70 illik tarixdən yeni mərhələyə: - ATU Stomatologiya fakültəsinin yubiley konfransı

Hit: 167
70 illik tarixdən yeni mərhələyə: - ATU Stomatologiya fakültəsinin yubiley konfransı
13 noyabr 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. 
 
70 illik fəaliyyəti ərzində zəngin elmi-pedaqoji və klinik ənənələr formalaşdıran Stomatologiya fakültəsi yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi məktəbin inkişafına və Azərbaycan stomatologiyasının tərəqqisinə mühüm töhfələr verib.
 
Yubiley konfransında stomatologiyanın müasir inkişaf istiqamətləri, aktual elmi tədqiqatlar, müasir diaqnostika və müalicə metodları, innovativ klinik yanaşmalar və elmi nailiyyətlərin praktik səhiyyədə tətbiqi imkanları müzakirə olunacaq. 
 
Tədbir çərçivəsində stomatologiyanın müxtəlif sahələri üzrə elmi məruzələr dinləniləcək, qabaqcıl klinik təcrübə və elmi nəticələr paylaşılacaq, mütəxəssislər arasında fikir və təcrübə mübadiləsi aparılacaq. 
 
70 illik elmi irsin müasir stomatologiyanın yeni inkişaf istiqamətləri ilə bir araya gətirildiyi konfrans professor-müəllim heyəti, praktik həkimlər, rezidentlər və tələbələr arasında elmi varisliyin və peşəkar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma olacaq. 
 
Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva professor-müəllim heyətini, praktik həkimləri, rezidentləri və tələbələri fakültənin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda iştirak etməyə dəvət edir.






Redaktorun seçimi