Qəhvə ürəyə zərərlidirmi? - Kardioloq açıqladı

Hit: 153
Qəhvə ürəyə zərərlidirmi? - Kardioloq açıqladı
Qəhvənin ürək sağlamlığına təsiri ilə bağlı uzun illərdir davam edən müzakirələrə kardioloq, dosent Akın Torun aydınlıq gətirib.
 
Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, sağlam yetkin insanlarda qəhvənin ölçülü miqdarda istehlakı, ümumiyyətlə, təhlükəsiz hesab olunur. Gündə 2-3 fincan qəhvə insanların əksəriyyəti üçün məqbul miqdar sayılır.
 
Torun bildirib ki, qəhvənin təsirini qiymətləndirərkən yalnız istehlak edilən miqdara deyil, onun hazırlanma üsuluna və tərkibinə də diqqət yetirmək lazımdır. Xüsusilə içkiyə əlavə olunan şəkər və qaymaq miqdarı, eləcə də insanın qan təzyiqi, xolesterin səviyyəsi və kofeinə həssaslığı nəzərə alınmalıdır.
 
Kardioloq qəhvənin ürəyə zərərli olması ilə bağlı əvvəlki yanaşmaların müasir elmi məlumatlar fonunda yenidən qiymətləndirilməli olduğunu deyib.
"Xüsusilə gündə 2–3 fincan civarında qəhvə istehlakı bir çox araşdırmada müsbət sağlamlıq nəticələri ilə əlaqələndirilib. İnsanın kofeinə həssaslığı, qan təzyiqi, yuxu rejimi və qəhvənin hazırlanma üsulu mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, sağlam yetkin insanlar üçün gündəlik təxminən 400 milliqram kofein ümumilikdə təhlükəsiz hesab edilən yuxarı hədlərdən biridir. Mənim yanaşmam qəhvəni qadağan etmək deyil, onu düzgün miqdarda və düzgün şəkildə istehlak etməkdir", - deyə Torun bildirib.
 
Mütəxəssis qəhvənin yalnız kofeindən ibarət olmadığını da vurğulayıb. Onun sözlərinə görə, qəhvənin tərkibində antioksidant xüsusiyyətlərə malik təbii birləşmələr də mövcuddur.
"Uzun illər ərzində aparılan araşdırmalarda ölçülü qəhvə istehlakı bəzi ürək-damar xəstəlikləri və ürək çatışmazlığı riskinin daha aşağı olması ilə əlaqələndirilir. Qəhvənin ürək üçün zərərli olduğu ilə bağlı əvvəlki yanaşmanın da bu gün mövcud olan elmi məlumatlarla tam şəkildə uyğun gəlmədiyini söyləyə bilərik", - deyə kardioloq qeyd edib.






Redaktorun seçimi