Yüksək nəticə, fəxri sertifikat: ATU-nun seçilən tələbələri təltif olundu
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsində 2025–2026-cı tədris ilində yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələr fəxri sertifikatlarla təltif olunub.
Sertifikatların təqdimetmə mərasimində İctimai Səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva tələbələrin tədris ili ərzində nümayiş etdirdikləri yüksək nəticələri və əldə etdikləri uğurları yüksək qiymətləndirib.
Dekan çıxışında gələcəyin həkim və səhiyyə mütəxəssislərinin cəmiyyətin sağlamlığının qorunması və ictimai sağlamlığın inkişafında mühüm rol oynayacağını vurğulayıb. Qalina Qəniyeva tələbələrin qazandıqları nailiyyətlərin onların peşəkar inkişafında mühüm mərhələ olduğunu qeyd edərək, bu uğurların digər tələbələr üçün də yeni hədəflərə doğru stimul yaradacağına əminliyini ifadə edib.
Tələbələri - Mehriban Məmmədova (Tibb bacısı/qardaşı işi ixtisası / 323T-1B Qrup), Ləman Namazova (Fizioterapiya və tibbi reabilitasiya ixtisası / 323F- 1B Qrup) və Gülay Nəsirovanı (İctimai səhiyyə ixtisası / 325A- 1A Qrup) əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edən dekan onlara gələcək təhsil və peşə fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Sonda yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə fəxri sertifikatlar təqdim olunub.

































































