ATU-nun Tədris Stomatoloji Klinikası “Sağlam əməkdaş – güclü kollektiv” adlı proqrama start verir

Hit: 151
ATU-nun Tədris Stomatoloji Klinikası “Sağlam əməkdaş – güclü kollektiv” adlı proqrama start verir
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası “Sağlam əməkdaş – güclü kollektiv” adlı korporativ stomatoloji proqramın icrasına başlayır. 
 
Bu istiqamətdə səyyar stomatoloji xidmət prinsipinə əsaslanan ilk tədbir 20 avqust 2026-cı il tarixində Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində (ADDYİ) qurumun əməkdaşları üçün təşkil olunacaq. Təşəbbüs Tədris Stomatoloji Klinika ilə ADDYİ arasında həyata keçirilən korporativ əməkdaşlığın və qarşılıqlı razılaşmaların nəticəsidir. 
Əməkdaşlıq çərçivəsində Dəmir Yolu İdarəsinin əməkdaşlarına iş yerində stomatoloji xidmətlərdən yararlanmaq imkanı yaradılacaq. Səyyar xidmət zamanı əməkdaşlara stomatoloji müayinə, ilkin konsultasiya, ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi və profilaktik tövsiyələr təqdim olunacaq. Razılaşmaya əsasən əməkdaşlara klinikada davamlı müalicə zamanı xüsusi korporativ şərtlər təqdim edilə bilər. Bu şərtlərə ilkin konsultasiya, müayinə və müalicə planı, xüsusi endirimlər; ailə üzvləri üçün ayrıca güzəştlər və profilaktik müayinələrin təşkili daxildir. 
 
Bu əməkdaşlıq modeli işçilərin sağlamlığının qorunmasına, stomatoloji xidmətlərə əlçatanlığın artırılmasına və iş yerində tibbi xidmətlərin təşkilinə yönəlib. 
ATU-nun Tədris Stomatoloji Klinikası dövlət qurumları, müəssisə və təşkilatlarla əməkdaşlıq çərçivəsində “Sağlam əməkdaş – güclü kollektiv” korporativ stomatoloji proqramının əhatə dairəsini  daha da genişləndirməyi və əməkdaşlara müasir, əlçatan və keyfiyyətli stomatoloji xidmətlər təqdim etməyi planlaşdırır. 






Redaktorun seçimi