Bu gün Ümumdünya Görmə Günüdür

Hit: 164
Bu gün Ümumdünya Görmə Günüdür
Ümumdünya Görmə Günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il oktyabr ayının ikinci cümə axşamı qeyd olunur.
 
Həmin tarix korluq, görmə pozuntuları və görmə qabiliyyəti məhdud olan insanların reabilitasiyası problemlərinə qlobal diqqət çəkmək məqsədi daşıyır. Günün keçirilməsində bu sahə ilə bağlı müxtəlif təşkilatlar iştirak edirlər. "Bu gün, həmçinin, ÜST və Beynəlxalq Korluğun Profilaktikası Agentliyi tərəfindən təsis edilmiş “Vision 2020: Görmə hüququ” adlı korluğun profilaktikası üzrə qlobal təşəbbüsün əsas hadisəsidir. Hər il bu gün çərçivəsində keçirilən tədbirlər müəyyən bir mövzuya həsr olunur. Builki mövzu "Gözlərinizi sevin" adlanır.
 
Görmə insanın bütün hissləri arasında ən vaciblərindən biridir və həyatımızın bütün sahələrində, eləcə də hər mərhələsində mühüm rol oynayır. Biz görmə qabiliyyətini təbii və adi bir hal kimi qəbul edirik. Lakin görmə qabiliyyətini itirən insan üçün dünyanı dərk etmək, hərəkət etmək, oxumaq, öyrənmək və işləmək xeyli çətinləşir.
 
Korluq görmə qabiliyyətinin olmamasıdır. Xroniki korluğun əsas səbəblərinə katarakta, qlaukoma, sarı ləkənin yaşla əlaqədar degenerasiyası, buynuz qişanın bulanması, traxoma və uşaqlarda rast gəlinən göz xəstəlikləri (məsələn, A vitamini çatışmazlığının səbəb olduğu xəstəliklər) daxildir. Dünyada yaşla əlaqədar inkişaf edən, eləcə də nəzarətsiz şəkərli diabet nəticəsində yaranan korluq hallarına getdikcə daha çox rast gəlinir.
 
ÜST-nin məlumatına görə, dünyada təxminən 2,2 milyard insan korluqdan əziyyət çəkir və ya görmə pozuntuları ilə yaşayır. Halbuki bu halların təxminən yarısının qarşısını almaq mümkün olardı. Göz xəstəlikləri 19 milyondan çox uşağa təsir edir. Görmə pozuntusu olan insanların 82 faizi 50 və daha yuxarı yaşda olan şəxslərdir. Son illərdə bir çox ölkədə yaşlı insanların sayının artması yaşla əlaqədar görmə pozuntuları riskinə məruz qalanların da çoxalmasına səbəb olur. Bununla belə, vaxtında müalicə aparılarsa, korluq hallarının əksəriyyətinin qarşısını almaq mümkündür.
 
Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəlmiş maarifləndirici və profilaktik tədbirlər keçirilir. Bəzi ölkələrdə bu müddətdə sakinlər oftalmoloq müayinəsindən keçmək imkanı əldə edirlər. Mütəxəssis tərəfindən görmə qabiliyyətinin mütəmadi yoxlanılması mümkün problemləri erkən mərhələdə aşkar etməyə, vaxtında profilaktik tədbirlər görməyə və ciddi fəsadların qarşısını almağa kömək edir.
 
Bununla yanaşı, göz xəstəliklərinin profilaktikası qaydalarını da unutmamaq lazımdır. Həkimlər görmə qabiliyyətinə mənfi təsir göstərən siqaretdən imtina etməyi, gözün torlu qişasındakı qan damarlarını möhkəmləndirən qidaları — qaragilə, qara qarağat, kök, treska balığının qaraciyəri və göyərtini müntəzəm istehlak etməyi tövsiyə edirlər. Həmçinin televizor qarşısında, qadcetlərdən istifadə etməklə və elektron oyunlar oynamaqla keçirilən vaxtı azaltmaq, kompüterdə işləyərkən müasir monitordan və keyfiyyətli proqram təminatından istifadə etmək məsləhət görülür.
 
Unutmayın ki, oftalmoloqun müayinəsindən müntəzəm keçmək və gündəlik həyatda sadə qaydalara əməl etmək görmə qabiliyyətini uzun müddət qorumağa kömək edə bilər.
 
Qeyd edək ki, hər il avqustun 8-də bu sahə mütəxəssislərinin peşə bayramı - Beynəlxalq Oftalmologiya Günü də qeyd olunur.






Redaktorun seçimi