Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu
Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti təlimlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında və Quba Rayon Məkəzi Xəstəxanasında keçirilib.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlimdə İsmayıllı Regional Xəstəxanasının və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimləri, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzləri, tibb məntəqələrinin həkim-terapevt, pediatr və tibb bacıları iştirak edib.
Quba Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlimdə isə Quba Regional Xəstəxanasının və Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimləri, ailə sağlamlıq mərkəzlərinin, həkim və tibb məntəqələrinin terapevt və pediatrları iştirak edib.
Təlimlər Ağciyər Xəstəlikləri Mərkəzinin İsmayıllı Regional Xəstəxanasının baş həkimi Anar Məmmədov və Quba Regional Xəstəxanasının baş həkimi İlhamə Həsənova tərəfindən keçirilib.
Təlimlərdən əvvəl Ağciyər Xəstəlikləri Mərkəzinin müəssisələri haqqında videoçarx nümayiş etdirilib.
Təlimlər zamanı vərəmin erkən aşkarlanmasının əhəmiyyəti, risk qruplarının vaxtında müayinəyə cəlb edilməsi, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi, pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi, müalicəyə sadiqliyin artırılması, dərman vasitələrinin pasiyentlərə çatdırılması və VOT - videonəzarətli müalicə xidmətinin əhəmiyyəti müzakirə olunub.
Həmçinin ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında səmərəli və əlaqələndirilmiş əməkdaşlığın xəstəliyin yayılmasının qarşısının alınmasında və müalicə nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.
Təlimlər təqdimatlar, sual-cavab sessiyaları və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.





































































