ATU yeni tələbələrini qarşıladı: I kurs tələbələri ilə görüşlər keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) 2026–2027-ci tədris ilində I kursa qəbul olunan tələbələrlə ənənəvi tanışlıq görüşləri keçirilib.
Görüşlərdə fakültə dekanları, dekan müavinləri, akademik məsləhətçilər, müəllimlər, fəal tələbələr və yeni tələbələrin valideynləri iştirak ediblər. Görüşlərin əsas məqsədi tələbələri fakültələrin tədris mühiti, daxili qaydaları və universitet həyatı ilə tanış etmək, onların yeni mühitə uğurlu adaptasiyasına dəstək olmaq olub.
Tələbələri universitetə qəbul olunmaları münasibətilə I Müalicə-profilaktika fakültəsinin dekanı dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı dosent Elmira Əliyeva, İctimai səhiyyə fakültəsinin dekanı dosent Qalina Qəniyeva və Əczaçılıq fakültəsinin dekanı dosent Fərəh Mədətli təbrik ediblər.
Dekanlar yeni tələbələrə uğurlar arzulayaraq, onları seçdikləri ixtisasa məsuliyyətlə yanaşmağa, daim öyrənməyə və öz üzərlərində işləməyə çağırıblar. Çıxışlarda həkim və digər səhiyyə mütəxəssisi kimi formalaşmağın ilk gündən ciddi əmək, intizam və yüksək məsuliyyət tələb etdiyi vurğulanıb.
Görüşlər zamanı tələbələrə universitetin tədris prosesi, davamiyyət və qiymətləndirmə sistemi, daxili intizam qaydaları, akademik məsləhət imkanları, tələbə təşkilatları, universitet klinikaları və digər imkanlar barədə məlumat verilib.
ATU İctimai Nəzarət və Məsləhət Şurasının sədr müavini Aida Bəndəliyeva da görüşlərdə çıxış edərək tələbələri təbrik edib və Şuranın tələbələrin müraciət və təkliflərinin nəzərə alınmasında rolu barədə məlumat verib.
Yeni tələbələrin valideynlərinə də övladlarının universitet həyatına uyğunlaşması və təhsil prosesində onlara dəstək göstərilməsi ilə bağlı tövsiyələr verilib.
Görüşlərin sonunda I kurs tələbələri və onların valideynləri fakültə əməkdaşları və fəal tələbələrin müşayiəti ilə tədris korpusları, auditoriyalar və universitetin digər infrastrukturu ilə tanış olublar.






























































