Daim şikayət etmək stressi artırır - Psixoloqlardan tövsiyə
Psixoloq Kerri Kenniti və psixoterapevt Sara Klouz insanın davamlı şikayət etmək vərdişindən necə qurtula biləcəyindən danışıblar.
Ölkə.az xəbər verir ki, onlar bu barədə "Real Simple" nəşrinə açıqlama veriblər.
Kerri Kennitinin sözlərinə görə, şikayət etmək bəzən faydalı ola bilər. Bu, insanın mənfi emosiyalarını ifadə etməsinə, hisslərini bölüşməsinə və problemlərin həlli prosesinə başlamasına kömək edir. Lakin onun fikrincə, bu üsul vərdiş halını aldıqda orqanizmdə stress hormonu olan kortizolun səviyyəsinin ümumi artımına səbəb ola bilər.
Daim şikayət etməyi dayandırmaq üçün psixoloq emosiyaların ifadəsi ilə müsbət düşüncə arasında balans yaratmağı tövsiyə edib. O bildirib ki, şikayət zamanı “amma” və ya “eyni zamanda” kimi bağlayıcılardan istifadə etmək insanın yalnız mənfi məqamlara fokuslanmasının qarşısını ala bilər.
Məsələn, belə bir ifadə işlətmək olar: “Bu gün yata bilmədiyim üçün çox yorğunam, amma axşam dəvət olunduğum məclisə getməyi səbirsizliklə gözləyirəm”.
Sara Klouz isə yalnız şikayət etmək xatirinə şikayət etməkdən çəkinməyi məsləhət görüb. O, insanlara özlərinə belə bir sual verməyi tövsiyə edib: “Şikayət etdikdən sonra özümü daha yaxşı başa düşülmüş hiss edirəm, yoxsa yenə məyus olur və eyni mənfi dövrəyə qayıdıram?”
Psixoterapevt qeyd edib ki, insan öz hisslərinə kifayət qədər diqqət yetirdikdə, orqanizm ona mənfi təcrübəni geridə qoyub-qoymadığını və ya hələ də həmin hisslərin təsiri altında qaldığını göstərə bilər.



































































