında məlumat verilir. Həmçinin biyan kökünün və zəncəfilin birgə istifadəsi ilə bağlı reseptlər təsvir olunur.
 
“Xalq təbabətinin unudulmuş reseptləri” kitabı ənənəvi bitki istifadəsi təcrübəsinin və xalq təbabətində qorunub saxlanılan reseptlərin tanıdılması baxımından əhəmiyyət daşıyır.






Redaktorun seçimi