Kardiologiyada maqnit-rezonans tomoqrafiyasının rolu
Ürəyin maqnit-rezonans tomoqrafiyası (ürək MRT-si, CMR) ürəyin morfologiyasını, funksiyasını və miokard toxumasının strukturunu kompleks şəkildə qiymətləndirən müasir qeyri-invaziv görüntüləmə metodudur. Metod ionlaşdırıcı şüalanmadan istifadə etmir, yüksək məkan və kontrast rezolyusiyasına malikdir və nəticələrin təkrarlana bilməsi ilə seçilir. Hazırda ürək MRT-si bir sıra klinik vəziyyətlərdə diaqnostika, riskin qiymətləndirilməsi, müalicə taktikasının seçilməsi və dinamik müşahidə üçün mühüm rol oynayır.
Ürəyin morfologiyası və funksiyasının qiymətləndirilməsi
Hərəkətli görüntüləmə vasitəsilə sol və sağ mədəciyin həcmləri, atım fraksiyası, miokard kütləsi, regional divar hərəkətləri və qapaq aparatının fəaliyyəti dəqiq qiymətləndirilir. Ürək MRT-si xüsusilə sağ mədəciyin ölçü və funksiyasının təyin edilməsində referens metod hesab olunur. Buna görə də anadangəlmə ürək qüsurları, ağciyər hipertenziyası və aritmogen sağ mədəcik kardiomiopatiyasının qiymətləndirilməsində xüsusi əhəmiyyət daşıyır.
Miokard toxumasının xarakterizasiyası
Ürək MRT-sinin digər görüntüləmə metodlarından əsas üstünlüyü miokard toxumasının xüsusiyyətlərini in vivo müəyyən edə bilməsidir. Gecikmiş qadolinium kontrastlanması — late gadolinium enhancement (LGE) — nekroz və fibroz sahələrini aşkar edir. LGE-nin lokalizasiyası və yayılma forması işemik və qeyri-işemik miokard zədələnməsinin diferensial diaqnostikasına imkan verir. İşemik zədələnmədə kontrastlanma adətən subendokardial və ya transmural, qeyri-işemik patologiyalarda isə midmiokardial, subepikardial və ya ocaqlı xarakter daşıyır.
T1 və T2 mapping kimi parametrik xəritələmə metodları miokarddakı diffuz dəyişiklikləri kəmiyyətcə qiymətləndirir. Nativ T1 və ekstrasellülar həcm fraksiyası (ECV) diffuz fibroz və infiltrativ proseslər haqqında məlumat verir. T2 mapping isə miokard ödeminin müəyyən edilməsində istifadə olunur. Bu metodlar miokardit, ürək amiloidozu, Anderson–Fabri xəstəliyi, dəmir yüklənməsi və digər sistem xəstəliklərinin erkən diaqnostikasında xüsusi əhəmiyyətə malikdir.
İşemik ürək xəstəliyi
Stress-perfuziya MRT-si farmakoloji yük zamanı miokard perfuziyasını qiymətləndirərək hemodinamik əhəmiyyətli işemiyanı aşkar edə bilir. Miokard infarktından sonra LGE görüntüləri infarkt zonasını, transmural zədələnmə dərəcəsini, mikrovaskulyar obstruksiyanı və intramiokardial hemorragiyanı göstərir. Fibrozun transmural yayılmasının qiymətləndirilməsi revaskulyarizasiyadan sonra miokard funksiyasının bərpa ehtimalını proqnozlaşdırmağa kömək edir.
Kardiomiopatiyalar və proqnostik qiymətləndirmə
Hipertrofik, dilatasion, aritmogen və infiltrativ kardiomiopatiyalarda ürək MRT-si diaqnozun dəqiqləşdirilməsi ilə yanaşı, aritmik və klinik riskin qiymətləndirilməsinə imkan verir. Fibrozun mövcudluğu və həcmi ürək çatışmazlığının proqressivləşməsi, mədəcik aritmiyaları və qəfil ürək ölümü riski ilə əlaqəli ola bilər.
Ürək MRT-sinin istifadəsi zamanı implantasiya olunmuş cihazların MRT-yə uyğunluğu, böyrək funksiyası, qadolinium kontrastına göstəriş və əks-göstərişlər əvvəlcədən qiymətləndirilməlidir. Müasir MRT-şərti kardiostimulyator və defibrilyatorların əksəriyyətində müvafiq təhlükəsizlik protokollarına riayət edilməklə müayinə aparıla bilər.
Beləliklə, ürək MRT-si yalnız anatomik görüntüləmə metodu deyil, ürəyin morfologiyasını, funksiyasını, perfuziyasını və toxuma tərkibini eyni müayinə çərçivəsində qiymətləndirən kompleks diaqnostik platformadır. Onun klinik qərarvermə prosesinə düzgün inteqrasiyası diaqnozun dəqiqliyini artırır, fərdiləşdirilmiş müalicə seçiminə və xəstələrin daha düzgün risk stratifikasiyasına şərait yaradır.
Yasmin Rüstəmova
ATU-nun I Daxili xəstəliklər kafedrasının dosenti, t.e.d.






































































