ATU əməkdaşları IFOS 2026 Ümumdünya Konqresində Azərbaycanı təmsil edib
Azərbaycan Tibb Universiteti (ATU) otorinolarinqologiya və baş-boyun cərrahiyyəsi sahəsində dünyanın ən mühüm elmi tədbirlərindən biri olan XXIII Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi Ümumdünya Konqresində (IFOS 2026) təmsil olunub.
İstanbulda keçirilən qlobal tədbirdə ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian və kafedranın dosenti Sara Ağalar iştirak ediblər.
Dünyanın müxtəlif ölkələrindən minlərlə mütəxəssisi bir araya gətirən konqres otorinolarinqologiya və baş-boyun cərrahiyyəsinin bütün əsas istiqamətləri üzrə son elmi nailiyyətlərin, müasir müalicə metodlarının və innovativ yanaşmaların müzakirəsi üçün mühüm beynəlxalq platforma olub.
Konqres çərçivəsində professor Vəfa Pənahian iki paneldə məruzə ilə çıxış edib. O, “Xolesteotoma və cərrahi müalicəsinin optimallaşdırılması” və “Timpanoplastika: greft və regenerativ strategiyalar” mövzularında təqdimatlar edərək bu istiqamətlər üzrə elmi və klinik təcrübəsini beynəlxalq mütəxəssislərlə bölüşüb.
Dosent Sara Ağalar isə konqres çərçivəsində keçirilən Rinologiya Beynəlxalq Simpoziumunda “Kəskin sinusitlərin ağırlaşmaları: mövcud faktlar və təcrübə” mövzusunda mühazirə ilə çıxış edib.
Bununla yanaşı, Sara Ağalar Otologiya Elmi Qrupunun təşkil etdiyi dəyirmi masada “Orta otitlərin fəsadları” mövzusunda təqdimatla iştirak edib. O, müzakirələr zamanı öz klinik təcrübəsini bölüşüb, müxtəlif ölkələrdən olan həmkarları ilə fikir və təcrübə mübadiləsi aparıb.
ATU nümayəndələri konqres günlərində keçirilən müxtəlif elmi görüşlərdə, müzakirələrdə və peşəkar fikir mübadilələrində də iştirak ediblər. Görüşlər zamanı otorinolarinqologiyanın aktual problemləri, müasir diaqnostika və müalicə üsulları, yeni texnologiyaların tətbiqi, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, IFOS – Beynəlxalq Otorinolarinqologiya Cəmiyyətləri Federasiyası (International Federation of Otorhinolaryngology Societies). ümumdünya konqreslərinin davamlı şəkildə keçirilməsini təmin etmək məqsədilə 1965-ci ildə təsis edilib.

































































