Regionlarda hemofiliyanın müasir müalicə üsulları müzakirə olunub
TƏBİB və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” layihəsi çərçivəsində regionlarda silsilə elmi-praktik seminarlar uğurla keçirilib.
Layihənin məqsədi hemofiliya və qanın laxtalanma pozuntularının müasir müalicəsi sahəsində həkim və xüsusilə orta tibb işçilərinin bilik və bacarıqlarını artırmaq, beynəlxalq təcrübəyə əsaslanan yanaşmaları təşviq etməkdir.
Bu məqsədlə Gəncə Şəhər Birləşmiş Xəstəxanasında, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında, Sumqayıt Tibb Mərkəzində və Quba Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminarlar baş tutub.
Eyni zamanda tədbir çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Fizioterapiya şöbəsinə baxış keçirilib, qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapevtik müalicənin rolu barədə müzakirə aparılıb.
































































